Azərbaycan regionun geosiyasi və geoiqtisadi simasını dəyişib – Şərh

post-img

“Dünyada mürəkkəb vəziyyət yaşanır, həmçinin müəyyən risklər öz mənfi təsirlərini göstərir. Azərbaycanda isə bütün proseslər axarınca gedir. Ümumi sabitlik isə qorunub saxlanılır”.

Bu sözləri XQ-yə açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Daxili siyasi islahatlar və dəyişikliklər olanda sabitliyə təhdidlər daha da artır. Belə proses ölkəmizdə olmadı. Müxalifətin yanlış çağırışları da bir nəticə göstərmədi. Əvvəllər siyasi proseslərdən insanlar çəkinərdi”, - İ.Vəlizadə qeyd edib.

Politoloq daxili proseslərin Azərbaycanın sosial-iqtisadi vəziyyətinə və xarici siyasətə də müsbət təsirlərini göstərdiyini deyib: “Xarici ölkələr də siyasi baxımdan sabit və sosial-iqtisadi göstəriciləri yüksək olan ölkələri seçir. Çünki belə ölkələrdə risklər az olur. Rusiya regionda bizim əsas tərəfdaşımıza çevrilib. Rusiyada ictimai rəy Azərbaycanın xeyrinədir”.

İ.Vəlizadə müxtəlif ölkələrin Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrin iştirakçısı olmasından da danışıb. Bildirib ki, neft-qaz layihələrinə çoxlu basqılar olsa da, ölkə başçısının siyasi iradəsi nəticəsində bunların qarşısı uğurla alınıb.

Politoloq Azərbaycanın həyata keçirdiyi layihələrin regionun geosiyasi və geoiqtisadi simasını dəyişdiyini deyib: “Bu, bizim qürurumuzdur. Çünki bir çox ölkələrin meydan oxumağa cəhd göstərdiyi həssas regionda öz siyasətimizi yürüdə bilirik. Xarici layihələrimizdə digər ölkələri də nəzərə alırıq və çalışırıq ki, onlar üçün də mütənasiblik təmin edilsin. Hətta tərəfdaş kimi xarici ölkələrin layihələrimizdə iştirakına da cəhd edirik”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət