Nikol Paşinyan ölkəsini “dəmir yumruğ”un altına aparır

post-img

Ermənistan baş naziri siyasi oyunbazlığına yeni “çalarlar” qatıb

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin ictimai televiziyasına müsahibəsi bir neçə cəhətdən maraqlıdır. Şübhəsiz, onun vurğuladıqları, əsasən Azərbaycan–Ermənistan, Ermənistan–Rusiya münasibətləri ilə bağlıdır. Ümumən onu deyək ki, N.Paşinyan əvvəlki “ampluasına” sadiqdir və qətiyyən səmimi deyil. O, heç bir halda Azərbaycanla sülhü arzulamır. 

Baş nazir anti-Azərbaycan ritorikasını, necə deyərlər, göz bəbəyi kimi qoruyur. Onun söylədikləri, Qarabağ avantürası­nın davamlılığından xəbər verməklə yanaşı, Ermənistan rəh­bərliyinin arsenalında bu avantüra naminə çoxşaxəli gediş­lərin mövcudluğunun bariz göstəricisidir. Həqiqətən, Nikolun həyasızlığı sərhəd tanımır. Yazımızda bütün bunlardan söz açacağıq.

Lavrova cavab, yaxud Qarabağ avantürasında fərqli metod

Əvvəlcə Paşinyanın Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl dediklərinə münasibətinə diqqət yetirək. Lav­rov bildirmişdi ki, Ermənistan hakimiyyə­ti 2022-ci ilin oktyabrında keçirilmiş Praqa sammiti zamanı (Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurası prezidenti­nin vasitəçiliyi ilə reallaşmış görüşü nəzərdə tutulur – red.) 1991-ci ilin Alma-Ata Bəyan­naməsinə istinad edərək, Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu isə Rusiya XİN rəh­bərinin fikrincə, Qarabağa status verilməsi ilə bağlı mövzunun üstündən xətt çəkdi. 

Qeyd edək ki, Lavrov bu fikri Ermənis­tan cəmiyyətində populyar olan “Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Qarabağı Ermənistana verdi” iddiasına cavab kontekstində işlətmişdi. Onun söylədiklərin­dən belə nəticə hasil olmuşdu ki, əgər İrəvan Alma-Ata Bəyannaməsinə əsasən, ölkəmizin ərazi bütövlüyünü tanıdığını bildirməsəydi, vəziyyət başqa cür olardı. Vurğuladığımız kimi, Qarabağa status məsələsi gerçəkləşərdi. Lavrovun fikrincə, məhz mövcud səbəbdən indi yaşananlara görə bütün məsuliyyəti Er­mənistan iqtidarı daşıyır və İrəvanın hakim siyasi dairələrinin Moskvanı nədəsə günahlan­dırması düzgün deyil. 

Paşinyan isə bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma, heç bir şəkildə, 1991-ci ilin Alma-Ata Bəyannaməsini ləğv edə bilməz. Onun sözlərinə görə, Ermənistan parlamenti bəyannaməni 1992-ci ilin fevra­lında ratifikasiya edib. Yəni, sənədi Ermənis­tanda və ya Qarabağda vəziyyəti pisləşdirən hansısa yeni amil və ya hal kimi göstərmək cəhdi doğru deyil. Çünki o, eyni zamanda, Er­mənistan qanunvericiliyinin ayrılmaz hissəsi­dir: “Biz qanunvericiliyə istinad etdik və bunu qeyri-adi bir şey hesab etmək ən azı düzgün deyil. Üstəlik, onu da demək istəyirəm ki, ma­yın 14-də qarşılıqlı əsasda ərazi bütövlüyünün tanınması haqqında saziş (Azərbaycan və Er­mənistan liderlərinin 14 may 2023-cü il tarix­də Aİ Şurasının prezidentinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra əldə edilmiş razılıq nəzərdə tutulur – red.) 1991-ci ildə Alma-Ata Bəyannaməsi imzalanan zaman Ermənistanın həyata keçirdiyi siyasətlə heç bir şəkildə zid­diyyət təşkil etmir”. 

Burada N.Paşinyanın 1991-ci ilə qayı­daraq söylədiyi bəzi fikirlər var ki, onları iki cəhətdən dəyərləndirmək olar. Birincisi, əl­bəttə, Rusiyaya cavab amili aktualdır. Özü də yalnız cavab yox, eyni zamanda, ittiham. İkincisi isə Nikol da, əslində Alma-Ata Bəyan­naməsini fərqli interpretasiya etməyə cəhdi göstərir ki, bu da yolverilməzdir. Çünki həmin cəhd Azərbaycanın daxili işinə qarışmaqdır. Məsələyə izah verək.

Deməli, Nikol Ermənistanın birinci pre­zidenti Levon Ter-Petrosyanın Alma-Ata Bə­yannaməsi imzalandıqdan sonra bildirdiyi fikirlərə diqqət yönəldib. Paşinyan deyib ki, birinci prezident Dağlıq Qarabağ üçün Rusi­ya muxtariyyətləri modeli kimi muxtariyyət istəyib. Əlbəttə, L.Ter-Petrosyanın nə dediyi o qədər də önəmli deyil. Çünki o, sonradan Qa­rabağ uğrunda mübarizənin səmərəsizliyini, beynəlxalq aləmin buna qarşı olduğunu etiraf etmiş adamdır. Paşinyan isə onun etirafdan çox əvvəlki sözlərinə istinad etməklə, yəni, Ermənistanın Qarabağda muxtariyyət düşün­cəsini diriltməklə, faktiki olaraq, elə həmin Alma-Ata Bəyannaməsinə zidd mövqe tutur. Bir halda ki, sənədə imza atmaq Azərbayca­nın ərazi bütövlüyünü tanımaqdır, o zaman, deməli, Qarabağa muxtariyyət tələbi yolveril­məzdir. Azərbaycan Dağlıq Qarabağın muxa­tiyyərini ləğv edibsə, buna ancaq hörmətlə ya­naşılması lazım idi. Ancaq nə o zamankı, nə də hazırkı Ermənistan iqtidarı bunu etmir. 

Ən əsası isə Nikol deyir ki, Praqa və Brüssel razılaşmaları 1991-ci ildə Alma-Ata Bəyannaməsi imzalanan zaman Ermənistanın həyata keçirdiyi siyasətlə heç bir şəkildə zid­diyyət təşkil etmir. Sual olunur: həmin vaxt Ermənistan hansı siyasəti həyata keçirirdi? Cavab birmənalıdır – Azərbaycana qarşı ərazi iddiası irəli sürürdü. Deməli, Praqa və Brüs­seldə ölkəmizin ərazi bütövlüyünü tanımaq heç nədir?

Nikolun Rusiya muxtariyyətləri modeli ilə bağlı dediklərinə gəlincə, yanlış da olsa, o, bu istiqamətdə paralel apara bilər. Ancaq müqa­yisəsi Moskvanın xoşuna gələcəkmi? Axı, Rusiyanın federativ quruluşu, yəni çoxsaylı muxtar vahidləri parçalanma üçün münbit zəmin verən platforma təəssüratı yaradır. İndi Paşinyan nə demək istəyir? Demək istəyir ki, Rusiyanın müxtəlif xalqlardan bir parça qo­parması ilə Ermənistanın Azərbaycandan tor­paq istəməsi eyni məsələdir? Bir daha bildirək ki, L.Ter-Petrosyan o zaman dediklərinə görə, faktiki olaraq, peşmançılıq keçirib. O, Qara­bağ avantürasını davam etdirməyin mümkün­süzlüyünü görüb istefa vermiş prezidentdir. Paşinyan isə istefa vermək niyyətindən uzaq­dır. 

Amma Nikol Lavrova cavab kontekstində bir məqamda müəyyən qədər haqlıdır. O de­yir ki, Almaata Bəyannaməsini heç nə saymaq doğru olmaz. Çünki sənədə əsasən, de-yure və müəyyən dərəcədə de-fakto Ermənistan və digər postsovet ölkələri özlərinin müstəqillik­lərini əldə ediblər. Baş nazirin bu siyahıda Ru­siyanı da nəzərdə tutduğu birmənalıdır. 

Paşinyanın Lavrovun “Praqada Ermənis­tan Qarabağı Azərbaycana verdi” məntiqinə cavab anlamında söylədiyi daha bir fikir də tutarlıdır. O bildirir ki, İrəvan həm Praqa­da, həm də Brüsseldə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsini aktu­al saxlayıb. Yəni, Nikol ölkəsinin Qarabağ avantürasına Rusiyanın status ritorikasından kənar obraz qazandırdığını açıqlayır. Bu, adi məsələ sayıla bilməz. Deməli, İrəvan bölgə­ni əldə etmək üçün Rusiyanın egidasından kənar mübarizə metodu ortaya qoyur. Müba­rizədə status məsələsi yoxdur və onun yerini Qarabağ ermənilərinin hüquq və təhlükəsiz­liyi məsələsi tutur. Yəni, avantürizmin, belə demək mümkünsə, müstəqil xətti aktuallığını saxlayır. Əlbəttə, bu xətt Qərbə bağlıdır, İrəva­nın müstəqilliyi çox nisbi anlayışdır. 

Paşinyanın mövqeyi budur: Bir halda ki, onun nəzərdə tutduğu beynəlxalq təminatlı hüquq və təhlükəsizlik olacaq, məsələ gələ­cəyə daşınacaq. Bu isə Ermənistanın Qarabağ iddiasının davamlılığını təmin edəcək. Həm də ona görə ki, bölgənin erməni əhalisi üçün imtiyaz Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişində yer alacaq. Əl­bəttə, Lavrov Ermənistanın statusdan kənar olaraq, müstəqil şəkildə Qarabağ arzusunun mümkünsüzlüyünü düşünməkdə sərbəstdir. 

N.Paşinyan da Rusiyanı haqsız çıxarmaq­da sərbəst olduğunu göstərir. O, Lavrova cavab olaraq onu da deyir ki, Qarabağın Azərbayca­nın bir hissəsi kimi tanınması “Azərbaycanın Laçın yolu müstəvisindəki hərəkətlərinə əsas yaratdı” kimi fikirlər yanlışdır. Həm də ona görə ki, “Rusiya, ən azı, iki dəfə bəyan edib ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə ta­nınan Azərbaycanın ərazisidir. Nə Praqa sa­zişi, nə də hər hansı digər saziş tərəflərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini ləğv etməyib. Yəni, bu suala müraciət lazımdır: 10 noyabr üçtərəf­li Bəyanatı etibarlıdır, yoxsa yox? Aydındır ki, o, qüvvədədir və 10 noyabr Bəyanatı, heç bir halda, 1991-ci il Alma-Ata Bəyannaməsini ləğv edə bilməz”. 

Əlbəttə, N.Paşinyanın Lavrova cavabları tutarlı ola bilər. Ancaq, bu, o demək deyil ki, həmin cavablar manipulyativ xarakter daşımır. Məsələn, o bildirir ki, “Laçın dəhlizi” bir ter­min olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəf­li Bəyanatda əksini tapıb və tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. Bu bəyanat qüvvədədirsə və sənədin nə Alma-Ata Bəyan­naməsinə, nə də 6 oktyabr 2022-ci il tarixli razılaşmaya heç bir dəxli yoxdursa, deməli, Nikol Azərbaycanın ərazi bütövlüyünü Er­mənistanın tanımasını ayrıca götürür, Laçın yoluna “dəhliz” deməklə əraziyə xüsusi status qazandırır. O zaman sual yaranır: Ermənistan Paşinyanın qüvvədə qaldığını iddia etdiyi üç­tərəfli Bəyanata əməl edirmi? Axı elə həmin bəyanatda ayrıca yol məntiqi var idi. O yol ki, Qarabağın erməni əhalisinin Ermənistan­la birbaşa təmasını yaradacaqdı. Azərbaycan o yolun öz tərəfinə düşən hissəsini inşa etdi, Ermənistan isə yox. Deməli, bu baxımdan da üçtərəfli Bəyanatı pozdu. “Laçın dəhlizi” məntiqi ilə hərəkət etməyi seçərək, əslində, Qarabağ avantürasının davamı yolunu tutdu. Bu avantüranın davamlılığının digər göstərici­si isə bölgədə sayı on minə çatan qeyri-qanuni erməni hərbi birləşmələrinin mövcudluğudur. Halbuki, üçtərəfli Bəyanata əsasən, həmin bir­ləşmələr ərazidən çıxmalı idilər.

Paşinyanın “telefon diplomatiyası”. Niyə Putinə zəng olmayıb?

Məlum olduğu kimi, N.Paşinyan bir neçə gün əvvəl, necə deyərlər, şivən qoparmışdı. O, ABŞ Dövlət Departamentinin rəhbəri An­toni Blinkenə, Fransa Prezidenti Emmanuel Makrona, Almaniya Kansleri Olaf Şoltsa, İran Prezidenti İbrahim Rəisiyə, Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng vuraraq, Azər­baycanın Ermənistana hücum etmək istədiyini bildirmiş, haqqında söz açdığımız Praqa və Brüssel razılaşmalarına sadiqliyini, yəni, əs­lində Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını demişdi. 

Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin zəng edilənlər sırasında yox idi. Paşin­yan müsahibəsində məsələyə aydınlıq gətirib. O deyib ki, Putinlə daha əvvəl əlaqə saxlayıb­mış. O biri liderlərə zəng isə guya, “hansısa nüanslardan xəbəri olmayan tərəfdaşlara mə­lumat çatdırmaq” məqsədi daşıyıb. Belə çıxır ki, Rusiya Prezidentinin hər şeydən xəbəri var, digərlərinin isə yox. Əlbəttə, Paşinyan Putinə zəng edib deyə bilməzdi ki, Praqa və Brüssel anlaşmalarına sadiqdir. Çünki həmin razılaş­maları Nikol Kremldən “xəbərsiz” imzalayıb. Lavrov da elə bunu başa salmaq istəyirdi. Başa saldı, amma özünü də dolaşığa saldı. Məsələn, Rusiyanın XİN rəhbəri bu suala ca­vab verməlidir ki, o, nə üçün “Rusiya üçtərəfli Bəyanatla Qarabağı Ermənistana verdi” iddi­asına cavabında, Qarabağa status məsələsini yada salır? Məgər, Moskva Qarabağa statusu ərazini Ermənistana vermək kimi başa düşür­müş?..

Əlqərəz, Paşinyan dünyaya mesaj verir ki, Rusiya bölgədə baş verən prosesləri idarə edir, imkan vermir ki, Ermənistan sərbəst dav­ransın, daha doğrusu, avantürizmini müstəqil şəkildə reallaşdırsın. Digər tərəfdən, Paşinyan, Brüssel və Praqa reallıqları fonunda Qarabağ ambisiyası üçün tutacaq yeri tapdığını göstər­di. Göstərdi ki, Moskvanın mövcud istiqamət­dəki planlarına ehtiyac duymur. Nikol, dünya­nın dörd bir yanına zəng vurmaqla həm bunun çağırışını elədi, həm də Azərbaycanın müm­kün hücumuna qarşı bir növ, beynəlxalq im­munitet formalaşdırmağa cəhd göstərdi. Axı, o, yaxşı bilir ki, yeritdiyi qeyri-ciddi siyasət Bakının səbrini daşırır, bu öz yerində. Ancaq N.Paşinyan “hər şeydən xəbəri olan Rusiyanın Prezidenti” ilə yeni söhbətə ehtiyacın olma­masından təəssüfünü də ifadə edir. Ehtiyac isə ona görə yoxdur ki, sonuncu söhbətdən sonra heç nə dəyişməyib. Yəqin, Putindən dəstək istəyib, alınmayıb. 

Roma statutu Azərbaycandan qorunmaq üçün imiş?

Bəli, dəstək alınmadığı üçün Nikol si­yasi şantaja keçib. Anti-Rusiya ritorikasına sadiqlik xətti götürən Paşinyan ilk dəfədir ki, bu xəttə Putini də daxil edir. Nəzərə alaq ki, Paşinyan indiyədək Moskva üzərinə kök­lənərkən, Rusiya liderinin adını çəkmirdi. Baş nazirin bu davranışı düşünməyə vadar edir. 

Ancaq, hələlik bunu bir kənara qoyub, Nikolun anti-Rusiya ovqatındakı ənənəvi rito­rikadan söz açaq. O ritorikadan ki, onu mü­sahibəsində yenidən gündəmə gətirdi. Söhbət Rusiyanın hakim rol oynadığı və Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatından gedir. Mövcud xüsusda Roma statutunun yada salınması isə Nikolun lap təzə oyunbazlığıdır. 

Baxın, Paşinyan bildirir ki, Cənubi Qafqa­za münasibətdə diqqət çatışmazlığı var. Yəni, KTMT lazımi diqqət göstərmir. O, eyni za­manda, deyir ki, ölkəsinin sərhəd problemləri həllini tapmalıdır. Bunun üçün isə “əlimiz­dəki alətləri tamamlamaq lazımdır”. Alətləri tamamlamağın yolu, sən demə, Roma statutu imiş. İzah edək necə. Daha doğrusu, Nikol özü aydınlıq gətirəcək. 

Haşiyə çıxaq ki, Roma statutu həm də Ru­siya Prezidenti V.Putinin digər hansısa ölkənin ərazisinə daxil olarkən, dərhal həbsini nəzər­də tutur. Ermənistanın baş nazirinin sözlərinə görə isə 2020-ci ilin 44 günlük müharibəsi və 2022-ci ilin sentyabrında baş verənlər göstərdi ki, ölkənin sərhəd toxunulmazlığı məsələsin­dəki prioriteti gözləmək üçün ona kömək edə­cək amilləri dəyərləndirmək şərtdir: “Roma statutunun Ermənistan–Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Biz onu ratifikasiya edəcəyik. Çünki 2022-ci ilin sentyabrında və 2021-ci ilin mayında baş vermiş hadisələrin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılmasını istəyirik. Bu, KTMT-nin Er­mənistan qarşısında götürdüyü öhdəlikləri ye­rinə yetirmədiyi şəraitdə təhlükəsizliyimizin səviyyəsinin yüksəldilməsi baxımından əhə­miyyətli təsir göstərə biləcək amildir. Bunu gözardı edə bilmərik. Bizim məsuliyyətimiz beynəlxalq vasitələr də daxil olmaqla, əlavə təhlükəsizlik vasitələri əldə etməyə çalışmağı­mızdır, mövcud istiqamətdə addımlar atmağı­mızdır. Rusiya Federasiyasında bütün bunlar haqqında düzgün fikirlərin formalaşdırılması üçün fəal işləyirik. Roma statutu ilə bağlı na­rahatlıqları aradan qaldıra biləcək çox konkret həll təklif etmişik və bu həll üzərində işləyi­rik”.

Göründüyü kimi, N.Paşinyanın siya­si oyunbazlığı sərhəd tanımır. O, indi, necə deyərlər, Rusiyanın başının altına yastıq qoy­maqla məşğuldur. Həm KTMT-nin timsalın­da Moskvanı günahlandırır ki, Ermənistanın sərhədlərinin toxunulmazlığı təmin edilmir, həm də Roma statutu ilə bağlı Kremli arxa­yın salmağa çalışır. Əlbəttə, yaxşı bəhanəsi var. Sən demə, Roma statutunun ratifikasiya­sı Azərbaycanın təhlükəsindən xilas olmağa hesablanıbmış. Belə gülməli fikri, ancaq Ni­kol düşünə bilərdi. Görəsən, o, öz dediyinə inanırmı? Hər bir halda, bir məsələ aydındır. Deməli, Ermənistan parlamenti sözügedən və Rusiya tərəfindən hiddətlə qarşılanan sənədi qəbul edəcək. Paşinyan bunun anonsunu artıq verdi. Onun əsaslandırmasının isə heç bir əhə­miyyəti yoxdur. Çünki ortada konkret nəticə var – Ermənistan Rusiya ilə bütün bağlarını kəsir. Təhlükəsizlikdən söz düşmüşkən isə N.Paşinyan Ermənistan üçün təhlükənin qal­dığını, Azərbaycanın sərhədə qoşun yığdığını bildirib. 

Nikol Samveli niyə təbrik etmədi?

Bəli, Paşinyan haqlıdır. O anlamda ki, Cənubi Qafqazda gərgin durum davam edir. Çünki Ermənistan sərhədə hərbi texnika yı­ğır, habelə, özünün Qarabağ xülyasından geri durmur. Xülyadan söz düşmüşkən, bununla əlaqədar növbəti məqam Qarabağın separat­çı rejimdə keçirilmiş “prezident seçkisidir”. N.Paşinyan müsahibəsində həmin “seçki”yə toxunub. Ancaq əvvəlcə o, Arayik Arutyun­yanın separatçıbaşılıqdan istefasından təəs­süfləndiyini bildirib: “Dağlıq Qarabağın yeni seçilmiş prezidenti Samvel Şahramanyana gə­lincə, mən hesab edirəm ki, vəziyyət elədir ki, onu təbrik etmək üçün xüsusi bir şey yoxdur. Onun üzərinə çox böyük məsuliyyət düşür”.

Nikol onu da bildirir ki, “beynəlxalq bir­liyin məntiqinə, öz mövqelərimizə və yanaş­malarımıza qarşı çıxmaqdansa, konsolidasiya məntiqini rəhbər tutmalıyıq və Dağlıq Qara­bağda yaranmış humanitar böhranı siyasiləş­dirməməliyik. Çünki səylərimizin əsas məqsə­di humanitar böhranın aradan qaldırılmasıdır. Dağlıq Qarabağda böhran var və biz imkan verməməliyik ki, həddindən artıq siyasiləşmə yolu ilə məsələnin humanitar mahiyyəti siyasi müstəviyə çevrilsin. Bizim yanaşmalarımız da bu məntiqə əsaslanır”.

Deməli, Nikolun Samveli təbrik etməmə­sinin səbəbi bu imiş. Erməni baş nazir, guya tədbirli davranır. Ancaq onun özünü açığa çıxaran iki məqam var. Birinci məqam Pa­şinyanın Şahramanyan üzərinə məsuliyyətin düşdüyünü bildirməsidir. Görəsən, ikincinin məsuliyyəti nədir? Paşinyan “məsuliyyət” dedikdə nəyi nəzərdə tutur? Əslində, Nikol bu suallara birbaşa cavab vermir və ehtiyatlı davranır, onun dili ilə desək, məsələni siya­siləşdirmir. Ancaq, hər bir halda gəlinən nəticə ortadadır: İrəvan Qarabağ ambisiyasından əl çəkmir. 

İkincisi. Bəli, İrəvan Qarabağ ambisiya­sından əl çəkmədiyi üçün Paşinyan bildirir ki, Ermənistan və “Artsax” hakimiyyəti bir-biri ilə əlaqə saxlamaqda davam edir. Bu yerdə bir məqamı da vurğulayaq. Əgər erməni baş nazir dünya liderlərinə zəng vurub Praqa və Brüssel sammitlərinin nəticələrinə sadiqliyini bildirmişdisə, bəs bu “Artsax” hakimiyyəti nə deməkdir? Nə üçün İrəvan bu “hakimiyyətlə” əlaqədə olmalıdır? Ümumiyyətlə, belə bir ha­kimiyyət olmalıdırmı? Əlbəttə, olmamalıdır! Azərbaycanın mövqeyi budur ki, Samvelli, Arayikli, Rubenli, Qurgenli və başqa sepa­ratçılardan ibarət rejim gömülməlidir! Bunun alternativi yoxdur və İrəvan Paşinyanın mən­tiqi ilə onlara “hakimiyyət” kimi yanaşmanı davam etdirəcəyi təqdirdə, bu, ölkəmizin ərazi bütövlüyünə qəsd kimi qiymətləndiriləcək. Deməli, cavab tədbirləri də özünü çox gözlət­məyəcək. Bu gedişlə erməni baş nazir ölkəsini “dəmir yumruğ”un altına düşüb əzilmək aqi­bətinə doğru aparır. Özü də çox inamla. 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət