Bir qrup xarici QHT və vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb. Bu aksiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.
Petisiyada deyilir ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Azərbaycan da mina problemindən ciddi əziyyət çəkir. Son 30 ildə Azərbaycanda 3,4 mindən çox insan mina qurbanı olub, onların 90 faizi mülki şəxslərdir.
Kampaniya müəllifləri BMT-yə müraciətlə bəyan edirlər ki, Ermənistan Azərbaycan ərazilərini 30 il ərzində minalayıb, bu proses indi də dayanmayıb. Ermənistan yeni basdırılmış minaların xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməlidir.
Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıblar. Onlar BMT-yə çağırış ediblər ki, qlobal mina probleminə diqqəti artırsın.
Müraciət ciddi rezonans doğurub, yeni elan edilməsinə baxmayaraq, artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulduğunu bəyan edib, bu problemin qlobal həllinə dəstək veriblər.
XQ