Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Bakının siyasi iradəsi olarsa, yaxın 15 gün ərzində Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalana bilər. Məlumatı “İnterfaks.ru” verib.
Simonyan deyib: “Əgər Azərbaycan hakimiyyəti, həqiqətən də, siyasi iradə nümayiş etdirsə, biz yaxın 15 gün ərzində sülh sazişi imzalaya bilərik. Ümumiyyətlə, bütün fundamental məsələlər üzrə beynəlxalq hüquq və bərabərlik prinsipi əsasında razılıq əldə olunub”, - Simonyan deyib.
O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşlə bağlı hələlik razılıq yoxdur.
"Ermənistan son vaxtlar heç bir görüşdən imtina etməyib. Görüşlə (dövlət başçılarının görüşü) bağlı razılıq yoxdur. Ermənistan istənilən təklifi müzakirə etməyə hazırdır", - Simonyan bildirib.
P.ƏMİRCANOV
XQ