Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın son səfəri münasibətləri daha da möhkəmləndirəcək

post-img

Azərbaycan beynəlxalq qurumlar çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, BƏƏ 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Məhz bu dövrdən başlayaraq iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib. Zaman keçdikcə bu münasibətlər yüksəliş tendensiyasını qoruyub-saxlayıb və son 5 ildə iki dövlət arasında ticarət nəzərəçarpacaq dərəcədə artıb. Nəticəd 2011-ci ildə isə BƏƏ-nin Bakıda səfirliyinin açılması ilə münasibətləri daha da möhkəmlənib. O cümlədən, Dubay Ticarət və Sənaye Palatasının ilk xarici filialı da məhz Azərbaycanda açılıb. Hazırda Bakı Dubay Palatası regionun digər ölkələri üçün qapıya çevrilib və həmçinin, azərbaycanlı iş adamlarının və şirkətlərin BƏƏ-də iqtisadi imkanlara çıxışının asanlaşdırılmasına öz töhfəsini verir. Bu iki ölkə hökumətləri arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə birgə komitənin yaradılması ilə əlaqələr daha da möhkəmlənib, görüşlər, biznes forumlar keçirilib, hər iki ölkədə keçirilən sərgilərdə bir çox şirkətlərin iştirakı təmin edilib.

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana son səfərinin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyini əminliklə söyləmək olar. Onun 2024-cü ildə ilk xarici səfərini Bakıya etməsi yüksək xətlə inkişaf edən münasibətlərin kulminasiya nöqtəsidir. Görüşlər, müzakirələr və qarşılıqlı səfərlər iki ölkə arasında əlaqələrin spesifikliyini, liderlərinin davamlı məsləhətləşmələr və əlaqələndirmə yolu ilə onları inkişaf etdirmək istəyini göstərir. İki ölkə arasında danışıqlar genişlənməkdədir. Belə ki, 9 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyevlə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub. Bu zaman hər iki lider BƏƏ ilə Azərbaycan arasında, xüsusilə bərpa olunan enerji və iki ölkədə davamlı inkişafa xidmət edən digər sahələrdə birgə əməkdaşlığın inkişaf səviyyəsini nəzərdən keçiriblər. Eyni zamanda tərəflər bir sıra regional və beynəlxalq məsələlər və ümumi maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar. Qeyd etmək lazımdır ki, müzakirələr iki liderin 2023-cü il noyabrın 30-dakı görüşündən bir həftə sonra baş tutub. Görüşdə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Prezident İlham Əliyev iki ölkə arasında ikitərəfli əlaqələri və onların müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını, həmçinin regional və beynəlxalq miqyasda ümumi maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. 

O cümlədən, COP28 konfransı zamanı təqdim olunan məsələlər, hadisələr və təşəbbüslər, iqlim dəyişikliyi təhlükəsi və onun fəsadları ilə mübarizə aparmaq üçün effektiv kollektiv beynəlxalq mövqenin qurulmasında konfransın əhəmiyyəti və onun dünyaya təqdim etdiyi böyük imkanlar nəzərdən keçirilib. BƏƏ ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələri davamlı olaraq yüksəlişdədir. Bu iki ölkə arasında qeyri-neft ticarətinin ümumi həcmi son 5 ildə 270 faiz artaraq 2018-ci ildəki 974,2 milyon dirhəmdən (451 milyon AZN) 2022-ci ildə qeydə alınan rəqəmlərə, yəni 3,6 milyard dirhəmə (1 milyard 482 milyon AZN) çatıb. Bu göstərici isə 2021-ci il ilə müqayisədə 46 faiz artım deməkdir.

Azərbaycan ilə BƏƏ arasında ən son əməkdaşlıq sazişləri çərçivəsində BƏƏ-nin İnvestisiya Nazirliyi ilə Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə əməkdaşlığın genişləndirilməsi, investisiyaların asanlaşdırılması məqsədi ilə ötən ayın ortalarında anlaşma memorandumu imzalanıb. Həmin gün Əbu-Dabidə yerləşən ADQ investisiya holdinqi Azərbaycanın İnvestisiya Holdinq Şirkəti (AİH) ilə prioritet investisiyalara yönəlmiş birgə layihənin həyata keçiriləcəyini elan edib. Prioritet investisiyalar dedikdə isə kənd təsərrüfatı, texnologiya, əczaçılıq və enerji infrastrukturu sektorları nəzərdə tutulur. 5 dekabr tarixində ADNOC və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında aşağı emissiyalı enerji texnologiyalarının potensial inkişafı üzrə strateji əməkdaşlıq sazişi imzalanıb. Qeyd edək ki, bu saziş BƏƏ və Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığa, həmçinin ötən ilin avqustunda ADNOC-un Azərbaycanda Abşeron qaz yatağında 30% payı və ADNOC-un “Masdar”dakı payını almasına əsaslanır. 26 oktyabr tarixində isə Əmirliyin “Masdar” şirkəti Azərbaycanda 230 meqavat gücündə Qaradağ Günəş enerjisi kompleksinin işlənməsini başa çatdırıb ki, bu da regionda ən böyük layihə və Azərbaycanda xarici sərmayəyə əsaslanan ilk müstəqil Günəş enerjisi layihəsidir.

Azərbaycan və BƏƏ ölkələri arasında təmiz və bərpa olunan enerji sahəsində davamlı əməkdaşlıq onların hazırda bəşəriyyətin üzləşdiyi ən böyük problem olan iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizədə birgə səylərini artırır. Nəzərə almaq lazımdır ki, BƏƏ COP28 Tərəfləri Konfransına ev sahibliyi etdikdən sonra Azərbaycan cari il ərzində konfransın növbəti sessiyasını qəbul edəcək. Bu münasibətlə isə əmirliyin bir sıra nazirləri və dövlət xadimləri Azərbaycanı təbrik edib, sıx əməkdaşlıq arzusunda olduqlarını dilə gətiriblər.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında həm diplomatik, həm iqtisadi, həm də digər sahələrdə yüksək xətlə inkişaf edən tendensiyanı dəstəkləyəcək, inkişaf etdirəcək.

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət