BMT-nin bölgəyə gələn missiyasının üzləşdiyi real mənzərə bundan ibarətdir
Azərbaycan hökumətinin hüquq və təhlükəsizliklərinə təminat vermələrinə rəğmən Qarabağı tərk edən ermənilərin sayı ilə bağlı manipulyasiyada İrəvanın hansı məqsədi güddüyünü anlamaq çətin deyil. Beynəlxalq qurumların qarşısında “departasiya”, “etnik təmizləmə” şouları düzənləmək, ən ümdəsi isə, “məcburu köçkünlərin” hesabına düyadan maliyə yardımı dilənmək.
Sentyabrın 19-dək bu insanları Xankəndidəki separatçı-xunta rejimi özünün girovu, bölgədə gerçəkləşdirməyə çalışdığı utopik xəyallar lövhəsində “piyadalar” kimi saxlayırdı. Amma Bakının çoxdan xəbərdarlığını etdiyi lokal antiterror tədbirlərindən bir sutka sonra vəziyyət kökündən dəyişdi. İldırımsürətli əməliyyatdan sonra Ermənistan silahlı qüvvələrinin sağ qalmış tör-töküntüləri dərhal ağ bayraq qaldırdı və rəsmi Bakının silahları təhvil verib Qarabağ iqtisadi rayonumuzu tək etmək şərtini qəbul etməyə məcbur oldu. Amma hətta belə kritik durumda da Azərbaycan hərbi hədəf saymadığı Qarabağın dinc erməni sakinlərinə hər cür yardım, vətəndaşlığımızı qəbul edərək cəmiyyətimizə reinteqrasiya olunmağı təklif etdi.
Fəqət dünənə qədər bölgədə silah və vahimə altında saxlanılan erməni icmasının Laçın sərhəd məntəqəmizdən Ermənistan istiqamətində kütləvi köçü başladı. Onlar bir mərkəzdən komanda alıbmış kimi bölgəni tərk etməkdə israrlıdırlar. Azərbaycan bu prosesin tam şəffaflığını təmin etməklə yanaşı, erməni əsilli sakinlərə xoş niyyətlə, humanistcəsinə davrandı. Bunu sosial şəbəkədə köçənlərin həm şərti sərhədin bu üzündə, həm də o üzündə medianın suallarına verdiyi cavablardan görmək və eşitmək mümkündür. Bəli, Azərbaycanın müvafiq hökumət qurumları bayrağımız altında yaşamaq istəməyən, öz xoşları ilə Qarabağdan gedən etnik ermənilərə nəinki hər hansı təzyiq göstərdi, əksinə, üzləşdikləri probemlərin həlli üçün operativ köməklik, çeşidli xidmət təklif etdilər.
Son on gündə Qarabağda cərəyan edən hadisələri yaxından izləyənlər üçün bİr məsələ maraq doğurmaqdadır. Ermənistanın rəsmi və özəl mediası Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü tərk edən ermənilərin statistikası ilə manipulyasiya edir, rəqəmlərlə oynayır. Rəqəmlər isə səhər və axşam yenilənir. Deyəsən, portallar artıq sonuncu erməninin bölgəni tərk etdiyi barədə xəbəri tirajlamağa girişiblər. İrəvanın istəyinə uyğun olaraq... statistika 120 mində yekunlaşacaq. Amma Hayastan iqtidarı unudur ki, ən səhih və real statistika Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindəki kompyüterin bank-yaddaşındadır. Bu gün Qarabağa gəlmiş BMT missiyası üzvlərinə bizim sərhədçilər yəqin həm də bu məlumatı təqdim edəcəklər. Çünki, onların erməni separatizmindən təmizlənmiş Qarabağımızda həmin statistikadan savayı müşahidə edəcəkləri, monitorinqini aparacaqları subyektlər artıq mövcud deyil...
İ.HƏSƏNQALA,
XQ