Dünən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlərin Ağdama səfəri təşkil olunub.
Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan daxil olmaqla 50-dən artıq ölkənin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və digər qurumların 60-dək təmsilçisi, xarici jurnalistlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqədə vəziyyəti canlı izləmək üçün Ağdam–Xankəndi yoluna gəliblər.
Xankəndiyə yol açıqdır
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomat, hərbçi və jurnalistlərlərdən ibarət heyətə mövcud vəziyyət barədə ətraflı məlumat verib: “Biz diplomatik korpusun nümayəndələri ilə avqustun 15-də Ağdam–Xankəndi yolunun texniki imkanları və çatdırılma qabiliyyəti ilə yerində tanış olmuşduq. Hələ o zaman diplomatik korpusun nümayəndələri bir daha şahid oldular ki, Ağdam–Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və bu yol daha səmərəlidir. Bu yol düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanlarına malikdir.
Təəssüflər olsun ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, bu günə qədər də dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən yenə də məqsədyönlü şəkildə siyasi manipulyasiyalar, siyasi möhtəkirlik məqsədilə bu yolun açılmasına imkan verilmir”.
Prezidentin köməkçisi daha sonra qeyd edib ki, Ağdam–Xankəndi yolunun fəaliyyətdə olması və bu marşrutla istənilən yüklərin erməni sakinlərin yaşadıqları yerlərə qısa müddətdə və rahat çatdırılması imkanı Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir: “Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir.
Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onların öhdəliklərini ölkə Konstitusiyası və beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, onlar yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər. Ermənistan tərəfindən də məqsədyönlü şəkildə bu siyasətə dəstək verilir”.
Ermənistanın məqsədi separatçı rejimi yaşatmaqdır
Prezident Administrasiyasının şöbə müdiri beynəlxalq heyətə bildirib ki, Ermənistan Azərbaycan ilə razılaşdırmadan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanla sərhədə, yəni “Laçın” sərhəd-keçid mıəntəqəsinə gətirmişdir: “Dünən erməni lobbisinin tərəfdarı və təsiri altındakı bəzi korrupsioner Avropa siyasətçiləri bu teatr xarakteri daşıyan dramın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəlmişlər. Belə addımların heç bir mənası yoxdur. Bu şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək.
Kimlərsə düşünürsə ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatçı statustda yaşamağa davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcək. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların bu yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətlərini gizlətsinlər. Əsl niyyətləri isə vaxtilə işğal altında olan Azərbaycan ərazilərində yaratdıqları qondarma, qanunsuz rejimin yaşamasını təmin etməkdir və bunun üçün müxtəlif bəhanələrdən istifadə edirlər. Yüklərin qəbul edilməməsinə görə məsuliyyət qondarma rejimin və Ermənistanın üzərinə düşür”.
Görünən dağa nə bələdçi...
Verilən məlumatdan və xarici heyətin məntəqədə öz gözləri ilə görüb müşühidə etdiklərindən belə bir nəticə hasil olub ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yüklərinin Ağdam–Xankəndi yolunun Əsgəran yolu ilə birləşmə məntəqəsinə gətirilməsi təmin olunmuşdur. Bu yük avtomobillərində 40 tona yaxın un məmulatı var. Amma yenə də rasizm siyasətinin bariz təzahürü olaraq, Xankəndi rejimi havadarlarının təhriki ilə bu humanitar yükün qəbul edilməsinə qarşı çıxış edirlər.
Bu, bir daha onu göstərir ki, burada məqsəd reinteqrasiyaya yox demək və qanunsuz statusu saxlamaq və bu proseslərdən yalnız siyasi manipulyasiya məqsədləri üçün istifadə etməkdən ibarətdir. Beynəlxalq ictimaiyyətin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş dilopmatik korpusun nümayəndələri bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır.
Siyasi oyunlar və təhdidlər qəbuledilməzdir
Jurnalistlərə verdiyi müsahibədə bir gün əvvəl Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfinin danışıqlarında bu yüklərin Rusiya sülhməramlılarının maşınlarına daşınaraq, onlar vasitəsilə aparılması məsələsinin müzakirə mövzusu olduğunu vurğulayan Hikmət Hacıyev deyib: “Dünən KİV-lərdə və sosial şəbəkələrdə olan məlumatlar da göstərdi ki, təşkil olunmuş aksiyalar vasitəsilə buna mane olmağa cəhd göstərirlər.
Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə də məsuliyyət tam şəkildə qondarma rejimin və Ermənistanın üzərinə düşür. Onlar da bu manipulyativ prosesdə öz funksiyalarını və rollarını oynamaqda davam edirlər.
Təəssüflər olsun ki, bəzi Qərb media resurslarında bu faktlara və mövcud vəziyyətə yalan şəkildə don geyindirmək cəhdləri də var. Bu prosesdə, eyni zamanda, bəzi korrupsioner Qərb siyasətçiləri də öz rollarını oynamaqdadırlar. Onlar tərəfindən separatizmə dəstək verilməsi və separatçıların yaxşı və pis separatçılara bölünməsi tendensiyalarını da görürük ki, bunlar da qəbuledilməzdir. Bir daha qeyd etmək istərdik ki, Azərbaycanın ərazisində hər hansı bir qanunsuz ərazinin, Azərbaycanın mərkəzi hökumətinin nəzarətindən kənar hər hansı bir ərazinin mövcud olması qəbuledilməzdir”.
Xilas yolu reinteqrasiyadır
Prezidentin köməkçisi xarici media təmsilçilərinə açıqlamasında qeyd edib ki, Azərbaycan xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim etmişdir. Amma bundan imtinaya görə məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür: “Orada yaşayan erməni əsilli sadə sakinlər həmin rejimin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadırlar. Onlar öz mövcudluqlarını bu cür aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar və gördüyünüz kimi, bunların heç bir əsası yoxdur. Yüklər buradadır və ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansısa yüklərin daşınması üçün Ağdam–Xankəndi yolu bütün texniki imkanlara malikdir.
Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər. Ona görə də dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür”.
“Humanitar şou” sülh prosesinə zərbədir
Prezidentin köməkçisi bir daha vurğulayıb ki, “humanitar böhran” mövzusunun əsassız olaraq gündəmə gətirilməsinin məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür: “Çünki burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Ermənistan özünü bu məsuliyyətdən gizlədə bilməz. Qondarma rejimin bu gün saxlanılması Ermənistanın dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu məqsədlərlə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan silahlı qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Həmçinin, qondarma rejimin də silahlı qüvvələrinin həmin ərazidə mövcudluğu var. Bu da regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq almaqdadır.
Onlar hələ də ərazilərin minalanması prosesini davam etdirirlər, bunlar da Azərbaycan üçün qəbuledilməz faktlardır. Ermənistanın bu kimi əməlləri Azərbaycanın daxili işlərinə qarışmaq və regional sülh və təhlükəsizliyi pozmaq, həmçinin iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi bir zərbədir”.
Hikmət Hacıyev sonda əmin olduğunu bildirib ki, diplomatik korpusun nümayəndələri gözləri ilə gördükləri bu faktları öz ölkələrinin aidiyyatı orqanlarına çatdıracaqlar: “Bu, ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır”.
XQ