Azərbaycanda keçiriləcək seçkilər Cənubi Qafqaz və dünya üçün mühüm hadisədir

post-img

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri əlamətdar gün kimi ölkəmizin siyasi tarixində mühüm yer tutacaq. Hazırda bu qərar dünyadakı müxtəlif dairələrdə ölkədə mövcud olan müsbət siyasi dinamika ilə bağlı müzakirəyə səbəb olub. Bölgədəki geosiyasi dəyişikliklər və reallıqlar fonunda bu hadisə Azərbaycanın və qonşu ölkələrin gələcəyinə ciddi təsir göstərə bilər. 

Bu fikirləri XQ-yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov söylədi. 

O bildirdi ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri yeni siyasi mərhələyə keçid olması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, geosiyasi vəziyyətin dəyişməsi, xarici və daxili amillər, strateji maraqlarla bağlı ola bilər: “Azərbaycan Cənubi Qafqaz regionunda əsas aktordur və bir çox dünya dövlətləri, o cümlədən Türkiyə, Rusiya, Avropa İttifaqı və ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Seçkilərin nəticələri geosiyasi münasibətlərə və regionda təsirlərin tənzimlənməsinə, o cümlədən enerji və nəqliyyat marşrutlarına, eləcə də hərbi-strateji əməkdaşlığa təsir göstərəcək. Ümumiyyətlə, seçkilərin nəticələri qlobal siyasi xəritəyə, regional münasibətlərin formalaşmasına və beynəlxalq əməkdaşlığın dinamikasına geniş təsir göstərə bilər. Növbədənkənar prezident seçkiləri təkcə ölkəmiz üçün deyil, bütün Cənubi Qafqaz və bütövlükdə dünya üçün mühüm hadisədir”.

Analitik əlavə etdi ki, Azərbaycanda keçirilən ədalətli və şəffaf seçkilər regionun və dünyanın digər ölkələri üçün nümunə ola bilər. 

 

Rizvan FIKRƏTOĞLU

XQ

Siyasət