Sentyabrın 19-da qeyri-qanuni erməni dəstələrinin Azərbaycanın Qarabağ iqtisadi bölgəsində dinc əhaliyə qarşı terror aktı törətməsi çox ağır və acınacaqlı hadisələrə yol açdı. Təbii ki, Azərbaycan dövləti ermənilərin bu addımını cavabsız qoymamalı idi. Hadisələr Azərbaycan ərazisində baş verib və bu da terrora məruz qalmış ölkəyə adekvat addım atmağa hüquqi əsas verdi.
Bu sözləri gürcü politoloq Badri Naçkebiya söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın başlatdığı lokal antiterror tədbirləri tam hüquqi əsaslara malikdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın Azərbaycan ərazisi olduğunu həm sözlə, həm də rəqəmlərlə təsdiq edib. Bunun qarşılığında yenidən müharibəyə başlamaq Ermənistanın məhvi demək idi. Sentyabrın 20-də Ermənistan tərəfinin danışıqlara başlamaq üçün bəyanatı da, əslində, gözlənilən idi. Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, Azərbaycanın qarşısında tab gətirə bilməyəcək. Ona görə də daha böyük itkilər vermədən danışıqlar masasında oturmağa hazır olduğunu bildirdi. Bu, Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədəki Qələbəsinin məntiqi davamıdır.
“İnanıram ki, sülhün əldə olunması Ermənistanın və bütövlükdə regionun inkişafına böyük təkan verəcək”, - deyə Naçkebiya vurğulayıb.
O, həmçinin deyib ki, indi Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı düşünməli və bu öhdəliyi yerinə yetirməlidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi