17 sentyabr tarixində Azərbaycanla bağlı təcili şəkildə baş tutan gündəlikdən kənar görüş, Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas sayılır.
Azərbaycanın Xankəndiyə qarşı guya tətbiq etdiyi 9 aylıq blokadaya son qoyulmasının müzakirə edildiyi görüşdə yük maşınlarının necə hərəkət etdirilməsi və ərzaq-yanacaq tədarükünün təmin edilməsi müzakirə edilib. Eyni zamanda, bəzi məlumatlara görə, Rusiya sülhməramlılarına beynəlxalq mandatının verilməsi, Qərb sülhməramlılarının da Qarabağa buraxılması təklif edilib. Fikir verin. Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmaması üçün öz sülhməramlılarının bölgəyə BMT mandatı altında daxil olmasını və ruslarla birlikdə ermənilərlə azərbaycanlılar arasında durmalarını Kremlə təklif edib!
Görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ - ni onun region üzrə nümayəndəsi Toivo Klaar, Rusiyanı isə RF Prezidentinin Ermənistan-Azərbaycan əlaqələri üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.
Görüş bizim illərdir dediyimiz tezisin düzgünlüyünü sübut edir. Azərbaycanda bir qrup müxalifətçi və özlərini liberal dəyərlərinin keşikçiləri sayan ekspertlər uzun müddətdir ki, bölgədəki proseslərlə bağlı tamamilə yanlış və birtərəfli xarici geosiyasi istiqamətləri hədəfləyən çıxışlar edirlər. Məlum idi ki, bu sözlərə heç onların özləri də inanmırdı, sadəcə tapşırığı yerinə yetirirdilər, amma eyni zamanda, aralarında bəlli xarici vektorlara sadəlöhvcəsinə inananlar da var idi.
İstanbulda Ukraynada müharibənin getdiyi bir vaxtda keçirilən görüş məni təəcübləndirmədi. Çünki bəllidir ki, böyük şahmat lövhəsində böyük güclər, özlərinə lazım olan vaxtda ortaq məxrəcə gəlməyi bacarırlar. Xoşbəxtlikdən, Azərbaycanın bu görüşə qədər 2 ay əvvəl apardığı ciddi araşdırmalar və onun da nəticəsində apardığı danışıqlar öz nəticəsini verdi. İstanbulda Aİ-ABŞ-Rusiya fikir ayrılığı ilə masanı tərk etdilər.
Görüşə həftələr qalmış Azərbaycan və Türkiyə Rusiya ilə təmaslarda Fransa ilə bağlı ciddi dəlilləri göstərərək, bu ölkənin planlarını ifşa etmişdilər, nəticədə sentyabrın 17-də Vaşinqton-Brüssel-Moskva görüşü nəticəsiz başa çatdı.
Beləcə, Cənab Prezident təsəvvür edə bilməyəcəyimiz vəziyyətdə Azərbaycanı xilas etdi.
Zaur MƏMMƏDOV,
Bakı Politoloqlar Klubunun sədri