Gürcü politoloq: Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülh üçün böyük işlər görür

post-img

Gürcüstan hökuməti regionda baş verənləri diqqətlə izləyir. Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir və Tbilisinin böyük sülh müqaviləsinin imzalanacağı məkan olması üçün hər cür dəstək göstərməyə hazırdır.

Bu sözləri  müsahibəsində gürcü politoloq Simon Kopadze söyləyib.

Politoloq deyib: “Hərbi əsirlərin hamının-hamıya prinsipi əsasında dəyişdirilməsi ilə bağlı Azərbaycanın etdikləri təbii ki, bizi heyrətə gətirdi. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh üçün gördüyü böyük işlərin bir hissəsidir”.

S.Kopadze hesab edir ki, Prezident İlham Əliyevin məqsədyönlü, praqmatik siyasəti təkcə hərbçilərin dəyişdirilməsi ilə başa çatmadı. Həmin siyasətin nəticəsidir ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə dəstək verdi. Bu da təbii ki, çox müsbət hadisədir.

“Düşünürəm ki, tərəflərin bir-birini dəstəkləməsi tezliklə sülh müqaviləsinin imzalanacağını dmeəyə əsas verir”, - deyə politoloq vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət