Rusiyalı deputat: Qarabağın dirçəldilməsinə kömək olmaq üçün Rusiyanın 22 layihəsi nəzərdən keçirilir

post-img

İlin sonu Rusiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və inkişafına yönələn bir neçə yüksəksəviyyəli tədbirlər və görüşlərlə əlamətdar olub. Xüsusilə dekabrın 8-də Bakıda Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 20-ci iclası keçirilib. Yubiley iclasında iştirak edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində iki ölkənin hərtərəfli əlaqələrinin hazırkı vəziyyətini dəyərləndirib.

- Dmitri İvanoviç, siz Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclasının yekunlarına görə Rusiya və Azərbaycanın hazırkı münasibətlərini necə xarakterizə edərdiniz?

-Hazırkı Rusiya-Azərbaycan münasibətləri yüksəlməkdədir, bunu iclasın gedişatında istisnasız olaraq hər iki ölkədən olan bütün məruzəçilər qeyd ediblər. Bu yüksəlişə xeyli dərəcədə qarşılıqlı inam və dövlətlərimizin başçılarının böyük səyləri kömək olub. Bu səylər sayəsində Rusiya və Azərbaycan arasında ənənəvi mehriban qonşuluq və strateji tərəfdaşlıq beynəlxalq arenada əsl müttəfiqlik münasibətlərinə çevrilib.

Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi və Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası bir çox halda ölkələrimiz və onların liderləri arasında dərin qarşılıqlı anlayış və müttəfiqlik dəstəyinin nəticəsidir.

-Azərbaycan üçün hazırda prioritetlərdən biri Qarabağ torpağında dinc həyatın tezliklə bərpasıdır. Rusiya bu prosesdə iştirak edirmi?

-Ən fəal şəkildə. Milli Məclisin deputatı Nizami Səfərovun məruzəsində statistikanın son dərəcə parlaq rəqəmləri səsləndirildi. Hazırda Azərbaycanın nazirlikləri Rusiyanın Qarabağın dirçəldilməsinə kömək olacaq 22 irimiqyaslı layihəsini nəzərdən keçirirlər. Söhbət energetikanın, kənd təsərrüfatının, dəmir yolu nəqliyyatının və s. həyati vacib sahələrdəki layihələrdən gedir.

 

-Sizcə Rusiya-Azərbaycan münasibətlərinin genişləndirilməsi üçün bu gün hansı sahələrdə vəziyyət əlverişlidir?

 

-Ənənəvi olaraq qarşılıqlı ticarət sahəsi inamla inkişaf edir. Ölkələrimiz arasında əmtəə dövriyyəsi bu ilin 10 ayı ərzində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz artıb və 3 milyard dollardan çox təşkil edib. Bu gün ticari-iqtisadi əlaqələrin genişləndirilməsində bizim ümumi prioritetlərimizdən biri şübhəsiz, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafıdır. Bu məsələlərdə müsbət dinamikanı ölkələrimizin Baş nazirlərinin müavinləri Aleksey Overçuk, Andrey Belousov və Şahin Mustafayev bu günlərdə Moskvada görüşdə müzakirə ediblər. İstehsal sahəsində kooperasiya, investisiya əməkdaşlığı da getdikcə artır. Rusiya müstəqil Azərbaycanın iqtisadiyyatına azı 8 milyard dollar, o cümlədən respublika üçün əhəmiyyətli olan neft-qaz sektoruna 6 milyard dollar sərmayə yatırıb. Mütəxəssislərin hesablamalarına görə, ümumilikdə Azərbaycan iqtisadiyyatının energetika, maşınqayırma, nəqliyyat və digər sahələrində Rusiyanın 1742 ticarət müəssisəsi fəaliyyət göstərir. Azərbaycan, öz növbəsində, Rusiya iqtisadiyyatına azı 1 milyard dollar sərmayə yatırıb.

Ölkələrimizin münasibətlərində müstəsna dərəcədə daha bir perspektivli sahə Rusiya və Azərbaycan regionlarının bilavasitə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığıdır. Təkcə Moskva və Peterburq deyil, həm də Tatarıstan, Dağıstan, Həştərxan və Volqoqrad vilayətləri – Rusiya Federasiyasının onlarca subyekti Azərbaycanla birbaşa qarşılıqlı fəaliyyət göstərir, onların bir hissəsi artıq respublika hökuməti ilə müvafiq razılaşmalara imza atıblar.

-Siz bu il Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq sahəsində hansı başlıca layihələri xüsusilə qeyd edə bilərdiniz?

-Əlbəttə, ölkələrimizin fəal mədəni əlaqələri də davam edir, həm ikitərəfli, həm də Müstəqil Dövlətlər Birliyi məkanında ali təhsil və gənclər siyasəti sahəsində birgə layihələr həyata keçirilir. Ənənəvi olaraq Azərbaycanda rus dilinə və mədəniyyətinə hörmətli münasibət “MDB-də rus dili ili”nə hər iki tərəfin yüksək dəyərləndirdiyi xeyli birgə mədəni-maarifçilik tədbirləri və maarifləndirici proqramları gətirdi. Bu il birgə mədəni layihələr üçün daha bir gözəl səbəb əlamətdar tarixin – Azərbaycan xalqının Ulu Öndəri Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi oldu. Rusiyada onun xatirə tədbirləri ən yüksək səviyyədə keçirildi.

- Yaxın gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına istiqamətlənən hansı əlamətdar hadisələr gözlənilir?

-2024-cü ildə bizi bütöv tədbirlər sırası gözləyir, bu tədbirlər Rusiya və Azərbaycana qarşılıqlı fəaliyyəti genişləndirmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq imkanı verəcək. İlk növbədə, əlbəttə ki, “Rusiya-Azərbaycan” XIII Regionlararası Forum, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Forum, Sankt-Peterburqda Avrasiya Qadın Forumu. Bu foruma Azərbaycanın qadın parlamentarilərinin səlahiyyətli nümayəndə heyəti artıq dəvət olunub. Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyası çərçivəsində fəal iş davam etdiriləcək. Komissiyanın 21-ci iclası Rusiyada 2024-cü ilin birinci yarımilində keçiriləcək.

 

İkinci Dünya müharibəsində Qələbənin 79-cu, daha sonra 80-ci ildönümünə həsr olunmuş qarşıdakı birgə mədəni-maarifləndirici vətənpərvərlik layihələrini ayrıca vurğulamaq da yerinə düşər. Rəmzi olaraq, 2025-ci il MDB-də Nasizmlə mübarizədə həmrəylik ili kimi elan olunub. Əminəm ki, ortaq qələbə haqqında bizim tarixi yaddaşımızın qorunub saxlanması, mehriban qonşuluq və dostluq ənənələrinin inkişafı Azərbaycan və Rusiya münasibətlərinin hərtərəfli möhkəmlənməsinə, bizim ortaq humanitar, iqtisadi, strateji məsələlərin səmərəli həllinə xidmət edəcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət