Ölkəmizin gələcək siyasi və iqtisadi qüdrəti seçkilərin nəticələrindən asılıdır

post-img

2024 ölkəmizdə siyasi cəhətdən ən vacib illərdən biridir. Çünki Prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Sevindirici haldır ki, budəfəki seçkilər qalib, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda keçirilir. 

XQ xəbər verir ki, bu fikirləri  Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin  sədri Zülfiyyə Nuriyeva bildirib. 

Təşkilat sədri qeyd edib ki, xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.

Z.Nuriyeva əlavə edib ki, ümumiyyətlə müstəqillik illərində keçirilən seçkilər Azərbaycana xeyli təcrübə qazandırıb. Bunu seçkiləri izləyən beynəlxalq missiyalar da öz hesabatlarında bildiriblər. Bu seçkilərdə də Azərbaycana çoxlu sayda beynəlxalq müşahidəçi gələcəyi gözlənilir. Bu, əslində ölkədə demokratiyanın möhkəmlənməsi, eləcə də insan haqlarının qorunması istiqamətində əldə olunan nailiyyətləri təqdim etmək üçün çox yaxşı imkandır. Bundan əlavə, Azərbaycan xalqının ümumi rəyinin əsas kimin tərəfində olmasının qəti şəkildə müəyyənləşməsi baxımından seçkilərə alternativ proses yoxdur. 

XQ

Siyasət