Qarabağda suverenliyimizin alternativi yoxdur

post-img

Azərbaycanın Qarabağ dirənişi, Paşinyanın zəngi, Blinkenin sözü, Ərdoğanın xəbərdarlığı, İranın “qırmızı cizgiləri”, Rusiyanın humanitar yardımı və... 

Dünyanın diqqət mərkəzi Cənubi Qafqazdadır. Ermənistanla Azərbaycan arasında hər an müharibə başlaya bilər. Hərbi eskalasiya riski günü-gündən artmaqdadır. 

Bəs, bunun qarşısının alınması üçün hansı tədbirlər görülür? Ümumiyyətlə, tədbir görülürmü? Yazımızda bununla bağlı söz açacaq, eyni zamandan, mövcud durumun gərginlik mənzərəsini xarakterizə edəcək məqamlara nəzər salacağıq.

Əvvəla, ondan başlayaq ki, Qarabağdakı qondarma rejimdə seçkilər keçirildi. Üstəlik, rejimin yeni seçilmiş oyuncaq “prezidenti” Samvel Şahramanyan əlini konstitusiya adlandırılan mənasız kağız-kuğuz yığınına basıb and da içdi. Bunlar Azərbaycan tərəfindən böyük hiddətlə qarşılanan və separatçı rejimə dövlət libası geyindirməyə hesablanmış hərəkətlərdir. Dünya birliyi tərəfindən məsələyə, böyük ölçüdə heç bir reaksiya yoxdur və həmin dünya birliyi Cənubi Qafqazda sülhdən dəm vurur. Kabinetində qılınc asılmış Samvelin bu görüntüsünün əks olunduğu şəklin yayılması isə əsl “sülh” mesajıdır. Kimlərsə mövcud məqamı yaxşı-yaxşı düşünsün. Hər halda Şahramanyanın qılıncının altından keçmək istəməzlər...

Blinken və Amerika hinduları

Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Bunu əks etdirən videogörüntülər var. Ancaq beynəlxalq aləm yenə məsələyə münasibətdə susqunluq göstərir. Ortaya “sülh göyərçinləri” çıxır. Sözləri təxminən budur: dalaşmayın. Bəs sonra? Ancaq sözmü? İrəvana demək olmur ki, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrini geri çağırsın? Görünür olmur. Amma  ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirir ki, Azərbaycanla Ermənistan arasındakı sülh sazişində Qarabağ ermənilərinin hüquq və təhlühkəsizliyi nəzərə alınmalıdır. 

Yəni necə? Sülh sazişinə ayrıca bənd salaq və deyək ki, ölkəmiz Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinə təminat verir? Görəsən, Birləşmiş Ştatların konstitusiyasında yazılıbmı ki, ölkə hinduların hüquq və təhlükəsizliyinə zəmanət verir? Belə də nə zəmanət? Hindu qalıb ki? Böyük əksəriyyətini qırıb çatıblar. İndi yəqin ABŞ deyir ki, biz etmişik, siz etməyin? Amma Qarabağ ermənilərinə nə isə etmək fikrimiz yoxdur. Cənab Blinken əziyyət çəkib fikir bildirməsə də olardı. Onsuz da işimiz separatçı rejimlə və onun dayağı rolunda çıxış edən qeyri-qanuni erməni hərbi birləşmələri ilədir. 

Leş olmaqdan, tələbə olmaq yaxşıdır

Yeri gəlmişkən, həmin birləşmələrdəki hərbçilərin səssizcə bölgəni tərk etdikləri bildirilir. Səssizcə, yəni tələbə qismində. Sən demə, yeni dərs ili ilə bağlı Qarabağdan Ermənistana təhsil almağa gedənlər var. Sayları da on mindir (?). Hər halda, Azərbaycan sərhədçiləri tələbə ilə tələbə olmayanı ayırd edə bilirlər... Təki getsinlər. Onsuz da başqa çarələri yoxdur. Özgə torpaqlarda leş olmaqdansa, İrəvanda təhsil almaq daha yaxşıdır. Nə qədər olmasa, təhsil xeyirli şeydir. Avantürizmdən də xilas edir.  

Kannani Ermənistan–ABŞ ­təlimindən danışmır

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kannani Azərbaycan və Ermənistan arasındakı gərgin duruma işarə edərək bildirib ki, ölkəsi öz sərhədləri həndəvərindəki vəziyyəti diqqətlə izləyir. Bu nə deməkdir? Yəni loru dildə desək, harada dalaşırsınızsa-dalaşın, elə edin, mənə tərəf gəlməyin. Əlbəttə, Kannaninin məntiqində Tehranın son zamanlar daha çox işlətdiyi “qırmızı xətlər” ifadəsi də əsasdır. Məlum olduğu kimi, bu günlərdə İran tərəfində Ermənistanın ərazi bütövlüyü “qırmızı xətt”dir deyimləri yenidən eşidilməyə başlayıb. Çox güman, Kannaninin də bildirdiyi elə budur. 

O zaman gərək, Tehran Ermənistanın Azərbaycanla şərti sərhədə hansı məqsədlə qoşun yığdığına aydınlıq gətirsin. Yeri gəlmişkən, sözçünün bildirdiyinə görə, Azərbaycan təlim keçirir. Deməli, Bakıdan məsələ barədə soruşublar. Görəsən, İrəvandan da nə isə soruşublar? İranın XİN rəsmisi bu barədə heç nə demir.  Bəs yaxşı, o, bilirmi ki, Ermənistan ölkəsini Yer üzündən silmək istəyən ABŞ-la birgə hərbi təlim keçirir. Hər halda bilməmiş olmaz. O zaman niyə buna münasibət bildirmir? Hə, İrəvan İranla sərhəddən uzaqdır axı. O zaman biz də İsraillə birgə Ələtdə təlim keçirək. Görək, Tehranın xoşuna gələcəkmi?

Ərdoğan dözülməz deyir. Şarl Mişel nə yazır? 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” sosial şəbəkəsindəki hesabında G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü və həmin görüşdə Azərbaycan–Ermənistan münasibətlərini müzakirə etdiklərini yazıb. Yeri gəlmişkən, Türkiyə lideri bildirib ki, Ermənistanın Qarabağdakı hərəkətləri yanlışdır və buna görə baş nazir Nikol Paşinyanla telefon danışığı aparmaq niyyətindədir. “Məsələ ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar apardım, ondan sonra bəlkə sabah cənab Paşinyanla da danışıq aparacam”, - deyən Ərdoğan əlavə edib ki, Qarabağda atılan addımlar dözülməzdir və Avropa İttifaqına üzv dövlətlər də buna dözməyəcək. Onu da deyək ki, Türkiyə lideri dözülməz hərəkət dedikdə separatçı rejimə “seçkiləri” nəzərdə tutub.  

Paşinyanın “telefon diplomatiyası” və ikiüzlülük

Ermənistanın baş naziri Nikol Paşinyana gəldikdə isə onun ötən bir neçə gündə “telefon diplomatiyası”na üstünlük verdiyi aşkardır. Baş nazir ABŞ-ın dövlət katibi A.Blinkenə, Fransa Prezidenti Emmanuel Makrona, Almaniya Kansleri Olaf Şoltsa, İran Prezidenti İbrahim Rəisiyə, Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə telefon açaraq bildirib ki, ölkəsi 2022-ci ilin Praqa və 2023-cü ilin Brüssel razılaşmalarına sadiqdir. Bu isə o deməkdir ki, Ermənistan, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə çıxır, ölkəmizin suverenliyinə hörmətsiz yanaşan Qarabağdakı separatçı rejimdir. O rejim ki, bölgənin sıravi ermənilərinin arxasında gizlənib, onları özünə sipərə çevirib. Nikolun iqtidarı isə bütün platformalarda Qarabağda soyqırımı bağırtıları qopardır. Deməli, rejimi dolayısı ilə müdafiə edir. Belə yanaşmanın isə bir adı var - ikiüzlülük. 

Sarkisyanın ayıqlığı

Ermənistanın paytaxt İrəvan yaxınlığında ABŞ-la birgə hərbi təlim keçirdiyini diqqətə çatdırdıq. Təlimin getdiyi bir dövrdə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib ki, Cənubi Qafqaz regionunda hərbi eskalasiya riski həmişə var. O, bu fikri bildirərkən, iddia edib ki, Azərbaycan Ermənistanla şərti sərhədə qoşun yığır. Bu arada onu da deyək ki, artıq neçə müddətdir, Ermənistan ordusunun bölmələri Azərbaycanın silahlı qüvvələrinin mövqelərini atəşə tutmaqdadırlar. Dünən hərbi əməliyyatlar üçün daha riskli sayılan platformadan uzaq mövqelərimiz də atəşə tutulub. Söhbət Gədəbəydən gedir. Əlbəttə, Azərbaycan Ordusu əks tədbirlər görüb. 

Overçukun işçi qrupunu “pas tutub”

Azərbaycanla Ermənistan arasındakı gərginlik hər iki ölkənin və Rusiyanın baş nazirlərinin müavinləri səviyyəsində reallaşan üçtərəfli işçi qrupunun  danışıqlarına da təsir göstərib. Bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk deyib. “Təbii ki, hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, bizi ləngidir və biz oturub işə başlayanadək vaxt keçir”, - deyən Rusiya rəsmisinin sözlərinə görə, növbəti üçtərəfli görüşün nə vaxt keçiriləcəyi vəziyyətdən asılı olacaq. 

Rusiyanın yardım maşını “­xarab olub”, yoxsa...

Rusiya tərəfindən Qarabağ ermənilərinə göndərilən yardımdan da xəbər yoxdur. Baxmayaraq ki, separatçı rejimdə yardımın qəbul ediləcəyi bildirilirdi. İndiyə yük avtomobili artıq Xankəndiyə çatmalı idi. Ancaq onun hələlik Bərdədə olduğu, heç Ağdam–Xankəndi yoluna çıxmadığı bildirilir. Yəqin separatçılar düşünürlər. Azərbaycanın həmin yolla yardım göstərməsini özlərinin saxta dövlətçiliklərinə xələl gətirilməsi kimi qiymətləndirmişdilərsə, eyni qaydada Rusiyanın humanitar dəstəyinə münasibətdə də davranmaları mümkündür. Çox güman, Ermənistandan cavab gözləyirlər. Gözləsinlər.

Deyiləsi çox şey var

Əlbəttə, Azərbaycan–Ermənistan gərginliyini xarakterizə edən çox məqamlar var və onların hər birinə ayrılıqda nəzərə salmaq mümkündür. Hələlik sadaladıqlarımızla kifayətlənir və yekun qənaətə gəlirik ki, hazırda Cənubi Qafqaz 44 günlük müharibədən sonra özünün ən yüksək çağını yaşayır. 

Azərbaycanın mövqeyi bəllidir. Qarabağda separatçılıq tamamilə aradan qalxmalıdır. Bu, baş verməyənədək lazım gəlsə, gərginliyi yaradan qüvvə də biz olacağıq və Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, nəinki Ermənistan, ümumən dünyada heç bir qüvvə bizə qarşı çıxa bilməyəcək. Həm də ona görə ki, haqlıyıq. Ən əsası isə haqqımızı müdafiə etməyə gücümüz var. 

Ə.RÜSTƏMOV 
XQ

 



Siyasət