Məğlub tərəfin “üç prinsipi”

post-img

Nikol Paşinyanın sülh müqaviləsinə “qulp” qoymaq cəhdləri siyasi manipulyasiyadan başqa bir şey deyil

Ermənistan baş naziri Nikol Paşinyanın dünən Parisdə keçirilən 6-cı Sülh Konfransının panel müzakirələrində yenidən əsassız və məntiqsiz iddialar səsləndirib. O, sülh müqaviləsini Brüssel danışıqlarında səslənən üç prinsip əsasında imzalamağa hazır olduğunu bəyan edib. Son vaxtlar Hayastan liderinin tutuquşu kimi təkrarladığı həmin 3 prinsip hansılardır? Onun qənaətinə görə, 1-ci prinsip Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq 86,6 min kv.km və 29,8 min kv.km hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanımasıdır. 2-ci prinsip sərhədlərin delimitasiyası və demarkasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun şəkildə aparılmasıdır. 3-cü prinsip isə regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasıdır.

Rəsmi İrəvanın sərgilədiyi bu mövqe onun hələ də sülh danışıqları üzərində siyasi manipulyasiyadan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini göstərir. Parisdə özünü “doğma divarlar arasında hiss edən” Paşinyan çıxışında bir az da irəli gedərək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizlənmə”yə məruz qaldığını da ərz edib. 

Ermənistan baş nazirinin dünənki növbəti təxribatçı açıqlamasına rəsmi Bakının reaksiyası özünü çox gözlətməsdi. Azərbaycan XİN Paşinyanın “Paris tezislərinə” kifayət qədər əsaslandırılmış və sərt şərh verdi. Bununla bağlı nazirliyin cavabında qeyd olunur ki, rəsmi Bakı Ermənistan baş nazirinin səsləndirdiyi iddiaları qətiyyətlə pisləyir və rədd edir: “Otuz ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona yaxın azərbaycanlının təməl hüquqlarını pozan, uşaq, qadın və qocaya  fərq qoymadan onlara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Qarabağ bölgəsində yaşayan ermənilərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini Baş nazirə bir daha xatırladırıq”.  

XİN-in şərhində daha sonra qeyd olunur ki, müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq. “Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın 

zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir!”.

* * * 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirədə Nikol Paşinyana Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib. Səfirimiz çıxışında bildirib ki, Fransada Azərbaycanın Ermənistana qarşı qondarma təhlükə ilə bağlı qorxuları tamamilə əsassızdır. O, moderatora haqlı iradını çatdırıb: “Siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa edib. Azərbaycan dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Bunu sadəcə bəyan etməyib, 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı və birbaşa doialoqun tərəfdarı olub”.

Paşinyanın Parisdə Sülh Konfransında sülhə xələl gətirəcək çıxışında Emmanuel Makron və Şarl Mişelin mövqeyinə istinad etdiyini birmənalı söyləmək mümkündür.

İndi ən vacib nüansın rəsmi Bakının Brüsseldə artıq razılaşdırılmış və Şarl Mişelin bəyanatlarında yer alan məsələləri bir daha təsdiq edib-etməyəcəyindən ibarət olduğunu deyən siyasi şərhçi Asif Nərimanlının fikrincə, Paşinyan bununla yenidən planlaşdırılan Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır: 

“Əgər Azərbaycan Brüssel görüşünə getməsə, “sülh sazişində maraqlı olmayan tərəf” kimi təqdim edilə bilər. Görüşdə iştirak etsə, İrəvanın irəli sürdüyü üç prinsipi yenidən təsdiq etməlidir. Hərçənd, rəsmi Bakı üçün Brüssel formatı müharibədən sonra Qərb cəbhəsində Minsk Qrupunun “dirildilməsinə” qarşı alternativ xarakteri daşıyırdı. Xüsusilə də Qarabağa (ermənilərin yaşadığı ərazilər) görə lazım idi. Artıq Qarabağ məsələsi tamamilə həll ediləndən sonra sərhədin  delimitasiyasının, kommunikasiyaların hansı prinsiplə açılması məsələlərində Avropanın vasitəçilik masası Azərbaycanın maraqlarımıza tam cavab vermir. Bakı üşün məsələlərin regional müstəvidə həlli prinsipi ön plandadır”.

Hər şeydən göründüyü kimi, İrəvan sülh müqaviləsini birbaşa dialoqda deyil, Qərbin təklif etdiyi platformalarda imzalamaq barədə düşünür. Bu istəyini həyata keçirmək üçün Bakıya siyasi təzyiq cəhdlərini davam etdirir. Hərçənd özü də çox yaxşı bilir ki, bu masada son sözü Bakı deyəcək.      

İmran BƏDİRXANLI, XQ 

a-nerimanli.jpeg

Siyasət