Ceyhun Bayramovun məktubu BMT sənədləri kimi yayılıb

post-img

Xarici İşlər naziri Ceyhun Bayramovun ölkəmiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərksilah edilməsinə dair sentyabrın 27-də BMT Baş katibinə ünvanladığı məktub və tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri kimi yayılıb.
Məktubda Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhdidlər törədən erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq məqsədilə ölkəmizin beynəlxalq humanitar hüquqa tam şəkildə uyğun olaraq özünün suveren ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumat verilib.
Bu kontekstdə ölkəmiz tərəfindən aparılan erməni silahlı qüvvələrinin tərksilah prosesi, demobilizasiya və reinteqrasiya səyləri barədə məlumat verilib. 
Sonda ölkəmizin yerli erməni sakinlərinin bütün hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycanın sosial, iqtisadi, hüquqi və konstitusion çərçivəsinə reinteqrasiyası istiqamətində səylərə sarsılmaz sadiqliyi bir daha vurğulanıb, bu tarixi məqamda beynəlxalq ictimaiyyət tərəfindən nifrət və düşmənçiliyə yönəlmiş istənilən səyləri qətiyyətlə rədd etməyə və dinc yanaşı yaşamaq səylərini dəstəkləməyə çağırış edilib.

Siyasət