Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında yaxından iştirak edir

post-img

Azərbaycan, Rusiya, Moldova, Qazaxıstan və Gürcüstan “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında yaxından iştirak edir.

Bu fikir oktyabrın 20-də Pekində ÇKP MK-nın Beynəlxalq əlaqələr departamentinin rəhbərliyinin 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edən KİV nümayəndələri ilə görüşündə səsləndirilib.

ÇKP MK-nın beynəlxalq əlaqələr departamenti rəhbərinin müavini xanım Li Şijia bu qurumun digər ölkələrin hakim partiyaları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Xanım Li Şijia pandemiya dövründə bütün dünya kimi, Çinin də problemlərlə üzləşdiyini bildirib. Həmin dövrdə digər ölkələrlə əlaqələrdə bir qədər geriləmənin olduğunu Li Şijia, üçillik fasilədən sonra dost ölkələrlə bütün sahələrdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb. “Bu günlərdə Çinin ev sahibliyi etdiyi 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumunun miqyasının və əhatə dairəsinin genişliyi buna sübutdur.

Bu gün Çinin iqtisadi inkişafı nəzərəçarpan sürətlə artıb və bu, əhalisi çox olan ölkəmizin öz vətəndaşlarının iqtisadi vəziyyətinə deyil, digər ölkələrə də yaxından kömək etmək imkanı yaradır. Çin 2013-cü ildə başlatdığı “Bir kəmər, bir yol” layihəsi vasitəsilə dünyada qlobal problemlərin həllində yaxından iştirak edir. Bu layihəyə qoşulan ölkələrin fəaliyyətini yüksək dəyərləndiririk”, - deyə o əlavə edib.

Xanım Li Azərbaycan, Rusiya, Moldova, Qazaxıstan, Gürcüstanın “Bir kəmər, bir yol” təşəbbüsündə yaxından iştirak etdiklərini və onu dəstəklədiklərinə görə təşəkkürünü bildirib, Çinin xarici siyasətində bu ölkələrlə əlaqələrin mühüm yer tutduğunu deyib.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.



Siyasət