Ərizənizi verin, vətəndaşımız olun

post-img

Hikmət Hacıyevin açıqlaması Qarabağ ermənilərinə şans yaradır

Azərbaycanın Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmayan hissəsində başıpozuqluq və xaos hökm sürür. Qondarma “dqr”-in qondarma başçısı istefa verib, onun “postuna” müvəqqəti olaraq bir başqa separatçı “təyin edilib”. Batmaqda olan gəmini xatırladan Xankəndidəki daşnak-xunta rejimi min bir oyundan çıxsa da, son aqibətlərini dəyişə bilməyəcək. Bakının onlara təklif etdiyi yeganə alternativ yol tərksilah olunmaq, “səlahiyyətlərini dondurmaq”, oyuncaq atributlarını zibil qutusuna atmaqdır. Bundan sonra orada qalanlar Azərbaycanın şərtlərini qəbul etməli, vətəndaşımız olmalı, bayrağımızın altından keçməlidirlər. Bu qədər sadə.

İndi Qarabağın erməni icmasının başında duranlar Bakı ilə dialoqdan və Ağdam–Xankəndi yolunu açmaqdan, humanitar yadımın qəbulundan imtina edirlər. Bu isə ona aparır ki, Azərbay­can Ordusunun suveren ərazimiz sayı­lan bölgədə qayda-qanun yaratmaqdan savayı seçimi qalmayacaq. Əgər İrəvan hakimiyyətinin azca sağlam məntiqi və diplomatik intuisiyası qalıbsa, Xankən­didəki separatçılara Azərbaycanın şərt­lərini qəbul etməyi məsləhət görməlidir. Lakin aşkar görünən odur ki, Hayastan hakimiyyəti son günlər şərti sərhəddə silahlı təxribatlara əl atmaqla bölgədə onsuz da gərgin olan vəziyyəti daha da qızışdırmaq yolunu tutub. Bəlkə İrə­vanda belə güman edirlər ki, sərhəddə törətdikləri təxribatlarla Azərbaycanı Qarabağda öz qayda-qanununu ya­ratmaqdan yayındıra biləcəklər? Xeyr, bu “diplomatik arthazırlıqlar” daha işə yaramır, heç bir “erməni hiyləsi”nin də faydası olmayacaq. Müzəffər Azərbay­can Ordusunun gücü şərti sərhəddə mövcud üstünlüyümüzü bundan sonra da davam etdirməyə, eləcə də doğma Qarabağımızda daşnak separatizminin kökünü kəsməyə yetərlidir. Bu həqiqəti hazırda İrəvan və Xənkəndidə tikan üs­tündə oturanlar da yaxşı bilirlər. 

* * *

Qarabağ erməniləri seçim etməli­dirlər. Onlar ya Azərbaycan torpağında yerli qanunlarla yaşamağı qəbul etməli, ya da ərazimizdən rədd olub getmə­lidirlər. İrəvan və onun kənar dəstək­çiləri bu prosesi “etnik təmizləmə” kimi qələmə verməyə çalışmaqla kökündən yanılırlar. Məgər həmin ermənipərəst Fransada və ya ABŞ-ın Kaliforniya şta­tında kimsə yerindən qalxıb desə ki, “yaşadığım ölkənin qanunlarını tanımı­ram və onun pasportunu da daşımaq istəmirəm”, o adamı dərhal ölkədən deportasiya edərlər, ya yox? Əlbəttə, qeyd-şərtsiz edərlər. Elə eyni hüquqi prosedur Azərbaycanda da keçərlidir.

“Qarabağın erməni sakinləri Azər­baycan vətəndaşlığı üçün ərizə ilə müraciət etməlidirlər”. Bu sözləri Azər­baycan Prezidentinin köməkçisi, Prezi­dent Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə müsahibəsində deyib. Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətən­daşlığını qəbul etməklə Bakının suve­renliyini və qanunlarını da tanıyırlar.

Hüquqi baxımdan, Qarabağ böl­gəsində doğulmuş ermənilər Azərbay­can vətəndaşlarıdır. İntəhası, Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələ­ri tərəfindən işğalından sonra İrəvan burada anneksiya siyasəti aparıb və regionun, erməni sakinlərinin, demək olar ki, hamısına qeyri-qanuni şəkildə öz pasportlarını paylayıb. İndi Xankən­didəki xunta rejimindən bezmiş sıravi ermənilərə unikal şans verilir. Evində oturub müraciət-ərizələrini doldurub in­ternet üzərindən onlayn formada Bakı­ya göndərə bilərlər. Əminik ki, çox qısa müddətdən sonra belə müraciətlərin sayı yüzlərlə deyil, minlərlə olacaq. Və o zaman daşnak-separatçı qaragüruh dinc sakinlərə nəzarət etmək iqtidarın­da olmayacaq.

Prezidentin köməkçisi onu da diqqətə çatdırıb ki, Azərbaycan Qara­bağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək. H.Hacıyev vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Az­lıqların Müdafiəsi üzrə Çərçivə Kon­vensiyasının (FCNM) üzvüdür: “Belə konvensiyalar çərçivəsində biz Qara­bağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”.

O, həmçinin İrəvanın başbilənlə­rinə, onların Fransa kimi dəstəkçilərinə xəbərdarlıq edərək bildirib ki, Azərbay­can Rusiya sülhməramlılarının yerləş­diyi Qarabağ iqtisadi rayonunun “boz sahə”yə çevrilməsinə heç vaxt imkan verməyəcək.

“Əsl həll yolu yerdədir. Azərbaycan irəli getmək, reinteqrasiya prosesini təmin etmək və yolları açmaq prinsipi­ni rəhbər tutaraq Qarabağ ermənilərini sosial, siyasi və bir sıra digər məsələləri müzakirə və gündəliyi müəyyən etmək üçün birbaşa təmasda olmağa dəvət edib”, – Hikmət Hacıyev vurğulayıb.

* * *

ARAYIŞ: Erməni separatçıları 1991-ci il sentyabrın 2-də DQMV və Azərbay­can SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qara­bağ Respublikası” (“DQR”) elan ediblər. Dekabrın 10-da isə DQMV-da “referen­dum” keçirilib. Elə o vaxt aydın görünür­dü ki, İrəvan SSRİ-nin dağılmaqda ol­masını nəzərə alaraq, özünü münaqişə tərəfi kimi göstərməməklə beynəlxalq rəyi çaşdırmağa, separatçılıq fəaliy­yətini xüsusi plan üzrə reallaşdırmağa çalışır. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respub­likasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Məhz bu tarixdən etibarən açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azər­baycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə özünün silahlı qarşıdur­ma mərhələsinə keçdi.

“Qırmızı imperiya” adı verilmiş SSRİ dönəmində DQMV-yə aid 4388 kvadrat kilometrlik ərazidən az qala iki dəfədən də çox Azərbaycan torpağını işğal edən Ermənistan 32 il bundan əvvəl Konstitu­tusiyasına “Dağlıq Qarabağ”ın Ermənis­tanın tərkib hissəsi olduğunu göstərən maddə daxil edib. Həmin maddə hələ də hayların “ali qanunu”nda durmaqdadır.

Bəli, Qarabağ erməniləri ciblərində Ermənistan pasportu daşıyırlar. İndi onlara suveren ərazisində yaşadıqları dövlətin vətəndaşı olmaq şansı verilir. Rəsmi Bakı baş verənlərin fərqindədir. Hələlik, “acından ölməkdə olan” Qara­bağ sakinlərinə humanitar yardımını təklif edib. Seçim etmək öz əllərindədir. Amma unutmasınlar ki, onlar undan imtina etməklə Bakını “xüsusi humani­tar əməliyyata” sövq edə bilərlər. Çünki Azərbaycan rəhbərliyi, xalqı və ordusu nə torpağımızda ikinci “erməni dövlə­ti”nin yaradılmasına imkan vermək, nə də qəsdən və yersiz uzadılan bu mü­naqişəni gələcək nəsillərə saxlamaq fikrində deyil. 

Tofiq ABBASOV, 
siyasi şərhçi:

Bu, bir qədər mürəkkəb məsələ­dir. Qarabağda yaşayan ermənilər üç kateqoriyaya bölünür. Onların bir qis­mi Azərbaycan vətəndaşlığını çoxdan qəbul etməyə hazırdır. Bir qismi böl­gədən getməyə meyillidir. Digər qismi isə ümumiyyətlə, dünyaya çıxmağa hazırlaşır. Yəni, bu kəsim Qafqazdan uzaqlaşmaq istəyir. Əlbəttə, şəxsi iş­ləridir, özləri bilər. Amma bu məsələdə çətinliklər, problemlər onunla bağlıdır ki, Qarabağ ermənilərinin xüsusilə kişi əhalisinin içində şovinist, xəstə, qaniçən cinayətkarlar da var. Belələri düşünür ki, əgər bu və ya digər forma­da özlərinə bəraət qazandıra bilsələr, hər şey qaydasına düşəcək. Fəqət sənədləşdirmə zamanı onların hamısı milli qanunvericiliyimizin süzgəcindən keçməlidir. Misal üçün, bu yaxınlarda Vaqif Xaçaturyanın saxlanılması nə ilə bağlı idi? Bu adam azərbaycanlılara qarşı soyqırımı aktlarında iştirak edib. 

Orada vaqifəbənzərlərin sayı həd­dən artıq çoxdur. Həmin sakinlər hər yolla özlərinin cinayətkar keçmişini ört-basdır etməyə çalışacaqlar. Hət­ta, inkarçılıqla məşğul olacaqlar. Bü­tün bunlara baxmayaraq, Azərbaycan prinsipial mövqedən çıxış etməlidir. Bəli, prosedurlar hamıya bəllidir. Mü­raciət edin, işinizə baxılsın. Axı hər müraciət edənin əlimizdə dosyesi var. Adam kimdir, harada doğulub, müha­ribədə iştirak edibmi? Qarabağa qə­tiyyən aidiyyatı olmayan fırıldaqçılar da üzə çıxacaq. Orada daimi məskun­laşmaq, torpaq tutmaq istəyənlər var. Sonradan əllərinə silah alıb Azərbay­canın daxilində separatizmlə, sabitliyi pozmaqla məşğul olsunlar? Onların iş­ləri diqqətlə yoxlanılmalıdır. O sakinlər ki, həqiqətən də Qarabağda doğulub­lar, təmizdirlər, dosyelərində şübhəli, cinayətkar əməllər yoxdur, qətllərdə iştirak etməyiblər, əlbəttə ki, onlara müsbət cavab veriləcək. 

Yenə deyirəm, bu, kifayət qədər ağrılı prosesdir. Bizim hüquq-müha­fizə, təhlükəsizlik orqanlarımız bu işlər­də yetərincə təcrübəyə malikdirlər. Bu səbəbdən heç bir təsadüf ola bilməz. Ən əsası isə Xankəndidə, Xocalıda, Ağdərədə, Malıbəylidə, Daşaltıda do­ğulmuş Azərbaycan vətəndaşları doğ­ma yurdlarına, əzəli torpaqlarımıza qa­yıtsınlar. Onlar hələ də məcbur köçkün kimi yaşayırlar. Yəni soydaşlarımızın da pozulmuş hüquqları bərpa edilmə­lidir.

İmran BƏDİRXANLI, XQ





Siyasət