Azərbaycan-İraq əlaqələrinin diqqət cəlb edən xüsusiyyətləri mövcuddur” - RƏY

post-img

“Geosiyasi transformasiyaların və dünya düzəninin sürətli dəyişikliklərin baş verdiyi müasir şəraitdə, Azərbaycan və İraq arasındakı əlaqələrin diqqət cəlb edən xüsusiyyətləri mövcuddur. Əhəmiyyətli geostrateji zonalarda yerləşən bu iki dövlət zəngin tarixə malikdir və onların qarşılıqlı əlaqəsi, regionlarında və bütövlükdə dünyada baş verən hadisələrə dərin təsir göstərə bilər”. 

Bu fikirləri XQ-yə Azərbaycan-İraq münasibətlərini şərh edən Masil Dəmirov deyib.

M.Dəmirov bildirib ki, hər iki dövlət qədim sivilizasiyaların və mədəniyyətlərin bir hissəsi olub, onların mədəni-tarixi irsində öz izlərini qoyub. Bu gün iki ölkə arasında münasibətlərin diplomatik aspekti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə İraq arasında müxtəlif səviyyələrdə diplomatik əlaqələr uğurla davam etdirilir. Siyasi dialoqun inkişaf etdirilməsində və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın gücləndirilməsində qarşılıqlı maraq artan xətlə yüksəlir və bu dinamika gələcək münasibətlərin perspektivliyindən xəbər verir. 

Analitikin fikrincə, mövcud qlobal çağırışlar və dəyişikliklər fonunda Azərbaycan və İraq beynəlxalq aləmdə mövqelərini möhkəmləndirərək, diplomatik münasibətləri uğurla davam etdirirlər. Hər iki dövlət BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bu, əsas qlobal problemlər üzrə müzakirə, həmrəylik və dəstək üçün geniş imkan yaradır. 

“Azərbaycan və İraq arasında təhsil və mədəni mübadilə proqramlarının genişləndirilməsi, hər iki ölkənin vətəndaşları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verir. Diplomatiyanın, iqtisadiyyatın və təhlükəsizliyin bir-biri ilə sıx əlaqəli olduğu müasir dünyada Azərbaycan ilə İraq arasında əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycanın İraqla əlaqələrinin möhkəmləndirilməsindəki rolu onun iqtisadi, diplomatik və təhlükəsizlik sahələrindəki xidmətlərinin məcmusunu təşkil edir. Onun rəhbərliyi iki ölkə arasında münasibətlərdə müsbət dinamizmin yaradılmasına mühüm töhfə verir. Ümumilikdə, Azərbaycan və İraq arasındakı münasibətlər regional və qlobal siyasətdə yeni reallığın formalaşmasında ciddi rol oynayır”, - deyə M.Dəmirov bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ



Siyasət