Əbədiyaşar liderin ölməzlik ünvanı – ümumxalq sevgisi

post-img

Xalqları yaşadan onun dili, dini, adət-ənənələri, bir də bütün bunlara sahib çıxıb torpağı Vətən edən övladlarıdır. Torpağını qoruyub saxlaya bilməyənlər isə ya  rəzil itaətlə yaşayıb, ya da cismən məhv edilib.

Bəlli tarixdə minlərlə xalq beləcə yer üzündən silinib. Bu amansız gedişat günümüzdə də hökmünü sürdürür.  

Uzağa getməyə ehtiyac yoxdur. 1991-ci ilin sonu – 1992-ci ilin əvvəllərində düşmən tərəfindən  Qarabağda yaşayan soydaşlarımız kütləvi soyqırımı, qaçıb canını qurtara bilməyənlər isə ağır işgəncələr altında ölümə məhkum edildi. İnsanlığa humanizm və demokratiya dərsi keçən, xalqın tarix səhnəsindən silinib getməsini timsah göz yaşları ilə xatırlayan dünya ağaları bu amansızlığı siyasi xumarlıqla seyr etdilər.
 Belə bir vaxtda ölkənin idarəçilik sistemini və olan-qalan müdafiə imkanlarını ələ keçirən xəyanətkar və  iblisə uymuş qüvvələr yağının xalqımızı son nəfərinə qədər qırıb torpaqlarımıza bütünlüklə yiyələnmək qəsdinə məhəl qoymadığımız günlərdə və aylarda 2 cəbhəyə bölünüb silahı bir-birinə çevirdilər, Vətən isə işğal olunurdu. Ağlını və məsuliyyətini itirmiş bu daxili quldurlar ordunu cəbhədən geri çəkib varlığımıza qənim kəsilmiş ölkəyə bütün cəbhə boyu maneəsiz qapı açdılar. Şuşanı, Laçını, Kəlbəcəri ciddi müqavimətə rast gəlmədən ələ keçirən düşmənə Qarabağın digər 5 rayonunu da işğal etmək fürsəti qazandırıldı.

Belə bir məqamda məhv olmağa məhkum xalq xilas yolunu yaxın keçmişdə onu yumruq halına gətirib tərəqqi, milli yüksəliş yoluna çıxarmış Ümummilli lider Heydər Əliyevin hər şeyə qadir zəkasına və iradəsinə pənah apardı. Ulu Tanrının bu qüdrətli insanı milli xilas günü üçün qoruyub saxlaması xalqımıza ilahi bir dayaq oldu. 1993-cü ilin yayında xalqımızın Heydər Əliyev xilaskarlığı sayəsində kütləvi məhvdən, torpaqlarımızın bütünlüklə işğaldan xilas edilməsi tarixdə az təsadüf edilən ictimai-siyasi möcüzələrdən biri oldu.

Fikir dahilərindən birinin qeyd etdiyi kimi, ən böyük şəxslər özündən çox mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır. Məhz xalqımızın dahi övladı – ən çətin, ən ağır günümüzdə sığındığımız, ümid yerimiz Heydər Əliyev belə tarixi şəxsiyyət, seçilən insan kimi düşmənlərin arzusunu gözlərində qoydu.

Heydər Əliyev xalqın tələbi ilə o zaman hakimiyyətə gəldi ki, dövlət, millət olaraq sonu görünməyən bir faciə yaşayırdıq, məhv olmağın bir addımlığında idik. Aparılan uğursuz daxili, xarici siyasət ölkəni fəlakətə sürükləmişdi. Bir neçə ölkədən  başqa, hamı bizə ya düşmən kimi baxır, ya da toplum olaraq məhv olmağımızı, ən pis halda miskin bir həyat yaşamağımızı layiq olduğumuz aqibət kimi qarşılayırdı.
  Amma Tanrı bizim tərəfimizdə idi, çünki bu xalqa Heydər Əliyev kimi əvəzolunmaz, yenilməz bir lider bəxş etmiş və onu belə bir taleyüklü məqam üçün qoruyub saxlamışdı. Qısa zaman içində mükəmməl idarəçiliyi, dahiyanə qərarları ilə  Ulu öndər Azərbaycanı dirçəliş və gələcək tərəqqi yoluna çıxardı. Onun apardığı islahatlar tezliklə səmərəsini verdi, ölkədə sabitlik yaradıldı. Beləliklə, tarixi məhvolma təhlükəsi sovuşdu.

Ulu öndər çox gözəl bilirdi ki, ordusu, silahı olmayan Azərbaycanın müharibə aparmaq imkanları yoxdur və düşmənlə Qarabağın azadlığı uğrunda savaş yeni faciələrə gətirib çıxara bilər. Qələbə üçün isə ölkəni inkişaf etdirmək, düşməni kənar himayədən məhrum etmək gərəkdir.

Böyük rəhbər göstərirdi ki, yalnız  güclü iqtisadiyyat və döyüşkən ordu dövləti yenilməz edir. Xarici investorların milli birliyi olmayan, müharibədə uduzan bir ölkəyə sərmayə qoyması reallıqdan uzaqdır. Müstəqil dövlətin həqiqi qurucusu Respublikada qısa zaman içində qanunun aliliyini, stabilik təmin edərək vətəndaş həmrəyliyinə nail oldu. Dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev Azərbaycanın qüdrətlənməsi istiqamətində daha böyük bir addım atdı. Ermənistanla atəşkəs və bunu  ardınca “Əsrin müqaviləsi”nin bağlanması müstəqil Azərbaycanın inkişafına nəfəs verdi. Bütün bunların fonunda ölkədə ordu quruculuğu, Silahlı Qüvvələrimizin NATO-ya sürətlə inteqrasiya olunması, peşəkar zabitlər korpusunun hazırlanması, hərbi sahənin maddi - texniki bazasının gücləndirilməsi ilə müşayiət olunmağa başladı. Beləliklə, böyük Heydər Əliyev strategiyası gələcək Qələbənin fundamental əsaslarını yaratdı. 
Təsadüfi deyil ki, Azərbaycan liderinin xarizmatik şəxsiyyətinə heyranlığını gizlətməyən Britaniyanın o zamankı Baş naziri M.Tetçer qeyd edirdi ki, Heydər Əliyev böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

“Dəmir ledi”nin tam haqlı olduğunu zaman çoxdan sübut edib. Azərbaycan milli zəka və qeyrət sərvəti olan Ulu öndərin iradəsi ilə bütün mümkün uğurlara nail oldu. Azərbaycan öz liderinin müəyyən etdiyi strategiya ilə bütün  hədəflərinə çata bildi. Vətən bütöv, xalq firavan, sevgi, sevinc içindədir. Xalqımızın vaxtilə ən ağrılı dərdi olan Qarabağımız artıq 3 ildir ki, azaddır. Düşmən tapdağı altında 30 il inləmiş tarixi torpaqlarımızda bayrağımızın dalğalanması zövq verir, könül oxşayır. 

Bu xoşbəxtliyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük strateq Heydər Əliyevin zərgər dəqiqliyi ilə qurduğu Azərbaycan Ordusunun hünəri ilə nail olmuşuq. Zaman ötdükcə Heydər Əliyevin böyüklüyünün, xalqına, dövlətinə təmənnasız sevgisinin şahidi oluruq. Hər bir uğurumuzda Heydər Əliyevin xidmətini görür, onu sevgi və ehtiramla anırıq.

20 ildir ki, 12 dekabr harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün hüzn günüdür. Bu tarix xalqa atalıq missiyasını ləyaqətlə yerinə yetirmiş, müasir Azərbaycan dövlətini qurub ucaltmış əbədi liderimiz, and yerimiz, sevgi ünvanımız Heydər Əliyevin həyatdan köçdüyü anım günüdür. Heydər Əliyev 20 ildir ki, cismən aramızda yoxdur, amma könüllərimizin sultanı kimi əbədi olaraq ürəyimizdədir, ürəyimizin adamıdır. 

Biz bu gün evimizdə, isti ocağımızda ona görə təhlükəsiz bir həyat yaşayırıq ki, bizi qoruyan, hər dərdimizə çarə tapan dövlətimiz var. Bu qüdrətli evimizin– müstəqil dövlətimizin qurucusu unudulmaz Heydər Əliyevdir. Evdən danışarkən qeyd edim ki,  sovet Azərbaycanın, keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi Moskvadan Bakıya qayıdan Heydər Əliyevin evi yox idi, özünə yuva qurmamışdı, başı millətin dərd - sərinə, probleminə, birliyinə, tərəqqisinə qarışmışdı. 

Amma xalqın adamı kimi ümumxalq sevgisi qazanmış Heydər Əliyev  hər bir azərbaycanlının evinin ən əziz insanı oldu, hər birimizin qəlbində isti yuva qurdu. Bütün fəaliyyəti dövründə xalqın önündə olan əsl xalq lideri bu gün, təəssüf ki, aramızda yoxdur, lakin misilsiz bir qədirbilənliklə hər birimizin ürəyində yaşayır. Bu əbədiyyət ümumxalq sevgisinin sonsuzluğundan qaynaqlanır.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Siyasət