LIDER – XALQ BİRLİYİ: SÖZÜMÜZ İMZAMIZDIR!

post-img

20 il: uğurlu diplomatiya marafonu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 illik prezidentlik fəaliyyəti dövründə bütün dünyada və bölgədə ge­dən mürəkkəb dağıdıcı proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişafını təmin edən, müstəqil, çoxşaxəli xarici siyasət kursunu uğurla həyata keçirib. Ölkə rəhbəri 20 il əvvəl xalqa təntənəli surətdə verdiyi vədə əməl edib, respubli­kamızı regionun ən inkişaf etmiş ölkəsinə çevirmək proqramını gerçəkləşdirib. 

Azərbaycan hazırda məqsədyönlü və milli maraqlara əsas­lanan xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji layihələri, regio­nal inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın reallaşmasında mühüm rol oynayır. Azərbaycan, eyni zamanda, dünyada sülhyarat­ma prosesini fəal şəkildə dəstəkləyir, günün önəmli təklif və təşəbbüslərini beynəlxalq aləmin diqqətinə çatdırır, regional təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Bütün bunlar isə ölkəmizin dünya birliyində də mövqelərinin getdikcə möhkəmlənməsinə xidmət edir. 

Prezident İlham Əliyevin müstəqil uğurlu xarici siyasət yü­rütməsini bir daha təsdiq edən bir məqamı xatırlamamaq ol­mur. 2020-ci ilin yanvar ayında Dünya İqtisadi Forumu çərçivə­sində keçirilən panel iclasında iştirak edən Azərbaycan rəhbəri moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yox­sa Pekinə?” sualına dövlət başçısı “Bakıya” cavabını verir. Prezident İlham Əliyevin bu sözləri Azərbaycanın heç bir ölkə­dən asılı olmayan, milli maraqlara əsaslanan müstəqil siyasət yürütdüyünün parlaq ifadəsidir.

MÜSTƏQİL VƏ DÜŞÜNÜLMÜŞ SİYASƏTİN TƏNTƏNƏSİ

Azərbaycan son 20 il ərzində milli maraqları daim önə çəkib. Regionda strateji əhəmiyyətli hər bir layihə respublikamızın razı­lığı ilə reallaşdırılıb. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən Ba­kı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP və digər layihələrin uğurla icrası ölkəmizi qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik dövlət kimi tanıdıb. 

Həmin layihələr, eyni zamanda, ölkəmizin Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyi­nin təmin olunmasında əhəmiyyətli rol oynayıb. Bir sözlə, Azər­baycanın enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət göstərib. Bununla da Azər­baycan regionda, eləcə də beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir etmək imkanı qazanıb. 

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı, nüfuzlu tərəfdaş kimi tanınan Azərbaycan həm də bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir: 

– 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunları ölkəmizdə keçirilib; 

– Azərbaycan 2017-ci ildə IV İslam Həmrəylik oyunlarına evsahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolu­nu oynayıb və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə verib;

– 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü reallaşıb və quruma sədrlik Azərbaycana həvalə edilib;

– 2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərə­katına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçirilib və Azərbaycana tərkibində BMT-yə üzv döv­lətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quru­ma 3 il müddətinə sədrlik etmək hüququnun verilib; 

– həmin ilin noyabrın 14-də Azərbaycan paytaxtı Dünya dini liderlərinin II Bakı Sammitinə evsahibliyi edib; 

– 2019-cu il oktyabrı 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş As­sambleyasında Azərbaycan 2022-ci ildə reallaşan Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi hüququ qazanıb və bu məclis böyük uğurla keçirilib.

“QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ!”

Prezident İlham Əliyev 20 il ərzində torpaqlarımızı düşməndən təmizləmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib. Dövlət başçısı mühüm beynəlxalq tədbirlərdə davamlı olaraq Ermənis­tanın qəsbkarlıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideo­logiyasına əsaslanan siyasət yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bəyan edib. Ölkə rəhbərinin səyi nə­ticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Av­ropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təş­kilatların qəbul etdikləri sənədlər Qarabağın azad edilməsi üçün müvafiq hüquqi baza yaradıb. Bu diplomatiya Vətən müharibəsin­də Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillərdən biri olub.

30 ilə yaxın müddətdə münaqişənin həlli ilə bağlı Ermənista­nın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişə­nin əsl mahiyyətini əks etdirməyib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Döv­lət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut edib. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin video­konfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü işğalçılıq siyasətini, Azərbaycana qarşı apardığı etnik təmizləmə­ni, davamlı dövlət terrorizmini və milli nifrət təbliğatını ifşa edən Prezident İlham Əliyev təcavüzkar ölkənin baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

GÜCLÜ VƏ MÜASİR ORDU QURUCULUĞU

Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində son 20 il ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyəti və milli təh­lükəsizliyinin daha da gücləndirilməsi prioritet istiqamətlər olub. Buna görə də silahlı qüvvələrimizin müasir hərbi texnika və si­lah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin ger­çəkləşdirilməsi daim diqqətə saxlanılıb. 

Ümumiyyətlə:

– 2023-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb;

–ordu ən müasir silahlar və texnika ilə təchiz olundu, 20-dən çox hərbi zavod yaradıldı, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb; 

– aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaradıb;

– hərbçilərin xidmət və məişət şəraiti əsaslı surətdə yax­şılaşdırılıb.

Bütün bunlar silahlı qüvvələrimiz dünyanın ən qüdrətli orduları sırasına daxil olması ilə nəticələnib. Bu güc-qüdrət isə Vətən mü­haribəsində Ermənistanın “qüdrətli ordu” mifini bir güclü həmlə ilə puç edib, düşmənə diz çökdürüb. 

Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycan əs­gər və zabitlərinin əsl qəhrəmanlıq və şücaət göstərdiklərini vur­ğulayaraq deyib: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qə­dər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

SUVERENLİYİN TAM BƏRPASI

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal anti­terror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suve­renliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. Həmin il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə yazıldı. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Azər­baycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 101 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgü­sünü də yenidən gerçəkləşdirdi. Prezident İlham Əliyev 2021-ci il iyulun 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yara­dılması ilə bağlı imzaladığı fərmanla tarixi ədaləti bərpa etdi. 

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız respublikamızın işğaldan azad edilmiş bütün ərazilərində – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam, Şuşa, Xocavənd, Hadrut, Ağdərə, Xocalı və Xankəndidə qürurla dalğalanır.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR TƏRƏQQİYƏ QOVUŞUR

Ötən müddət ərzində işğaldan azad edilən ərazilərin bərpasına dövlət büdcəsindən 12 milyard manatadək vəsait yönəldilib, mü­hüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilib, onlarla yaşayış məntəqəsinin təməli qoyulub. 

Artıq bir sıra şəhər, kənd və qəsəbələrdə 1276 ailə və ya 5042 nəfərin məskunlaşması təmin edilib. 2026-cı ilədək isə 34500 ailə­nin doğma torpaqlarda layiqli yaşayışı gerçəkləşdiriləcək.

Vətən müharibəsindən ötən müddətdə Qarabağ və Şərqi Zən­gəzurda yol infrastrukturun yenidən qurulması ilə bağlı çoxsaylı layihələr icra olunub. Dövlət sərhədi boyunca 1200 kilometrtlik tor­paq yol tikilib. Son 3 il ərzində işğaldan azad olunmuş ərazilərdə 101,5 kilometrlik Zəfər yolu, Şükürbəyli–Cəbrayıl, Bərdə–Ağdam, Tərtər–Suqovuşan–Talış (1-ci mərhələ), eləcə də Laçın şəhərinə girmədən alternativ yol çəkilərək istifadəyə verilib. 

Azərbaycan Prezidenti İlham Əliyevin son 20 ildə yeritdiyi düşünülmüş mükəmməl xarici siyasət xətti, apardığı çevik, tarazlı diplomatiya müstəqil dövlətimizin qarşısında duran vəzifələrin uğurla gerçəkləşdirilməsi üçün əlverişli şərait ya­radıb. Bu siyasət müstəqil dövlətimizi mötəbər söz sahibinə çevirib. Dövlət başçısının dediyi kimi, bizim sözümüz isə im­zamız kimi keçərlidir.

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı













Siyasət