Prezident ölkə qarşısında sağlam və dayanıqlı ətraf mühit yaradılması vəzifəsini qoyub - ŞƏRH

post-img

Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin qlobal ekoloji müzakirələrdə və iqlim dəyişikliyi ilə mübarizə səylərində fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirir. Bu sərəncam ölkə qarşısında indiki və gələcək nəsillər üçün daha sağlam və dayanıqlı ətraf mühitin yaradılmasına yönəlmiş iddialı ekoloji məqsədlər qoyur. Siyasi kontekstdə bu qərar təkcə Azərbaycanın ekoloji məsuliyyətini deyil, həm də qlobal problemlərin həllində əsas rol oynamağa hazır olduğunu vurğulayır, ölkəmizin ekoliderlik yüksəlişinə doğru addımladığını göstərir.

Bu fikirləri “XQ”-yə açıqlamasında beynalxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.

M.Dəmirovun fikrincə, 2024-cü ilin “Yaşıl dünya uğrunda həmrəylik ili” elan edilməsi kimi qərarların qəbulu və həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyev mühüm rol oynayır. Bu təşəbbüsün bir hissəsi kimi cənab İlham Əliyevin rolu Azərbaycanı dünya miqyasında təmsil edərək, qlobal təşəbbüslər kontekstində təqdim etmək və dünya problemlərinin həllində fəal iştirakçı kimi çıxış etməkdir. Bundan əlavə, strateji məqsədlərin müəyyən edilməsi istiqamətində İlham Əliyev bu təşəbbüsün strateji hədəflərini müəyyən edir, məqsədlərə çatmaq üçün hansı konkret addımların və tədbirlərin görülməli olduğunu müəyyənləşdirir. 

Resursların səfərbər edilməsi məsələsinə də toxunan analitik qeyd etdi ki, Prezident İlham Əliyev planların uğurla həyata keçirilməsi üçün istər maliyyə, istər insan, istərsə də texnoloji resursların səfərbər edilməsində mühüm rol oynayır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət