Tarixi-mədəni bağlılığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri yeni istiqamətlərdə əməkdaşlıqla daha da möhkəmlənir

post-img

Qazandığı misilsiz zəfərlərlə dünyaya səs salan Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri, heç şübhəsiz, dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.

AZƏRTAC Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dərin köklərə və dostluğa əsaslanan münasibətlərə bir daha qısa nəzər salaq.

Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

Ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənib. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib.

Xatırlatmaq yerinə düşər ki, BƏƏ-nin “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilib.

Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr indi uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb.

Dövlətimizin başçısının BƏƏ-yə növbəti səfəri bundan 10 il sonra - 2016-cı il fevral ayında reallaşıb. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.

Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bununla bağlı mövcud potensialın reallaşdırılması, investisiya qoyuluşu “yaşıl enerji” sektorunun sürətli inkişafına yol açır. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faiz çatdırılması hədəf kimi qarşıya qoyulub.

2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Bu müqavilələr əsasında qurulan əməkdaşlıq çərçivəsində 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı dost Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əlaqələrininin yüksək səviyyəsini bir daha vurğulayan Prezident İlham Əliyev deyib: “Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var”.

Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu Komissiyanın indiyədək 8 iclası keçirilib. Ümumiyyətlə, iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 94,62 milyon ABŞ dolları təşkil edib.

Ölkələrimizin əməkdaşlığı turizm sahəsindən də yan ötməyib. Belə ki, 2022-ci ildə Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayı ondan əvvəlki illə müqayisədə iki dəfədən çox artıb.

Yüksəksəviyyəli ikitərəfli əlaqələrimizin ən bariz nümunəsi isə Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı oldu.

Səfər çərçivəsində dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin əyani göstəricisi idi. Görüşdə toxunulan məsələlər iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı əməkdaşlığa marağından xəbər verirdi. Bu görüş həm də münasibətlərimizin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir.

Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edildi.

Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini əsirgəmir. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, iki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və hər iki ölkənin vətəndaşlarının rifahına xidmət göstərəcək.

Siyasət