Zəfər fəlsəfəsi haqqında düşünərkən...

post-img

Qələbəyə aparan siyasi iradə

Prezident İlham Əliyevin uğurlu lider obrazı siyasətdə müdrikliyin miqyasını daha da dolğunlaşdırdığı üçün bir sıra məqamların izahına ehtiyac duyulur. O, qlobal problemləri şərh edərkən, dünyada insan haqlarına olan laqeyd münasibətin, işğalçılıq, separatizm, ayrı-seçkilik və ikili standartların bəşəriyyətin təhlükəsizliyinə təhdid olduğunu bir çox liderlərin dilə gətirmədiyi zamanda bəyan etmişdir. Yaxud multukulturalizm, tolerantlıq ənənələrinin bəşəriyyətdə birgəyaşayış, sülh və əməkdaşlıq üçün alternativsiz seçim olduğunu, sözün əsl mənasında, dünyaya qəbul etdirməklə, əslində, inkişafın yeni model prinsiplərini irəli sürmüşdür. Bu, o zaman idi ki, irqi, dini ayrı-seckiliyi, terrorizmi bəzi dövlətlər dəstəkləyir, ondan kənarda inkişaf modelini görə bilmirdilər. Lakin Azərbaycanın bu sahədə örnək olan addımları və onların nəticələri praktiki nümunə kimi hətta müharibələrin də sülh üçün aparılmalı olduğunu təsdiq etdi. 

Ancaq “geosiyasi realizm” doktrina­sını rəhbər tutan, böhranlar yaratmaq ənənəsindən, vərdişindən uzaqlaşa bil­məyən bəzi siyasi güclər bir çox stere­otiplərdən ayrıla bilmədiklərini də gizlədə bilməmişlər. Prezident İlham Əliyevin siyasi xarizması Azərbaycanın iradəsi­nin nəyə qadir olduğuna dair bir sıra qüvvələrin yenidən düşünməli olduqları zərurətini anlatdı. İndi demək tam yerinə düşür ki, Azərbaycanın yaratdığı reallıq­ların hazırkı dünya nizamında sabitlik və inkişaf ücün analoqsuz model olduğunu inkar etmək mümkün deyil. Bu baxım­dan istər Vətən müharibəsinədək olan dövrdə, istərsə də postmüharibə dövrün­də Prezident İlham Əliyevin Azərbayca­nın iradəsini ifadə edən yeni reallıqların beynəlxalq aləm üçün əhəmiyyətini şərh edən nəzəri praktiki baxışlar sistemi məsələdə əlavə suala yer qoymamışdır. Deməli, Prezident İlham Əliyevin əməli fəaliyyəti və baxışlar sistemi güclü lider və güclü dövlət anlayışının cəmiyyə­tin tərəqqisi naminə tam bərqərar edil­məsini təmin edən müasir elmi-siyasi nəzəriyyəyə sahibdir.

Daha vacib məsələ bütün təhlükəli tendensiyaları zərərsizləşdirmək üçün aparılan daxili siyasətin legitimliyi və onun ideoloji, milli hədəflərinin düzgün dərkidir. Azərbaycanın sülh strategiya­sından irəli gələn Vətən müharibəsi, bir tərəfdən xalqın qəhrəmanlıq əzmi­ni, onun mübarizliyini göstərdisə, digər tərəfdən milli maraqlarımızın ifadəsini həyata keçirən siyasətin xalq tərəfindən aldığı layiqli qiyməti sübut etdi. 

Azərbaycan tarixinin bu mərhələsi ardıcıl islahatlarda hədəflərə tam nail olma dövrü kimi ona görə şərtlənməli­dir ki, o sosial sferanın bütün tələblərini effektli şəkildə təmin edə bilmiş, vətən­çilik anlayışında vahid milli ideologiya­dan doğan milli özünündərk prosesinin şüurlu şəkildə tam dərkinə nail olmağın nəticəsini göstərmişdir. Bu isə cəmiyyətin sabitliyinə hədəflənmiş uğurli islahatların ideoloji baxımdan milli effektliliyinin nəti­cəsində mümkün olan prosesdir. 

Təcrübə göstərir ki, milli özünüdərkin ən mühüm elementi kimi yaradılan milli ideologiyanın xalqın milli potensialı ilə vəhdətini daxili siyasətin legitimliyindən kənarda təsəvvür etmək mümkün de­yildir. Vətən müharibəsi xalqımızın milli ideologiyaya əsaslanan gücünün ifadəsi­ni ümumxalq iradəsinin ayrılmaz hissəsi kimi göstərməsi də bu siyasətin möhkəm sosial bazasının göstəricisidir. 

Dünyaya nəzərən mövcud siyasi si­tuasiyaların təhlili göstərir ki, Prezident İlham Əliyevin ölkədə çevik idarəetmə və praqmatik siyasi sistemin qurulmasında­kı fəaliyyəti öz legitimliyini konkret əmə­li nəticələri ilə təsdiq edib. Cəmiyyətdə proseslərə yanaşmalar müxtəlif ola bilər, lakin milli maraqlarımızın hədəflərində reallığa çevrilən nəticələrin nəinki ölkə­miz üçün, region və dünya üçün əhəmiy­yətinin elmi əsaslarla təsdiqini tapması bu siyasətin Azərbaycanı cahanşümul inkişafın avanqardına çevirdiyini tam təs­diq edir və qələbələrin kökündə bu amilin müstəsna rolu vardır.

Tarixi Zəfər və dialoq

Bütün bunların məntiqi davamı kimi, tarixi Zəfər öz fəlsəfi mahiyyəti ilə cə­miyyətin düşüncə sisteminə güclü təsir imkanları yaratdı. Elə bir prosesin zə­ruriliyini təmin etdi ki, o, bəzən əsrlərlə formalaşması mümkün olmayan siyasi sistemin vahidlik prinsipinin, cəmiyyətdə dialoqun, ideoloji təfəkkür sisteminin milli iradə və milli gücün təmin olunmasındakı müstəsna rolunu müəyyən və təmin et­miş oldu. Çünki, yeni siyasi konfiqurasiya cəmiyyətin bütün təbəqələrini ortaq fikrə gətirən, məqsəd baxımından mövcud ideyaların ümummilli məsələ olduğunun dəyərləndirilməsini zəruri edən ardıcıl siyasi xətlə müşayiət olunur. Bu reallıq siyasi dialoq zamanı da ölkəmizin inki­şafı naminə atılan addımlarda bir sıra xarakterik xüsusiyyətlərin önə çıxması ilə təsdiqlənir. 

Məsələn, “Siyasi partiyalar haqqında” Qanunun yeni reallıqları əks etdirmə­si kimi müstəsna əhəmiyyəti ilə yanaşı, həm də sübut edir ki, siyasi dialoq ölkənin siyasi partiyalarının, siyasi təsisatlarının qarşıya qoyduğu məqsəd və vəzifələri­nin ümummilli mənafe baxımından bir­ləşmələri üçün çox mükəmməl vasitədir. Bu istiqamətdə Azərbaycanın təcrübəsi deməyə əsas verir ki, o, milli iradənin gücünü və tamlığını Zəfər fəlsəfəsində birləşdirmişdir. 

Əslində, xalqın, dövlətin, xüsusilə dövlətçiliyin inkişafı üçün partiyaların or­taq ideoloji istiqamətdə birləşmə təşəb­büsləri o zaman baş verir ki, legitim idarə­çiliyin və avanqard partiyanın milli gücü ifadə edən nəticələri olsun. Bu nəticələr cəmiyyət tərəfindən tam qəbul edilsin. 

Bu nöqtəni axtararkən məlum olur ki, ümumiyyətlə, siyasi dialoqu ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiya­sından kənarda təsəvvür etmək mümkün deyil. Tam əsaslıdır ki, son onilliklərdə siyasi partiyaların qarşıya qoyduğu hə­dəflər Azərbaycanın inkişafı yolunda vahid milli iradənin tamlığını məhz bu kompleksdə tapıb. 

Siyasi dialoq zamanı siyasi partiyalar və birliklər diqqəti o hala yönəltməlidirlər ki, Azərbaycanın dövlətçilik konsepsiya­sında irəli sürülən nəzəriyyə artıq praktiki cəhətdən möhkəm strategiyanın effektiv­lik mərhələsini tətbiq edə bilib, daha bö­yük hədəflərə qadir olduğu kimi proqramı qarşıya qoyub. O, uzunmüddətli dövlət­çilik ideologiyasında milli istəyi, sosial sifarişin xarakterini, dialoq mədəniyyə­tinin forma və metodlarını bir arada tət­biq edərək güclü sosial bazaya sahibdir. Vətən müharibəsində Lider-Xalq-Ordu birliyinin Zəfər marşı bu düsturun nəti­cələrinin cəmiyyətimiz üçün tam aydın və şəffaf olduğunu sübut etdi. 

Bütün bunlar göstərdi ki, ölkəmiz­də Vətən müharibəsinə qədər aparılan islahatlar konsepsiyasında da sağlam münasibətlərin tənzimlənməsinə yönələn təşəbbüslər yeni siyasi mühitin formalaş­masına açılan imkanlar, siyasi partiyala­rın dövlətçilik, demokratiya, milli təəs­sübkeşliyin formalaşdırılması yolunda birliyə dəvət edilməsi Qələbə üçün zəmin yaratmışdır. Açıq etiraf edilməlidir ki, si­yasi mühitdə indiyədək heç bir siyasi qüvvənin iradəsi bu səviyyədə ümummilli istəyi ifadə edə bilməmişdir. Ona görə də bu siyasət, bütövlükdə, cəmiyyətimizin dialoq tələbatını təmin etdi. Biz hesab edirik ki, siyasi partiyalarla parlament və ekspertlər arasında dialoqun yeni reallıqlar əsasında formalaşması da bu əsaslarla yeni mütərəqqi islahatlara yol açacaqdır.

Bu gün siyasi partiyalar öz qarşıları­na qoyduqları vəzifələrdə bir reallığı qə­bul etmək məcburiyyətindədirlər ki, hətta, ən kiçik partiyaların anlaşılmaz radikal istiqamətlərə yönəlməsi, ictimai mühitə və digər partiyalara bu əsasda təsir et­mək istəkləri dialoq ücün qəbuledilməz­dir. Cəmiyyətimizin mövcud sosial-siyasi düşüncələr sistemi də artıq bunu qəbul etmir. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra cə­miyyətimizin bütün təbəqələri vahid milli təfəkkür üzərində cəmləşməni özü sosial sifariş olaraq tələb edir. Anlamaq çətin deyil ki, cəmiyyətimizin istəkləri ona görə əsaslıdır ki, indiyədək qarşıya qoyulan ideyalar artıq nəzəriyyədən reallığa çev­rilmişdir. Bu da sosial sifarişin mövcud siyasətdə özünütəsdiqidir. Çünki güclü lider, milli şüura təsir edən güclü ideologi­ya və siyasi dialoq bir arada tam qələ­bəyə aparan yoldur.

Dünya tarixinin gedişinə təsir edən siyasi lider 

Məlumdur ki, Azərbaycan xalqının Vətən müharibəsi haqq-ədalət mühari­bəsi idi və onun milli şüura böyük təsiri vardır. Belə həlledici mərhələ nəinki mil­li birlik ücün əvəzssiz fürsətlər yaradır, həm də millətin malik olduğu potensialı üzə çıxarır. Vətən müharibəsində Azər­byacanın Qələbəsini təsdiq edən 2020-ci ilin 10 noyabr Bəyannaməsi, əslində, postmüharibə dövründə növbəti uğurlu addımların hüquqi və siyasi bazasını tə­min etdi. Məlum oldu ki, bu ümumxalq qələbəsində və ondan sonrakı qələbələr­də Prezident İlham Əliyevin müdrik dip­lomatik manevrlərinin fəlsəfəsinin dərki prosesi hələ uzun zamanlar təhlil edilə­cəkdir. 

Beynəlxalq aləmi yuz illərlə aldadan, saxta mifoloji don geydirilmiş erməni güclərinin dağıdılması və ona himayə­darllq edən qüvvələrin ifşa olunmasını təmin edən tarixi Qələbədən sonra mə­lum oldu ki, erməni məkrli niyyətinin mil­lətçi, revanşist və terrorcu xisləti Azər­baycanın qarşısında yeni tarixi missiya qoyub. Bu missiyanı çoxlarının güman etmədiyi, dərk etmədiyi zamanda və şəraitdə Prezident İlham Əliyevin yenil­məz iradəsi elə yerinə yetirdi ki, o, xalqı­mızın yüzilliklər boyu pozulmuş milli haqqını özünə qaytardı. Tarixin ədalət mizanı yerinə qaytarıldı. Onun məntiqi sonluğu Azərbaycan ərazilərinin erməni terrorçularından birdəfəlik təmizlənməsi və Xankəndidə Azərbaycan Bayrağının dalğalanması kimi, möhtəşəm şərəf ta­riximizin xalqımıza bəxş olunması idi. Qələbənin fəlsəfəsində isə biz növbəti dəfə dünyaya yeni reallıqlar gətirən– humanizm prinsiplərinə yeni baxış bu­caqları, yüksək diplomatik bacarıq, sülh və ədalət prinsiplərinə yeni yanaşma və sadiqlik, nəhayət, bəşəriyyəti xəstə təfəkkürlərin təsirindən xilas olmaq ça­ğırışları görürük. Azərbaycan xalqı qar­şısında bu mühüm tarixi missiyanı uğur­la yerinə yetirməsi ilə Prezident İlham Əliyev şəxsiyyəti dünya tarixinin gedi­şinə təsir edən siyasi liderlər icərisində örnək olacaq qəhrəmanlığın, müdrikliyin ən yaxşı nümunəsinə çevrilməsi tam tə­bii və haqlıdır. İndi biz tarixi Qələbənin nəticələri ilə gələcəyə olan baxışların strateji hədəflərini müəyyən etməliyik.

Zəfərin mübarək, Azərbaycan!

Zərəfin mübarək, Ali Baş Komandan! 

 

İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru, professor 

Sənan HƏSƏNOV,
YAP ərazi təşkilatının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Siyasət