İrina Tsukerman: Azərbaycanlıların Ermənistandan qovulması xəbəri geniş işıqlandırılmayıb - ÖZƏL

post-img

Beynəlxalq mediada İkinci Qarabağ müharibəsi ilə bağlı bir çox şayiələr hələ də qalmaqdadır. Son vaxtlar Qarabağdan İrəvana qaçan ermənilərin bəziləri Azərbaycanın, guya, etnik təmizləmə aparması barədə saxta xəbərlər yaymaqda davam edirlər. Azərbaycanlıların Ermənistandan qovulması xəbəri isə heç vaxt ictimaiyyətdə geniş işıqlandırılmayıb.

Bu fikirləri beynəlxalq hüquq üzrə amerikalı ekspert, siyasi icmalçı İrina Tsukerman XQ-yə özəl açıqlamasında bildirdi.

Amerikalı analitik bəzi əsas media orqanlarında hələ də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinə xüsusi diqqət çəkərək, bunun qəbuledilməz olduğunu diqqətə çatdırdı: “Çünki bunun arxasında anti-Bakı dairələr mövcuddur. Anti-Bakı tərəfdarları ictimai rəydə Azərbaycanı ən yaxşı halda "azlıqları sıxışdıran antidemokratik avtoritar rejim" və ya ən pis halda “soyqırımı törətmiş” Türkiyə ilə birləşmiş islamçı ölkə kimi təsəvvür edir. Fərqinə varmırlar ki, sovet dövrü deyil, reallıqlar tamam dəyişib”.

İrina Tsukerman dedi ki, Ağ Evin Azərbaycan haqqında təsəvvürləri çox müsbətdir. Qlobal enerji böhranı zamanı Avropa və İsrail üçün mühüm enerji tədarükçüsü kimi Azərbaycanın dəyəri yaxşı qiymətləndirilir. 

Ekspert ABŞ-ın Qarabağdakı vəziyyətlə bağlı kifayət qədər məlumatlı olmasını dilə gətirərək qeyd etdi ki, Dövlət Departamenti bir neçə dəfə erməni rəvayətlərinə üstünlük verən bəyanatlar verməyə məcbur olub. Məqsəd İrəvanı Rusiyadan uzaqlaşdırıb ABŞ tərəfinə yaxınlaşdırmaqdır. 

Siyasi icmalçı vurğuladı ki, ABŞ Konqresində Cənubi Qafqazı prioritet hesab etməyən, lakin “güclü Ermənistan Qafqazı”na malik olan və Ermənistanla əlaqəli bir neçə senatorun da erməni lobbi hekayələrinə dəstək bazası var: “Konqresdəki ermənipərəst qrupun liderlərindən biri olan senator Menendezin korrupsiya qalmaqalından sonra Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən çıxması ilə siyasətin dəyişəcəyi gözlənilir. Amma ermənipərəst siyasətçilərin heç də hamısı getməyib, üstəlik, ayrıca Azərbaycan Qafqazı düşüncəsi yoxdur; türk lobbisi var və Bakının maraqlarını dəstəkləyir. Konqresdə daha yaxşı və güclü münasibətlərə malik olmaq və ermənipərəst fəalların yüksək səslərinə qarşı çıxmaq üçün Azərbaycan bu əlaqələri müstəqil şəkildə qurmağa çalışmalıdır”. 

İrina Tsukerman erməni diasporunun uzun müddətdir davam edən təsirlərinin hələ də qalması məsələsinə toxunaraq bildirdi ki, diasporun bəzi nümayəndələri Azərbaycana səfər edib, bəzilərisə yox. Səfərlər zamanı reallıqları görmələrinə  baxmayaraq bəzisi susqun, bəzisi isə hətta açıq şəkildə ermənilərin tərəfini saxlayırlar. Bütün bunlara baxmayaraq Azərbaycan xeyli güclənib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət