Qərəzçiliyin və qeyri-obyektivliyin ünvanı – BBC

post-img

Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsi ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəltdi. Hazırda Azərbaycanın dünyada qalib, Ermənistanın isə məğlub ölkə kimi qəbul edilməsi ermənipərəst qüvvələri, eyni zamanda, ağa qara deməyə adət etmiş, hər addımbaşı “zavallı erməniləri” müdafiə edən, beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən qərəzli medianı da yandırıb- yaxır. Azərbaycan- Ermənistan münasibətlərinin axarında, Cənubi Qafqazda sülhün, əmin-amanlığın nizama salındığı bir vaxtda özünü həqiqət carçısı hesab edən BBC-nin erməni separatizmini təbliğ etməsi heç bir media normalarına sığmır. Artıq BBC telekanalının da dünya ermənipərəstliyinin əsirinə çevrildiyi və bu yolda kimlərinsə əlində alətə çevrildiyi özünü açıq şəkildə büruzə verir. 

Otuz il doğma dədə-baba yurdundan didərgin düşmüş, müharibə illərində hər cür humanitar fəlakətlə üz-üzə qalmış keçmiş məcburi köçkün azərbaycanlılara münasibətdə bir dəfə də olsun BBC telekanalında ədalətsizliyə qarşı reportaja rast gəlinmədi. Bu, jurnalistikanın universal standartlarına, qayda-qanunlarına qarşı çıxmaq deməkdir. Əkisnə, həqiqəti görməzliyə vurub separatizmi təbliğ etməsi balanslı xəbər anlayışını çox ciddi şəkildə pozur, birtərəfli, qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirir. Bu kanal belə qərəzli münasibəti ilə, ilk növbədə, öz reputasiyasına zərbə vurur,  ictimaiyyətdə özünə qarşı inamsızlıq yaradır. Dünya jurnalistikası üçün peşəkarlığı qərəzsizlik örnəyi kimi təqdim edən belə bir qocaman media qurumun kimlərinsə əlində alətə çevrilməsi və qeyri-obyektiv xəbərlər yayması təəssüf hissi doğurur. Burada digər bir məqam da qanunların pozulmasıdır.

Separatçılığı açıq-aydın təbliğ etdiyi media qurumunun fəaliyyəti hər bir kəsdə ikrah hissi oyadır. Azərbaycan hüquqi dövlətdir və dünya birliyində nüfuzu getdikcə artan müstəqi ölkədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq bəndində qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar etmək, bu barədə materiallar yaymaq cinayət məsuliyyəti yaradır və bu tipli əməllər cinayət əməli hesab olunur. 

BBC-nin Azərbaycan həqiqətlərini yox, separatizmi, yalan və həqiqətə uyğun olmayan informasiyaları yaymaqla ölkəmizin ərazi bütövlüyünü, suverenliyini şübhə altına alması media qanunlarına tamamilə ziddir. Bu yalançı və qərəzli media qurumunun  təbliğat maşını yenə də davam edəcəksə, o zaman həmin qurumun lisenziyasının ləğvi və fəaliyyətinin dayandırılması gündəmə gəlməlidir. Mətbuat Şurasının da yaydığı bəyanatda bu məsələ öz əksini tapıb. Həmin bəyanatda qeyd edilir ki, ya bu media qurumu üzr istəyərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır. BBC-nin özünün də dediyi kimi, güvən qazanılır. O isə bu güvəni artıq itirib, qərəzçiliyin və qeyri-obyektivliyin ünvana çevrilirb.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Siyasət