Azərbaycana qarşı qeyri-dost hərəkətə adekvat cavab veriləcək

post-img

Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək.

Bu sözlər XIN-in mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəya­natlarına cavabında yer alıb.

Ayxan Hacızadə təəssüflə bildirib ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bü­tövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmiz­lənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç za­man bu qədər qətiyyətlə təşviq etməyib. Bununla yanaşı, ABŞ beynəlxalq öhdə­liklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çər­çivəsində Azərbaycan ərazilərinin işğal­dan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. 

“Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi, Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş mü­naqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır”, – deyən XİN rəsmisi vurğulayıb ki, sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Er­mənistanı regionumuzda cəsarətləndir­mək siyasətinə son qoyulması vacibdir.

Qeyd edək ki, oktyabrın 31-də Sena­tın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ Dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı, münaqişə nəticəsin­də Ermənistanda yaranmış ağır huma­nitar ehtiyacların həlli üçün əlavə ma­liyyəyə ehtiyac olduğunu bildirib. Daha sonra isə noyabrın 2-də Dövlət Depar­tamenti “Amerikanın Səsi” xəbər agentli­yinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin və ərazi bütövlüyünün istə­nilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq.

XQ

Siyasət