Xalq – Sərkərdə – Ordu həmrəyliyi

post-img

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ictimai leksikona bir sıra deyimlər gətirdi. Uşaqdan böyüyə hamının ürəyinə yağ kimi yayılan bu ifadələr deyildiyi andan dillər əzbəri oldu. İnsanlar öz fikrini daha qabarıq çatdırmaq üçün həmin ifadələrdən zərb-məsəl kimi istifadə edirlər: “Noldu, Paşinyan?!”, “Bəs Cəbrayıla yol çəkirdin?”, “İti qovan kimi qovduq”, “Əziz Şuşa, sən azadsan!”, “Cəhənnəmə getdi status”, “Dəmir yumruq yerindədir!”, “Biz bu torpaqlarda əbədi yaşayacağıq!” və sair və ilaxır. Ən çox yayılan və işlənən isə şübhəsiz, bu ifadədir: “Qarabağ Azərbaycandır!” 

Böyük ruh yüksəkliyi ilə yaşadığımız həmin Zəfər günlərində tarixin gedişi gözlərimiz önündə dəyişdi. Və Qafqazda tam yeni bir reallıq yarandı; regionda söz sahibi qalib Azərbaycan Respublikasıdır! 

***

Şanlı Qələbənin üç qəhrəmanı var: Xalq, Sərkərdə və Əsgər. 

Azərbaycan əsgəri… O, Vətən çöl­lərini öz qanı ilə suvardı, torpağı çirkab­dan təmizlədi. Son yüzilliklərdə ilk dəfə itirdiyimiz ərazilər geri qaytarıldı. Cəsur ürəyi və milli qeyrəti ilə can-Azərbayca­na canını əsirgəməyən əsgər şəhid oldu, qazi oldu, qəhrəman oldu və həyatı ba­hasına yeni xəritə cızdı doğma Vətəninə. 

O xəritə üzərində sənin izin əbədi qalacaq, qalib Əsgər! Adın ulu babala­rın -Babəkin, Şah İsmayıl Xətainin, Ca­vad xanın silahdaşı kimi yurdda daim var olacaq! Çünki sən şanlı bayrağımızı müqəddəs Şuşada, işğaldan azad etdiyin Qarabağın hər şəhərində, kəndində, dağ­larında ucaldana qədər durmadan, dayan­madan, yoruldum demədən irəli getdin! Qələbə qazanana qədər getdin və Zəfərlə geri döndün... 

Ordunun azad etdiyi hər kəndlə, şəhərlə, hər dağla, dərəylə, təpəylə, çay­la, meşəylə xalqa elə böyük sevinc bəxş edildi ki, əsarətli yüzillər boyu bu yurdda hələ belə hisslər yaşanmamışdı. Milyon­ların gözlədiyi o ifadənin müjdəsi “Də­mir yumruq” üstündə gəldi: “Qarabağ Azərbaycandır!” 

***

Nəhayət, hamımızı boğaza yığan, ömrümüzü alan üzüntülü “Dağlıq Qa­rabağ problemi” Azərbaycan xalqının, Azərbaycan Prezidentinin və Azərbaycan Ordusunun sarsılmaz həmrəyliyi sayəsin­də ləyaqətlə, qürurla, əzəmətlə, mərdliklə öz həllini tapdı. İqtidar-Xalq həmrəyli­yindən güc alan şanlı ordunun dalbadal xilas etdiyi məntəqələrdə sancılan Qələ­bə bayraqları süni problemdən doğan suallara qətiyyətli cavab idi. Üçrəngli bayraqların hərəsi bir nida işarəsi olaraq torpaq üzərində vüqarla ucalırdı: “Qara­bağ Azərbaycandır!!!” 

Ali Baş Komandan, qəhrəman əsgər­lər, zabitlər və generallar mümkün olma­yanı mümkün etdilər! Yüzillərlə hörülən kələklər “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günə darmadağın oldu. Təmas xəttində 30 ilə qurulan “təhlükəsizlik səddini” nər igidlər 30 günə aşıb keçdilər. Başının bir gülləsi əskik olan təvərə pa­paqlı, lopa bığlı xəyanətin nəticəsində vaxtilə düşmənə təhvil verilən müqəd­dəs Şuşamızı xüsusi təyinatlılar əliyalın dağlara dırmaşaraq, dişləri-dırnaqları ilə qayalara qalxaraq alıb geri qaytardılar... İndi sən azadsan, əziz Şuşa! 

***

Bütün bunlar bir möcüzə idi! Ordu­muz dünya hərb tarixində görünməmiş hücum strategiyası sərgilədi! Sonu şan­lı Zəfərlə bitən, hərbi dərsliklərə düşən ildırım sürətli, uğur effektli strategiya! Ölümün üzərinə şığıyan hər biri bir qəh­rəman oğulların qarşısını kimsə ala bil­məzdi və ala bilmədi. Vətən sevgisinin qarşısında heç nə duruş gətirə bilməzdi və gətirə bilmədi! 

Bədniyyətli insanların daim pislədi­yi Azərbaycan əsgəri günlərin gözəl bir günü Ali Baş Komandanın “İrəli!” əmri ilə şahin kimi şığıyıb düşmənin üstünə atılanda qorxaq ermənilər təkcə pərən-pərən düşmədi. Uzun illər ərzində Azər­baycanı su yoluna döndərən, növbə ilə gəlib yeyib-içib gedən saxtakar “sülhya­rıtmazlar” və onların arxasındakı təkəb­bürlü güclər də əhəmiyyətsiz bir şeyə çevrildilər. “Cəhənnəmə vasil etdiyimiz “Dağlıq Qarabağ” problemini” bu məna­sız adamlarla bir masa ətrafında uzun-u­zadı müzakirə etməyə daha ehtiyac qal­madı. Həm tarixi, həm beynəlxalq, həm ilahi ədalətin bərpası üçün işğalçının başa düşdüyü dildə ən səmərəli “danışığı” Azərbaycan Ordusu aparmışdı. “Sülhya­rıtmazlar”ın menyusu üçün də qüdrətli ordumuz “Qənimətlər Parkı” kimi dəbdə­bəli bir “süfrə” açdı... 

***

Məharətlə idarə olunan ordunun il­dırım sürətli hücumu nəticəsində qazanı­lan Zəfər həm də bir çox həqiqətləri üzə çıxartdı. Məlum oldu ki, müharibənin odu-alovu içində ölümün üstünə şığıyan pələng igidlər Qarabağda, guya ki, “Öz müqəddəratını təyin edən” bir ovuc “za­vallının” illərlə qurduğu saysız-hesabsız maneələri dəf edib, silsilə sədləri keçib, beton çəpərləri dağıdıb, kilometrlərlə uzanan hörülü səngərləri, yeraltı tunellə­ri, silah dolu lağımları adlayıblar... Mə­lum oldu ki, özünü həmişə yazıq göstərən o “zavallılara” məxsus minlərlə ölüm sa­çan tankı, topu, raketi, avtomatı, pulem­yotu, minomyotu, qumbaranı, mərmini əsgərlərimiz məhv edir, əzir, dağıdır, ancaq o silahlar bitib-tükənmək bilmir... Məlum oldu ki, o dəmir-beton maneələr, hörülü istehkamlar, yeraltı tunellər, dərin səngərlər mənasız Minsk qrupunun saxta “monitorinq yoxlamaları”, yalançı “sülh­yaratma” pərdələri altında qurulurmuş... Və bizi yalnız azərbaycanlı olduğumuz üçün öldürmək, yox etmək üçün yığılan həmin tonlarla silah-sursat, raket, mərmi, tank, top, avtomat, pulemyot, qumbara illər uzunu elə o saxtakar yekələrin gözü qarşısında Qarabağa daşınırmış... 

Beynəlxalq səviyyəli dələduzlar utanmadan yalan danışa-danışa təvazö­kar, mədəni, qonaqpərvər bizləri arxayın salıb münaqişənin həllini uzadır, işğalı möhkəmlətmək üçün “artsaxlara” vaxt qazandırırmışlar... 

Əgər dünyada beynəlxalq hüquq de­yilən bir anlayış həqiqətən mövcuddursa, o zaman hərbi tribunallarda cinayətkar erməni quldurları ilə yanaşı, öz səlahiy­yətlərindən sui-istifadə edən, rəsmi sül­hyaratma missiyasına xəyanətlə mani­pulyativ əməllər, davranışlar, danışıqlar aparan həmin beynəlxalq avantüristlər dəstəsi üçün də oturacaqlar düzülməlidir. 

***

...Zəfərdən əvvəl Azərbaycan ölkəsi təkcə siyasi, iqtisadi, hərbi deyil, həm də maddi-mənəvi, mədəni təcavüzə mə­ruz qalmışdı. Torpaqları işğalda saxlayan düşmən Qarabağda təkcə insanları qətlə yetirmirdi, orada olan bütün mədəniy­yət abidələrini, müqəddəs ziyarətgah və ibadətgahları, kurqanları, daş heykəlləri, milli kimliyimizə aid qədim nümunələri də dağıdır, türkün izini itirməyə çalışır­dı. Azərbaycan insanının özü ilə yanaşı, Azərbaycan insanının yaratdığı dəyərləri, sənət nümunələrini, ədəbi-bədii abidələ­ri də məhv edir, yaxud oğurlayıb “özü­nünküləşdirirdi”. Vandallar Qarabağda imarətləri sökür, evləri dağıdır, ağacları yandırır, bağ-bağatı yolur, çayları, bu­laqları qurudurdu. Muzeylər, rəsm qale­reyaları, kitabxanalar, incəsənət məktəb­ləri, mədəniyyət sarayları, dövlət teatrları vəhşicəsinə talan olunurdu. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbə­cər rayonlarının ərazilərində min illərlə yaşı olan qalalar, türbələr, məscidlər, karvansaraylar, bulaqlar, kəhrizlər məhv edilirdi. Gözəl Qarabağda gözə dəyən nə varsa darmadağın edilirdi... 

Müharibədən sonra dünyanın hər tərəfindən bölgəyə gələn çoxsaylı nü­mayəndələr acıdan-acı mənzərələrin şahidi olub dəhşətə gəldi: göz işlədik­cə uzanan xarabalıqlar, viran qoyulmuş kəndlər, şəhərlər, sökülüb dağıdılmış ev­lər, şumlanmış məzarlıqlar, yandırılmış zəmilər, doğranmış ağaclar, tapdalanmış güllər, çiçəklər... 

Bu idi “forpost” Ermənistan” dövlə­tinin “mədəniyyət siyasəti”! Bu idi daim özünü “qədim, mədəni xalq” adlandıran quldurların əsl siması! Vəhşilərin Qara­bağda törətdiyi barbarlığın özü ən böyük mədəniyyətsizlik əlaməti idi! Həm də təkcə Azərbaycan milli mədəniyyətinə qarşı yox, ümumbəşər mədəniyyətə, in­sanlığa qarşı cinayət idi! 

***

...Artıq tarixə gömülmüş “Dağlıq Qa­rabağ” məfhumunun, onun “statusunun”, ümumiyyətlə “Qarabağ problemi”nin nədən bu qədər mürəkkəb düyünə düş­düyü, həllinin çətinləşdiyi və Azərbay­canın daxili məsələsinin hansı səbəbdən beynəlxalq müstəviyə çıxdığı barədə dü­şünəndə, digər amillərlə yanaşı, din amili də ən başlıca səbəb kimi meydana çıxır. 

Qarabağın problemi, əslində, ordan başlayıb ki, iki yüz il əvvəl iki imperiya­nın ikiyə böldüyü Azərbaycanın şimal torpaqlarına köçürülən erməni tayfası­nın üzərinə imperiyalar həm də “tarixi” missiya qoyublar: köçürüldükləri ərazini “özəlləşdirib” Türkiyə ilə Turan elləri arasında “paz” kimi durmaq! Türk dün­yasına qənim kəsilib, türk izini itirmək! 

Qanında xainlik, canında satqınlıq olan sərgərdan tayfa bu öhdəliyi can­la-başla icraya qəbul edib, bütün kəndləri, şəhərləri, çayları, dağları, daşları, bütün mədəni dəyərləri və dini abidələri mə­nimsəməyə başlayıb. Güclü himayə altın­da olduqlarını görən tayfa həmin məkrli layihənin icrasında əxlaq, şərəf, vicdan normaları tanımadan hər vasitəyə əl atıb. Azərbaycan xalqına qarşı planlı soyqırımı, deportasiya, terror savaşları açıblar. 

Öz yalanlarını kütləvi şüura ən tə­sirli vasitə olan dini inanc üzərində qu­ran saxtakarlar ali məqsədə çatmaq üçün müasir Azərbaycan xalqının soykökündə var olan və Qarabağ daxil ətraf ərazilərdə yaşamış qədim albanların irsini mənim­səməyi ən asan yol görüblər. Dünya xris­tianlığını aldatmaqdan belə çəkinmədən, sahibsiz qalan alban kilsələrini, monas­tırları, dini məbəd və abidələri “özəlləş­diriblər”. Xristian xalqlarının rəğbətini, dövlətlərinin dəstəyini qazanmaq üçün “sarsaqlar” özlərini, guya, “Qafqazda xristianlığı ilk yayan tayfa” kimi qələmə veriblər. Halbuki, Qarabağdakı kilsələr, monastırlar, məbədlər, əslində, Qafqaz­da ilk xristianlığı qəbul edən Azərbaycan Albanlarına məxsusdur. Bu kilsə və mo­nastırları ərəb işğalından qabaq xristi­an albanlar tikib, orada dini ayinlər icra ediblər. Ermənilər isə yalnız çox sonralar bu ərazilərə köçüb məskunlaşanda xristi­an azərbaycanlılara məxsus abidələri öz adlarına çıxıblar. Daha doğrusu, torpağı­mız, musiqimiz, mətbəximiz, adlarımız, sözlərimiz kimi, adətləri üzrə onları da oğurlayıblar. 

Məhz dini motivlər səbəbindən “Mi­atsum” hərəkatı güclü xristian dövlət­lərinin hərtərəfli dəstəyini aldı: maddi, mənəvi, hərbi, siyasi, diplomatik, ma­liyyə və s. Davamlı, mütəmadi, ardıcıl erməni təbliğatı sayəsində xarici güclər belə bir əfsanəyə inandırıldılar ki, sən demə, “Qafqazda ilk xristianlar ermənilər imiş və indi oradakı ilk xristian abidələ­rini fədakarcasına qoruyurlar.” Bununla da “xristian qardaşlığı” zəminində dini təəssübkeşlik nümayiş etdirməyi, “zaval­lı erməniləri vəhşi müsəlmanlardan qoru­mağı” özlərinə borc biliblər.

Bizim xalqın İslamdan öncəki döv­rünə aid olan xristian abidələrinin digər ərazilərdə, Qəbələ, Naxçıvan, Mingəçe­vir, Qazax, Tovuz, Şamaxı bölgələrində də mövcudluğunu nəzərə alsaq, demək olar ki, əgər bu müharibədə “Dəmir yum­ruq” düşmənin başını əzməsəydi, onların iştahı daha da artacaq, həyasız iddiaları təkcə Qarabağla məhdudlaşmayacaq, digər ərazilərimizin də üzərində bayquş kimi ulaşma quracaqdılar... Tez-tez hə­yasızcasına səsləndirdikləri “Naxçıvan daxil Gəncəyə, Bərdəyə, Kürə kimi bi­zimdir” sərsəm iddiaları heç də təsadüfi deyildi. 

Amma fələk başqa cür saydı... Uzaq əsrlərdən bəri davam edən uydurma “Dənizdən–dənizə” əfsanəsi 2020-ci ilin payızında “cəhənnəmə vasil oldu”. 44 günlük Vətən müharibəsi zamanı “Dəmir yumruq” o “sehirli açarı” düşmənin əlin­dən vurub saldı. Yüzillər sonra qazan­dığımız Zəfər, nəhayət, dini və dünyəvi ədaləti, tarixi həqiqəti bərpa etdi! 

***

Biz tarixin dərslərini heç vaxt unut­mamalıyıq. Vaxtilə qədim yurd yerlə­rimizin parçalanıb bölüşdürüldüyünü, yuxarı-aşağı paylandığını, millətimizin zaman-zaman qanlı terrora, vəhşi soyqı­rımına, əzablı deportasiyalara məruz qal­dığını yaddan çıxarmamalıyıq. Bilməli­yik ki, əgər əvvəllər olduğu kimi, yenə də keçmişi unudub erməni göz yaşlarına inansaq, “dostluq” şərqiləri oxumağa başlasaq, saxtakar və hiyləgər düşmən öz əməllərinə davam edəcək. Bizi yox etmək, dövlətimizi və xalqımızı məhv etmək üçün arxamızda yenə işlər çevirə­cək, əleyhimizə xəlvəti planlar quracaq­lar. 50 il, 100 il, 200 il əvvəllərdə olduğu kimi... 

Dünyada yaşayan 50 milyonluq Azər­baycan xalqının hər bir qeyrətli üzvü bu həqiqəti unutmamalıdır. Hamı eyni amala tapınmalıdır: “Dəmir yumruq” kimi möh­kəm olub, bir olub, birləşib xalqı, Vətəni, dövləti pisliklərdən qorumaq!

***

İndi işğaldan qurtulan Qarabağda bö­yük quruculuq işləri gedir. Dövlət qurum­ları əzmlə və sürətlə dağıdılan əraziləri bərpa edir, şəhərləri, kəndləri dirçəldir. 

Bu prosesdə ziyalıların da iştirakı, təbii ki, vacibdir. Sənət adamları gözəl Qarabağ haqqında, əsrarəngiz Şuşa haqqında, 44 günlük müharibə haqqın­da, ordumuz, qələbəmiz, əsgərlərimiz, şəhidlərimiz və qəhrəmanlarımız haqqın­da dəyərli bədii-sənədli əsərlərlə bu pro­sesə qatılmalıdırlar. Müasir inkişaf etmiş Azərbaycanın və müzəffər xalqımızın obrazı olduğu kimi təsvir edilməli, milli özəlliklərimiz, mənəvi-mədəni dəyərləri­miz bədii ifadə vasitələri ilə, zövqlü şəkil­də dünyaya çatdırılmalıdır. Mədəniyyətin hər sahəsində, o cümlədən, ədəbiyyatda, kinoda, teatrda, rəssamlıqda, musiqidə, mətbuatda, tele-radioda yüksək səviyyə­li, istedadlı əsərlərin meydana gəlməsi vacibdir. Müzəffər qəhrəman əsgərlər kimi, əsl yaradıcı sənət adamlarının da aktual mövzularla Vətənin və xalqın xid­mətində olması şərəf borcudur.

Akif ƏLİ,
Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist

Siyasət