Zahid Oruc: Göyçəyə, Zəngəzura, İrəvana qayıdışın reallaşacağına inanırıq - YENİLƏNİB

post-img

"Sizinlə toplaşdığımız bu salon Şəhidlər Xiyabanı, Prezident Sarayı, eləcə də təhlükəsizlik orqanlarının əhatəsindədir və xalqımıza qarşı cinayət aktları törədən erməni hərbi-siyasi rəhbərlərinin bir addımlıqda mühakimə edilməsi ilahi ədalətin təntənəsidir. Adətən, təsəvvürlər reallıqdan irəli olur, lakin ölkəmizin gerçəkliyi düşüncələrimizi ötür, arzularımızı qabaqlayır".

Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc "Flamr Towers"in "Nizami" zalında "Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının təqdimatı zamanı xunta rejiminin nümayəndələrinin saxlanıldıqları yerə işarə edərək bildirdi.

Deputat dedi ki, 8 noyabrda gözlənilən Zəfər paradının Xakəndi-Şuşa zirvəsinə çatması və təntənəli keçidi Silahlı Qüvvələrimizin haqqıdırsa, Azərbaycanın çarizm, sovet və müstəqillik tarixində heç bir liderə müyəssər olmayan missiyadırsa, Ulu öndər Heydər Əliyevin ikinci arzusunun Göyçəyə, Zəngəzura, İrəvana qayıdışın da reallaşacağına inanırıq. Lakin dinc yolla, silahsız və sülhü qazanaraq.

"10-cu Türk Zirvəsi göstərdi ki, Yaxın Şərqin və Rusiya-Ukrayna müharibəsinin gələcək qlobal  nəticələrinə də Azərbaycan dövlətinin düzgün, hərtərəfli, strateji baxışı istənilən beynəlxalq konflikti ədalətlə sonlandırmağa imkan verir", - deyə Z.Oruc qeyd etdi.

"I Dünya müharibəsindən sonra Almaniyanın diz çökdürülməsi II Dünya müharibəsini doğurdu. Lakin ikinci məğlubiyyət də son olmadı və nəhayət, Almaniya birləşdi. I Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalı növbəti Vətən savaşına gətirdi. Lakin bizim qələbəmiz Almaniyanın geosiyasi şəraitdən doğan qansız birliyindən daha əzəmətlidir, çünki Azərbaycan qalibiyyəti hərbi meydanda qazanıb".

***

Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc "Flamr Towers"in "Nizami" zalında "Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının təqdimatı zamanı bildirdi.

Z.Oruc dedi ki, Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər: "Qaydış yalnız azad torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni köklərə, dəyərlərə, ənənələrə, əcdadların irsinə və yaratdıqları mirasa, bir sözlə, öz varlığına və kimliyinə sahib çıxmaq deməkdir. Prezidentin çağırışı əsla “Rusiya, İran, Gürcüstan və Ermənistan ərzilərində tarixi torpaqlarımız qalıb, qonşu dövlətlərə hücum və ərazi iddiaları edək” demək deyil, könül və siyasi coğrafiyamızın 86.6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə çatdıran, tarixi yaddaşı diri və canlı tutan sülhpərvər strateji proqramdır. Biz heç bir dövlətə ərazi iddiası etmirik".

"Tarixin saxtalaşdırılması ilə savaş aparan Prezident İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Buna görə ölkə rəhbəri ən yüksək alqışa layiqdir", - deyə deputat bildirdi.

***

"Bu gün ABŞ-da 500 min, Fransada 600 min, İranda 200 min, Livanda 150 min, Suriyada 100 min, Rusiyada 2,5 milyon erməni toplumu yaşadıqları cəmiyyətlərə necə inteqrasiya ediblərsə,  Azərbaycanla da sülh, sabitlik, təhlükəsizlik şəraitində yaşaya bilərlər". 

 

Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc "Flamr Towers"in "Nizami" zalında "Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının təqdimatı zamanı bildirdi.

 

Milli Məclisin deputatı dedi ki, Qərbi Azərbaycan icmasının yaradılması mühüm mədəni, hüquqi və siyasi hadisədir. Təşkilatın 100 minlərlə insanı təşkilandırması, tarixi yaddaşı oyatması və keçmişlə rabitə qurması, dövlətimizin beynəlxalq mənafelərini qoruması doğma torpaqlara dönüşü yaxınlaşdırır. Yüzilliklər ötdükcə maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin yaşadğı torpağa mənsubluğunu göstərən pasporta, kadastr aktına çevrilir. Beləliklə, İrəvan, Göyçə, Zəngəzur milli ideyaya çevrilir. Tarixi yaddaş bərpa olunur. İlham Əliyevin 2020-ci ildə Ağstafada “bunu pozun və Qarakilsə yazın” sözlərini xatırlasaq, prezident “öz xəritəsi”ni yaratdı və dünyaya qəbul etdirdi.

Maddi-mədəni irsi qorumağa borclu olan UNESCO-nun Yeliseyin xarici siyasət silahına çevrildiyini diqqətə çatdıran Z.Oruc dedi ki, Ermənistanda yox, Qarabağda maddi-mədəni irsi peyk görüntüsü ilə müəyyənləşdirən Fransa mədəniyyət naziri bəyan edir ki, ermənilərə məxsus 5200 obyekti müəyyənləşdiriblər: "Göründüyü kimi, Zəfərimizin Xankəndi zirvəsindən sonra xristian irsini qorumaq adı altında Azərbaycana xarici müdaxiləni beynəlxalq gündəmdə saxlamağa çalışırlar. Yeri gəlmişkən, nazir Annalena Berbök 3 gün əvvəl İrəvana səfərdə bəyan edib ki, Almaniya Ermənistanın təhlükəsizliyini təmin etməyə hazırdır. Təsəvvür edirsiniz, düz 105 il əvvəl də ingilis orduları İrəvana gəlmişdi. Nəticəsi sizə bəllidir. Tarix təkrar olunur. Bir vaxtlar vahid səngərdə faşizmə qarşı erməni və ruslarla birgə savaşan azərbaycanlılar indi erməni-alman orduları ilə üzə-üzə qalacaqlar". 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət