Dünən Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın mətbuat konfransında səsləndirdiyi, bölgədə sülhə və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlər qəbuledilməzdir.
Bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib. O qeyd edib ki, Azərbaycanın öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönəltmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir.
Ayxan Hacızadə xatırladıb ki, əslində bölgədə əsas təhdid mənbəyi Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin mövcudluğudur.
Fransa tərəfinin bölgədə guya "blokada" və "humanitar böhran"a dair əsassız iddialarına gəldikdə isə, sözügedən fikirlər Ermənistanın Azərbaycana qarşı bütün dünyada apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir.
Azərbaycan özünün Qarabağ bölgəsinə yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə və Azərbaycanın qanunvericilik tələblərinə riayət etməklə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu bəyan edib. Bu istiqamətdə iyulun 15-də Brüssel görüşündən sonra, eləcə də avqustun əvvəlində əldə edilmiş razılıqlara və bu prosesin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsinə baxmayaraq Ermənistan tərəfinin və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğu Fransa tərəfinə yaxşı məlumdur.
Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik”, – deyə Azərbaycan XİN rəsmisi vurğulayıb.
XQ

