XXI əsr “intellektual müharibələr” məngənəsində: total savaş növü

post-img

II MƏQALƏ

“XXI əsr müharibəsi” epizodlarından çıxara bildiyimiz müdriklik rəqibin dövlətçilik və siyasi strukturunu tamamilə “əritmək” imkanıdır. Bununla, onun silahlı qüvvələrini mənasız edirsən.

A.A.Karabelnikov, A.A.Solovyov

“Müdrik müharibə”nin bəşəri faciələri

Sokratın qəbri, yəqin ki, çat vermiş­dir. O, kütləvi qırğın törətməyi, dövləti və siyasi strukturu “müdriklik” adlandıranla­rı anlayardımı? Görəsən, Makedoniyalı İsgəndər belə bir bənzətmə aparsaydı, Aristotel ona neçə şallaq vurdurardı? Yaxud özünün “Nikomaxova etika”sını yazardımı?

Çin “Böyük modernləşmə” adı altında fəaliyyət planı və ya kursu kimi ölkənin hərtərəfli tərəqqisini nəzərdə tutur. Orada ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi aktuallıq­la vurğulanır. Pentaqonun məruzəsindən görünür ki, Çin “Böyük modernləşmə” de­dikdə məhz insan intellektinin ən son nai­liyyətlərinin davamlı olaraq Çinin müdafiə konsepsiyasında, ordu quruculuğunda geniş istifadə edilməsini diqqətdə saxla­yır. Amerikalıların təxmininə görə, bunu bir neçə mərhələdə həyata keçirmək niy­yətindədirlər. Cəmi 7 mərhələ olmalıdır. Artıq Çin 5-ci mərhələni başa vurmuşdur. 2027-ci ildən “Böyük modernləşmə”nin yeni mərhələləri dövriyyəyə girməlidir. Proses 2049-cu ildə tamamlanmalıdır ki, nəticədə Çin ordusunun dünya miqyasın­da birinci yeri tutması təmin olunmalıdır. 

Biz burdan o tərəfə ayrıntılar üzərində dayanmaq istəmirik. Çünki məqsəd Çinin modernləşməsini təhlil etməkdən ibarət deyildir. Burada bizim üçün maraqlı olan insan intellektinin nailiyyətlərindən hansı yöndə və necə istifadə etmək məqsədi­nin araşdırılmasıdır.

Belə görünür ki, Çin süni intellekt də daxil olmaqla insan zəkasının bütün po­tensialından müxtəlif sahələrdəki rəqa­bətdə üstünlüyü ələ almaq üçün yararlan­mağa çalışır. Və bu özəllik yalnız Çinə aid deyil. ABŞ, Avropa, Rusiya və digər iddialı dövlətlər məhz intellektual potensialdan başqalarından üstün olmaq (yalnız, sırf sosial, mədəni, ekoloji, elmi kimi mülki as­pektlərdə deyil) naminə maksimum istifa­də etmək niyyətindədirlər. Bəlkə də məhz bu aspektdə H.Kissincerin xəbərdarlıqları əhəmiyyət daşıyır. Burada təbii bir sual meydana çıxır: konkret olaraq intellektdən necə istifadə etmək planları vardır? 

“Vurucu zəka”: bu, doğrudanmı zəkadır?

İntellektdən istifadənin gizli üzünü görmək üçün öncə insan zəkasının xa­rakterinə baxmaq lazımdır. Qədimdən in­san zəkasının bir üzü Xeyir, digər üzü isə Şər olmuşdur. Onları filosoflar da bir-bi­rindən ayırmamışlar. Lakin XXI əsrin reallıqları göstərir ki, bu cür dixotomiya (yunancadan tərcümədə tamın “ikiyə bö­lünməsi”ni ifadə edir) artıq olduqca təh­lükəlidir. Çünki zəka elə qloballaşmış və universallaşmışdır ki, onun fəzilətli olma­sından başqa yol qalmamışdır. Fəzilətlilik isə hər şeydən öncə xeyirxahlığı, quru­culuğu, tərəqqini, birləşdirməyi tələb edir. Buna görə də əgər insan zəkası yaradıcı gücünü yeni silahlar və müharibə növləri ixtira etməyə yönəldirsə və bununla rəqib üzərində qələbə çalacağını düşünürsə, hər şeydən öncə, özünü məğlub etmiş olur. Ona görə ki, özgəsinə hərbi savaşla qalib gəlmək həmişə nisbidir. Ulu öndər Heydər Əliyev öyrədirdi ki, “heç kim əbədi qalib ola bilməz”. Xüsusilə insan zəkası­nın ən son nailiyyətlərini hərbi savaşlara yönəltməyin nəticələri çox ağır ola bilər. 

Bunlar göstərir ki, insan intellektindən yeni müharibə növləri kəşf etmək və yeni silahlar icad etmək üçün istifadə ümum­bəşəri fəlakətlərə aparıb çıxarır. Lakin bu prosesi hələ dayandıran yoxdur. Əksinə, böyük güclər yeni-yeni müharibə növləri axtarmaqdadırlar. 

“Hibrid müharibə”: gizli, səngərsiz və məkrlı

“Hibrid müharibə” (hybrid warfare) konsepsiyasının müəllifi keçmiş dəniz pi­yadası, hazırkı ABŞ Müdafiə Nazirliyinin elmi əməkdaşı Frenk Hoffmandır. Onun tərifində vurğulanır ki, hibrid müharibədə hücum edən tərəf klassik üsuldan istifadə etmir. Lakin öz rəqibini gizli əməliyyatlar, təxribatlar, kibersavaşlar vasitəsilə məhv edir. Bu zaman düşmən ərazisində olan qruplarla əməkdaşlıq mümkündür. Ma­raqlıdır ki, hibrid müharibə real olaraq hərbi texnika vasitəsilə aparılmaya da bilər. Burada informasiya texnologiyası ilə təxribat, düşmən içində olan cinayət­kar qruplar, müxtəlif etirazçılar, üsyançı­lar ön plana çıxarılır. Məsələn, bir ölkə ilə hibrid savaş həmin ölkə daxilində cinayətkar qrupların fəallaşması forma­sında aparıla bilər. Kənardan baxan­da mənzərə cinayətkarların bir-biri ilə hesablaşması kimi görünür. Lakin onu kənardan xüsusi qrup idarə edir və pro­sesi maksimum dərəcədə uzadır. Sonu bitməyən cinayətkarlar savaşı tədricən cəmiyyətin şüurunu kriminallaşdırır, onu mənəvi-əxlaqi cəhətdən parçalayır və so­sial mühit ayrı-ayrı fraqmentlərə bölünür.

Son illər bu əlamət əsas olaraq bir neçə istiqamətdə özünü daha çox göstə­rir. Narkoticarətlə məşğul olan qrupların bir-biri ilə hesablaşması və “qanuni oğru­lar”ın qarşıdurması. Bu iki prosesi bir-biri ilə əlaqələndirirlər də. Elə görünür ki, söh­bət nüfuz dairəsinin qruplardaxili paylaş­masından gedir. Bunu təmin edən xüsusi KİV orqanlarıdır. Onlar hadisələri məhz xüsusi xidmət orqanlarının qarışmadığı və cinayətkarların bir-biri ilə savaşdığı kimi təqdim edirlər. Deməli, burada təx­ribat, aravurma və informasiya manipul­yasiyaları ciddi surətdə dövriyyədə olur. Nəticədə hətta böyük ölkələrdə belə nar­kobaronların və “qanuni oğrular”ın savaşı cəmiyyəti silkələyir, insanların psixologi­yasına kriminallığın müsbət obrazını ye­ritmək imkanı qazandırır. 

İctimai şüur üçün cinayətkarlıq nü­munə olursa, həmin cəmiyyətin əsl inki­şafı mümkün deyildir – o, sonu olmayan intriqalar, hesablaşmalar və bir-birinə nifrət bəsləmək kimi “ölüm dairəsi”nə dü­şür. Bununla hibrid müharibə uzun sürən prosesdə sifarişçinin bir güllə belə atma­dan cəmiyyətin daxildən özünü parçala­ması kimi məqsədinə çatmış olur. 

Tədqiqatçılar hibrid müharibə ilə bağ­lı başqa bir maraqlı məqamı da vurğula­yırlar. Onlar bu savaş növünü “kəskinləş­miş siyasi böhran”dan yüksək səviyyədə görürlər. Hesab edirlər ki, siyasi böhranın ən kəskin mərhələsində məhdud miqyas­da hərbi güc tətbiq edilə bilər (əsas olaraq muzdlular, “proksilər” vasitəsilə). Lakin bu zaman siyasi, informasiya-psixoloji, iqtisadi və s. vasitələrdən daha geniş is­tifadə olunar. 

Bir başqa yanaşmada (Con Makkey­nin yanaşmasında) simmetrik və asim­metrik hərbi əməliyyatların bir-biri ilə kombinasiyası önə çəkilir. Onda bütün müharibə növləri potensial olaraq hibrid müharibə kimi təsəvvür oluna bilər. 

Konsepsiyanın müəllifi F.Hoffman isə hibrid müharibəni daha geniş kontekstdə xarakterizə edir. O, simmetrik, asimmet­rik hərbi əməliyyat aparmağı savaşın “hibridliyi”nin alt elementləri kimi təq­dim edir. Hibrid müharibə prinsipcə çox müxtəlif üsullarla aparıla və çoxvariantlı ola bilər. Bura dövlər sistemindən kənar hərbi qruplaşmalar, terror aktları və krimi­nalların yaratdığı xaos da daxildir. Təbii ki, bu cür müxtəliflik avtomatik olaraq insan intellektinin nailiyyətlərindən maksimum istifadəni nəzərdə tutmalıdır. Burada süründürməçi partizanlıq, tələ qurmalar, kustar üsulla düzəldilmiş partlayıcılar və qətllər yer alır. Dövlətin yüksək texnoloji imkanları ilə (məsələn, kibersavaş apar­maq imkanları, maliyyə savaşları və s.) münaqişənin fiziki və psixoloji aspektlə­rinin sinergetik effektinə nail olmaq bu prosesdə bir-birini tamamlayır. 

Deməli, hibrid müharibədə başlıca məqam savaşda fiziki, psixoloji, sosial, humanitar, kriminal, maliyyə, siyasi, iqti­sadi, idarəetmə, mədəni, əxlaqi, mənəvi və s. sferaların sinergetik effekt üzrə iflic edilməsi məqsədi qarşıya qoyulur. 

İntellekt belə dəhşət yaratmalıdırmı?

Bu qısa təqdimatdan belə aydın olur ki, hibrid müharibə hansı səviyyədə məhvedici və dağıdıcıdır. Burada klassik mənada “adam kimi savaşmaq” qaydası yoxdur. Qarşı tərəfi məhv etmək üçün bütün mümkün üsullardan istifadə edilir. İnsan zəkasının hərbi taktika və strategi­ya ilə bağlı əldə etdiyi nailiyyətlər, hərbi texnika, lokal hərbi əməliyyatlar, informa­siya-kommunikasiya texnologiyasından maksimum istifadə arxadan zərbələr və digər metodlar keçərlidir. Hətta cinayət­karlar da müharibəyə gizli və hiyləgərcə­sinə daxil edilir. 

Belə bir şəraitdə müharibəni necə qa­zanmaq olar? Və, ümumiyyətlə, bu cür müharibəni udmaq nə deməkdir? Bu su­ala özünü qalib tərəf sayan da cavab verə bilməz. Çünki elə məhvedici proseslər baş verir ki, bütövlükdə insanlıq, bəşəriyyət iti­rir. Bu yolun həqiqi qalibi ola bilməz. Yəni hibrid müharibədə hamı uduzur! 

Daha dərindən baxanda söhbət, ümumiyyətlə, cəmiyyətlərin insan toplu­mu kimi məhv edilməsindən getdiyini an­lamış oluruq. Bu isə faktiki olaraq yekun­da dünyanı məhv etmək deməkdir. Çünki yeni intellektual müharibələri getdikcə daha çox sayda dövlətlər mənimsəyir və başqalarına qarşı istifadə edirlər. İndi bu səbəbdən kimsə təhlükədən sığortalan­mamışdır. Nümunə kimi ABŞ-da olan 11 Sentyabr terrorunu, hazırda Rusiya və İsrailin asimmetrik zərbələr almasını və dünyanın ən inkişaf etmiş ölkələrdə daxili təhlükəsizliyin təminində ciddi problemlə­rin yaranmasını göstərə bilərik. 

Digər tərəfdən, Pentaqonun məruzə­si də göstərir ki, Çin kimi yüksək texno­logiyalar izində olan ölkələr intellektdən həm də başqasına qarşı gizli, sürətli, genişmiqyaslı, qarşısının alınması daha üstün intellekt tələb edən həmlələr kimi istifadə etməyə başlayıblar. 

İndi dünyaya bu cür proseslərin getdiyi mürəkkəb sistem kimi baxaq. Asan görünür ki, insan intellektinin kreativ gücü sinergetik effektlə daha təhlükəli olur. Bu güc bir-biri ilə uzlaşanda böyük dağıdıcı qüvvəyə çev­rilir. Bu da o deməkdir ki, potensial olaraq dünya qlobal sistem kimi özünü məhv et­mək imkanına malik olmuşdur! 

Nə qədər paradoksal olsa da, intel­lekt faktiki olaraq özü-özünü məhv etmə­yin astanasına çatmışdır. Doğrudanmı, o, inkişafının “doyma nöqtəsi”ndədir və qısa müddətdə bunu real faciəyə çevirə bilər? Bu sualın cavabı qeyri-müəyyəndir və biz­cə, kökü sosial mühitdədir. Yəni söhbət insan intellektindən gedirsə, onun necə fəaliyyət göstərməli olduğunu da insan həll edir! Deməli, humanist, fəzilətli insan olduğu yerdə intellekt təhlükəli deyildir. Onu təhlükəli edən insanların niyyətləridir. 

O baxımdan hibrid müharibəni nəzə­ri araşdıranlar “hibrid sülh” anlayışını da daxil edirlər. Beləliklə, bütövlükdə, “hibrid müharibənin hibrid sülhü” kimi əcaib bir ifadə formalaşır. Belə çıxır ki, sülh, barış “hibriddirsə”, onda onun müharibəsinin də “hibrid” olması normaldır. Elə məsələ də həmin “normallıq təsəvvürü” ilə əlaqə­lidir. Şüurun bu “normal vəziyyətə” alış­ması faciənin başlanğıcı olur. 

Onu deyək ki, bu əcaib “sülh küləyi” Cənubi Qafqaza da gəlib çatmışdır. Ana­litiklər Azərbaycanla Ermənistan arasın­da sülhü “situativ sülh”, yəni müvəqqəti, keçici sülh, başqa məqamda asanlıqla pozula bilən ortaq razılıq durumu kimi ifa­də edirlər. Burada hər hansı təminatdan və etibardan söhbət gedə bilməz. Onda bu vəziyyət niyə sülh adlanır?

Bu suala cavab axtaran yoxdur, lakin diplomatların “hibrid razılaşmaya gələ bilib-bilmədikləri ilə bağlı suallar qoyu­lur. Budur, artıq politoloqlar və analitiklər sualı belə qoyurlar: “əgər hibrid mühari­bə varsa, onu hibrid sülhə transforma­siya etmək olarmı?” (bax: Тимофеев, И. Гибридная война и гибридный мир РСМД, 04.10.2023// https://russi­ancouncil.ru/analytics-and-comments/ analytics/gibridnaya-voyna-i-gibridn­yy-mir/. 

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət