Əlamətdar və tarixi hadisələrlə qeyd etdiyimiz 2023-cü ili yola salmağa 45 gündən də az bir zaman qalıb. 2020-ci ildə olduğu kimi bu ilin sonlarına doğru ömrünü xalqının və dövlətinin varlığına və tərəqqisinə həsr etmiş ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Azərbaycan xalqı dövlətçilik və müstəqillik tarixinin daha bir möhtəşəm səhifəsini yaşamış oldu. 44 gün davam edən haqq savaşında rəşadətli ordumuz işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək torpaqlarımızı mühasərədən azad etdiyi kimi, bu ilin sonunda da tarixi yurd yerlərinə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərəyə qayıdaraq dövlətimizin ərazi bütövlüyünü tam bərpa etdi.
2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Heydər Əliyev Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi. Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçı prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. Müzəffər İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.
Həm 44 günlük Vətən Müharibəsi, həm də 2020-ci ildən Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən böyükmiqyaslı quruculuq işləri, məcburi köşkünlərimizin artıq bir qisminin ata-baba yurdlarına geri dönməsi, son 3 ildə davam edən danışıqlar, həm də ötən ay həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ölkəmizin hərtərəfli inkişafını təsdiq edən Zəfərdir. Son 20 ildə iqtisadi gücümüzün artmasının, dünyada tanınmağımızın, milli ordumuzu yaratmağımızın, dövlət-xalq birliyininə nail olmağımızın, milli vətənpərvər ruhlu gənclərin yetişdirilməsinin, onların torpaq sevgisi ilə böyüdülməsinin, ümumilikdə torpaqlarımızı azad etməyə qadir olduğumuzu və bunu bütün dünya qarşısında nümayiş etdirə bildiyimizin təntənəsidir.
Məhz 2023-cü ilin 15 oktyabrında dövlətimizin başçısı Qarabağın digər bölgələrində də Azərbaycan bayrağını qaldırıb, ulu öndərin vəsiyyətini yerinə yetirdi. Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışında vurğuladığı kimi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Azərbaycan "Heydər Əliyev İli"ndə və Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ilində növbəti dəfə tarix yazıb: "Şanlı Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldılıb. 2003-cü ilin oktyabrında xalqın etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev bütün torpaqlarımızın işğaldan azad olunmasını bir nömrəli vəzifə kimi qarşıya qoymuşdu. Bu müqəddəs vəzifənin icrası bir an belə təxirə düşmədi. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiqli yer tuta bildi. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün yaratdığımız güclü siyasi və hüquqi zəmin, ordumuzun gücləndirilməsi ədalətin bərpasında həlledici rol oynadı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlər böyük qələbəni şərtləndirib və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoyub. Dövlət başçımız hər zaman deyib ki, Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirə bilər.
2023-cü ildə Qarabağ probleminin həll olunması Heydər Əliyevin 100 illiyinə Azərbaycanın dövlət başçısının ən böyük töhfəsidir. Çünki vaxtilə Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi ki, O, İlham Əliyevə inanır. İnanır ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edəcək və işğal altında olan bütün torpaqlar azad olunacaq. Ali Baş Komandan həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ümummilli Lider Heydər Əliyevin arzularını reallaşdırdı. Bu gün həm Ulu Öndərin, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ruhları şaddır. Onlar Vətən üçün əllərindən gələni etdilər və son olaraq Ali Baş Komandan bütün Azərbaycan xalqını və Azərbaycanı istəyən insanların arzu və istəklərini reallaşdırdı. Azərbaycan xalqı bu gün xoşbəxtdir, ona görə ki, onun güclü, dünyanın nəhəng dövlət xadimləri ilə müqayisə olunan dövlət başçısı var. Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gələrkən ilk sözü bundan ibarət olmuşdu ki, o, bütün Azərbaycan xalqının Prezidenti olacaq. Bəli, cənab İlham Əliyev bütün Azərbaycan xalqının Prezidentidir.
Qüdrətli dövlət xadimi, uzaqgörən siyasətçi, Ulu Öndər! XXI əsrin 23-cü ili ölkəmizdə Sizin adınızla bağlıdır. Əbədi Lider, şanlı tərcümeyi-halınızla tanış olarkən görürük ki, əslində müasir Azərbaycan tarixinin hər dövrü, hər anı sizin müdrik imzanızla əbədiyaşarlıq qazanıb. Dövlətinə, xalqına qəlbən bağlı olmusuz, millətimizin maraqlarını ən yüksək kürsülərdə müdafiə etmisiz, həyat amalınız, məqsəd və məramınız canınızdan çox sevdiyiniz, qibləgah bildiyiniz Azərbaycan olub. Bu Millətə şəriksiz örnək, ən böyük dəyər və nümunəsiz. Ən əsası Zəfər qazanmış bu yenilməz xalqın Ümummilli Liderisiz!
Şahin Mənəfov
Neftçala Rayon Statistika İdarəsinin rəisi