Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib YENİLƏNİB

post-img

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.

Əvvəlcə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.

İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib.

Daha sonra milli səviyyədə çıxış edən nazir ölkəmizin İƏT-ə sədrliyi dövründə təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri qeyd edib. Ölkəmizin müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu, bu xüsusda Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna - İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsinin müvafiq sahələr üzrə əməkdaşlığa verilən töhfənin göstəricisi olduğu bildirilib.

Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları barədə danışan nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman regional sülh və təhlükəsizliyə təhdid yaradan qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini vurğulayıb. Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edən Ceyhun Bayramov bu tədbirlər nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb. Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dialoqun davam etdirilməsinin bölgədə guya “etnik təmizləmə” aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.

İclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflərin, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edib.

Tədbir zamanı, həmçinin özündə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmiryolunun inşasını nəzərdə tutan 2023-cü il 6 oktyabr tarixli Niyyət Protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində Yaşıl keçid və qarşılıqlı bağlantılar üzrə Şuşa Bəyannaməsi qəbul olunub.

Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın növbəti addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.

Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT-in Baş katibi Xusrav Noziri iclasın yekunları ilə bağlı mətbuata bəyanatlarla çıxış ediblər.

Mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov İƏT-ə sədrliyimizin ən önəmli tədbiri olan Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixi şəhəri, o cümlədən İƏT-in turizm paytaxtı Şuşada keçirilməsinin simvolik əhəmiyyət daşıdığını qeyd edib. İclas çərçivəsində qəbul olunmuş Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inam ifadə olunub.







Siyasət