Dünya ictimaiyyətini minatəmizləmə işimizə qlobal dəstək verməyə çağırırıq

post-img

Azərbaycanın humanitar minatəmizləməni milli məqsəd kimi qəbul etməsi mina təhlükəsizliyinin qarışısıının alınmasında beynəlxalq həmrəyliyin vacibliyinə bir daha diqqət çəkir. Biz dünya ictimaiyyətini, vətəndaş cəmiyyəti nümayəndələrini, humanitar minatəmizləməni BMT-nin 18-ci Dayanıqlı İnkişaf məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verilməsinə çağırırıq.

Bu fikirləri “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib. 

İcraçı direktor qeyd edib ki, 1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan əziyyət çəkənlərin ümumi sayı 3418 nəfər təşkil edib. Bu gün ölkəmiz dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə ərazilərimizin minalardan təmizlənməsi işini həyata keçirir. Minatəmizləmə fəaliyyətinin 90 faizdən çoxu daxili resusrlarımız hesabına həyata keçirilir.Minatəmizləmə məsələlərində beynəlxalq ictimiayyətin bəzi hallarda etinasız yanaşması, nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin ləngiməsi ən fundamental yaşamaq hüququ əlindən alınmış məcburi köçkünlərin öz evlərinə layiqli şəkildə qayıtmasının məhdudlaşmasına gətirib çıxarır. 

Onun sözlərinə görə, Azərbaycanda minalar əleyhinə bir sıra ixtisaslaşmış qeyri-hökumət təşkilatları var. Qadın minaaxtaran qrupların fəal şəkildə minaaxtarma qruplarına cəlb edilməsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə icra edilmiş layihələr çərçivəsində Ermənistanın mina istesal edən ölkə kimi dünyanın bir sıra hesabatlarına salınması uğurlu nəticələrdir. Bu məhz QHT-lərin sözügedən sahədə önəmli iş aparmasının nəticəsidir. Bu baxımdan, əldə olunan nəticələrin davamlı olması üçün vətəndaş cəmiyyəti, özəl sektor, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirlməsi və səylərin birləşdirilməsi üçün vahid platformaların yaradılmasına ehtiyac var. 

Anar ƏLİ

XQ

 

Siyasət