Ersin Tatar: Biz Azərbaycanda böyük dəstək gördük

post-img

Azərbaycan Prezidentinin bizə verdiyi dəstək, onun çıxışları, Şimali Kipr həqiqətlərinin bütün dünyaya çatdırılmasında İlham Əliyev kimi dünya Liderinin verdiyi açıqlamalar bizim üçün çox vacibdir. Bizim yanımızda əlbəttə ki, “Ana vətənimiz” adlandırdığımız Türkiyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan var. Lakin Prezident İlham Əliyevin də dünyada nüfuzu çox böyükdür, o, son 20 ildə Azərbaycana böyük uğurlar qazandırıb.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprə dəstəyinin bütün dünya üçün təsirli olacağını vurğulayan E.Tatar qeyd edib: “Çünki bizim buradakı görüşlərimiz Şimali Kipr türklərinin haqlarının müdafiəsinə böyük dəstək verir. Artıq bütün dünya düşünür ki, Türkiyə ilə bərabər, Azərbaycan da Şimali Kipr türklərinin yanındadır. Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında bizə dost olan çox ölkə var. Lakin Qərb dünyası bölgədəki yunanların təsiri ilə əlaqədar bizimlə əməkdaşlıq etməkdən çəkinir”.

“Qərbin bu həmrəyliyi tarixlərindən gəlir, ancaq bizim də həmrəyliyimiz yenə bizim tariximizə və mədəniyyətimizə söykənir”, - deyən Şimali Kipr Prezidenti bildirib ki, bu mənada Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bizi müdafiə etməsi bizim üçün çox vacibdir və dəyərlidir. “Bizim bu səfərimiz tarixi səfərdir. Biz burada böyük dəstək gördük və bu dəstəyə görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycan xalqına minnətdarıq”, - deyə o, əlavə edib.

Siyasət