1999-cu ilin parlament terroru, Ruben Vardanyan və tarixi təkrarlanmada Rusiya amili
Qarabağdakı separatçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın bir müddət əvvəlki “Telegram manifesti”ndə Ermənistan hakimiyyətini devirməyə yönəlmiş çağırış ritorikası heç də adi məsələ sayıla bilməz. Bu, onu göstərdi ki, tarix təkrarlana bilər.
Yəni, Ermənistandakı hakimiyyət təmsilçiliyində Qarabağ amilinin ön plana çıxma təhlükəsi var. Axı, uzun müddət bu tendensiya ölkənin siyasi mənzərəsini müəyyənləşdirmişdi. Əhali Koçaryan-Sarkisyan xuntasının illər ərzində apardığı talançılıq siyasətinin şahidi olmuşdu. Ölkənin hakim “Vətəndaş sazişi” partiyasının deputatı Andranik Koçaryanın söylədikləri isə sanki təhlükəyə qarşı müqavimət formalaşdırır.
***
A.Koçaryan bildirir ki, Qarabağda problemləri həll edən gözəgörünməz oyunçular var. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri bu fikri dilə gətirərkən, R.Vardanyan amili üzərinə fokuslanır. Əvvəldə Rubenin “Telegram manifesti”ndən ona görə söz açdıq.
Koçaryanın sözlərinə görə, Qarabağdakı səkkiz nəfər (onlardan biri Vardanyandır – red.) separatçı rejimin rəhbəri, “seçilmiş prezident” kimi qələmə verilən Arayik Arutyunyana qarşıdır. Deputat qəzəblənir: “Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılmazdır. Bəs qalan yeddi nəfər kimlərdir? Qarabağın “seçilmiş prezidenti”ni istefaya məcbur edən keçmiş və ya indiki məmurlar kimlərdir? Bilirəm. Bu məlumat ictimaiyyətə açıqlanmalıdır”. Ancaq A.Koçaryan gizli məqamları açıqlamır. Ola bilər, Ermənistanın hakim partiyası hələlik gözləmə mövqeyindədir. Bəs nəyi gözləyir? Nə üçün Koçaryan, el dilində deyildiyi kimi, oxu atıb yayı gizlətməklə məşğuldur? Bu kimi suallara cavab tapmağa çalışacağıq. Amma başqa suallar da olacaq...
Məlum olduğu kimi, Ermənistanda bu ilin sentyabrında İrəvan meriyasına seçkilər keçiriləcək. Proses hakim komanda üçün son dərəcə vacibdir. Çünki paytaxt ölkənin yarısı deməkdir və Ermənistanın idarəçilik sistemi elə qurulub ki, İrəvanda hakim mövqe tutmaq, hazırkı iqtidarın qərarlarını mübahisələndirmək üçün leqal platformanın qazanılmasıdır. Bir anlıq seçkidə baş nazir Nikol Paşinyana müxalif qüvvənin qələbə qazandığını təsəvvürə gətirsək, bu, faktiki olaraq, ikihakimiyyətlilik doğuracaq.
Üstəlik, seçkidə hansısa müxalif qüvvənin qələbəsinin müstəsna siyasi dividend, mənəvi üstünlük olduğunu da düşünməliyik. Elə bir üstünlük ki, onun nəticəsində bütövlükdə mövcud hakim qütbü siyasi səhnədən uzaqlaşdırmaq, daha doğrusu, bunun üçün münbit zəmin, perspektiv əldə etmək mümkündür. Görünür, elə buna görə R.Vardanyan özünə əl qataraq üsyankar çağırış səsləndirmişdi. Elə bu səbəbdən deputat A.Koçaryan, necə deyərlər, “həyəcan təbili” çalır.
Təhlükə isə deputatın bildirdiyi kimi, yalnız Ruben deyil. Vardanyan, çox güman, aysberqin görünən tərəfidir. O anlamda ki, Ermənistan hakimiyyətini devirmək, pis halda seçkidə qalib gəlib Paşinyan iqtidarının mövqelərini sarsıtmaq planı hərəkətə gətirilib və Qarabağ separatçılarının keçmiş “dövlət naziri” də həmin “ssenaridə” yer alan önəmli füqurdur. Bəlkə də ən önəmli.
Bəli, Qarabağda ötən ilin dekabrında azərbaycanlı mütəxəssislərin “Qızılbulaq” qızıl və “Dəmirli” mis yataqlarına girişini, ekoloji durumun monitorinqinin aparılmasını əngəlləyən də Vardanyan idi, Ağdam-Xankəndi yolunu beton plitələrlə qapadan da. Üstəlik, bir neçə gün əvvəl Azərbaycanın Xankəndiyə yollanmış humanitar yardımının qarşını kəsən də, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin təmsilçilərinə hücum çəkən də Rubenin dəstəsi olmuşdu. Deməli, bu məxluq var gücü ilə çalışır ki, həm bölgədəki mövcud status-kvo saxlanılsın, həm də... Həm də A.Koçaryan bildirir ki, Qarabağdakı qeyri-sabitliyin Ermənistana keçməsini istəyənlər var. O, eyni zamanda, bədii təfəkkürünü işə salaraq belələrini “Troya atı”na bənzədir.
***
Paşinyanın komandasındakı deputatın “Troya atı” obrazlı ifadəsinin üzərində dayanmağa ehtiyac var. Ancaq qədim dövrdə yunanların Troya şəhərini ələ keçirmək üçün taxtadan hazırladıqları və sonradan “Troya atı” adı ilə məşhurlaşmış hücum vasitəsindən xüsusi söhbət açmağa ehtiyac yoxdur. Yalnız bu qənaətə gəlmək mümkündür ki, Qarabağda Ermənistana hesablanmış “Troya atı” hazırlanmaqdadır və onun məqsədi kimlər üçünsə bağlı qalmış hakimiyyət qapılarını açmaq, daha doğrusu, qırıb-dağıtmaqdır. Həmin qüvvələr qapıları açmağın (qırmağın – red.), yəni seçkidə qalib gəlməyin mümkünsüzlüyünü yaxşı anlayırlar. Əlbəttə, onlar sırf prosesə yönələn siyasi-texnoloji planları da ikinci plana atmırlar. Hələlik, özlərini sivil göstərməyə çalışırlar...
“Troya atı” ritorikasına güc verən Koçaryan onu da bildirir ki, Qarabağ öz keçilməzliyini “seçilmiş prezidentinin” funksiyaları olan dövlət institutları sistemi vasitəsilə əldə etməlidir. Bu nə deməkdir? O deməkdir ki, Qarabağ üzərindən Ermənistanda hakimiyyətə gəlmək kimi avantürist meyillər yolverilməzdir. Yəni, Koçaryan keçmişə qayıdış yolunun olmadığına eyham vurur.
Əlbəttə, deputatın fikirlərində Qarabağı ayrıca tutmaq, İrəvana bağlı olmayan subyekt kimi göstərmək kimi ənənəvi sərsəmlik duyulmaqdadır. Ancaq hazırkı məqamda bu sərsəmlik Paşinyan administrasiyasını təhlükələrdən sığortalamaq qiyafəsinə bürünüb. Ümumən, A.Koçaryanın açıqlaması göstərir ki, Ermənistanda 2018-ci il inqilabı üçün ən böyük təhdid “Qarabağ kartı”dır. Nəzərə alaq ki, bu kart müasir Ermənistan dövlətçiliyinin ideoloji əsasını təşkil etməkdədir.
***
Azərbaycan 44 günlük müharibədə qalib gəlməklə, həmin ideoloji əsası məhvə məhkum duruma saldı. Bu gün həm Ermənistanda, həm də Qarabağdakı separatçı rejim daxilində gedən proseslər müharibənin vurduğu zərbənin təsirləridir. Hazırkı dolaşıq labirintdə görünən, eyni zamanda, budur ki, Qarabağ avantürizmini Ermənistanın ictimai-siyasi mühitinə təməlli keçirmək istəyən qüvvələr aktivləşiblər. Onlar müharibə rüsvayçılığını Paşinyan iqtidarına başa qaxınc şəklində, mənəvi məsuliyyət şəklində qabardaraq, onu nüfuzdan salmaq, nəticə etibarilə siyasi səhnədən tamamilə uzaqlaşmasına nail olmaq istəyirlər.
O da məlumdur ki, Nikolu seçki yolu ilə devirmək üçün indiyədək edilmiş cəhdlər nəticə verməyib. Söhbət 2021-ci ilin növbədənkənar parlament seçkilərindən gedir. O zaman Paşinyan kreslosundan möhkəm yapışdı. Ona vurulan xain, satqın kimi damğalar da cəmiyyətdə ciddi ictimai reaksiya doğurmadı. Hazırda baş nazirin nüfuzu aşağı düşsə də, bu, hələ o demək deyil ki, onu seçki yolu ilə uzaqlaşdırmaq və ya sarsıtmaq asan məsələdir. Deməli, Koçaryanın təbirincə desək, “Troya atı”nı işə salmaq zərurəti var.
***
Bəs, Ermənistanın hakim siyasi elitası nə üçün Qarabağda hazırlanmış “Troya atı”ndan qorxur? Məsələyə izah vermək üçün yaxın keçmişə müraciət etmək zərurəti yaranır. Bu baxımdan üzərində dayanılmalı məqam baş nazir Nikol Paşinyanın vaxtaşırı dilə gətirdiyi bir fikirdir. Nikol tez-tez 1999-cu ilin oktyabrında baş vermiş parlament terrorunu yada salır. Hadisəni ölkənin demokratik inkişafına vurulmuş ən böyük zərbə kimi qiymətləndirir və mövqeyində haqlıdır.
Çünki məhz həmin parlament terroru, konkret olaraq, 1999-cu il oktyabrın 27-də Ermənistanın Milli Assambleyasına silahlı hücum ölkənin siyasi sistemini və gələcəyini dəyişdi. Həmin vaxt Nairi Hunanyan adlı terrorçunun başçılıq etdiyi beş nəfərdən ibarət dəstə Ermənistanın siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçyan başda olmaqla, səkkiz nəfəri qətlə yetirdi.
Yada salaq ki, Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası 1999-cu ilin mayında keçirilmiş parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq o zamankı prezident Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdı. O Koçaryanı ki, Ermənistanın özündən sonrakı üçüncü prezidenti Serj Sarkisyanla birlikdə “Qarabağ klanı”nı təmsil edirdi. O Koçaryan ki, Qarabağ münaqişəsində Azərbaycanın xeyrinə güzəştin qaçılmazlığını görmüş, “Qarabağ klanı”nın təhdiləri qarşısında istefa verməyə məcbur olmuş ikinci prezidenti Levon Ter-Petrosyanın gedişindən sonra dövlət başçısı postuna əyləşmişdi. Özü də saxtakarlıq yolu ilə.
Bəli, 1999-cu ilin parlament terrorundan sonra xunta rejimi uzun illər Ermənistanda hakimiyyətdə qaldı. Ən əsası isə bu cinayətkar qruplaşma Qarabağ münaqişəsinin ədalətli həllinə maneçilik törətdi. Halbuki, 1999-cu ildə Dəmirçyan-Sarkisyan dueti, kifayət qədər pozitiv mövqe tutur, reallığı dərk edirdi. Onlar L.Ter-Petrosyanın yolu ilə gedib güzəştə razılıq verirdilər. Anlayırdılar ki, Qarabağı və digər işğal olunmuş torpaqları Azərbaycana geri qaytarmaqdan başqa yol yoxdur.
***
Əlbəttə, indi demək olmaz ki, Paşinyan iqtidarı reallıqla hesablaşır və onu devirmək ssenarisinin işə düşməsi bununla əlaqədardır. Nikolun öz oyunu var. Həmin oyun göz qabağındadır. Onun uğursuzluğu da həmçinin. Mövcud situasiyadakı “Troya atı” isə həm uğursuzluğu aradan qaldırıb Qarabağ avantürasının davamı üçün yaşıl işıq yandırmalı, həm də Paşinyanı hakimiyyətdən uzaqlaşdırmalıdır.
Gələk, A.Koçaryanın nə üçün oxu atıb yayı gizlətməsinin üzərinə. Yəni, o niyə deyir ki, Qarabağdakı gərginliyi Ermənistana keçirmək istəyən qüvvələr var? Bunu söyləyərkən, hansı səbəbdən yalnız Vardanyanın üzərində dayanır? Cavab çox sadədir. İstər deputat A.Koçaryan, istərsə də onun şefi Paşinyan yaxşı anlayırlar ki, erməni cəmiyyəti xəstədir. Bu xəstəliyin hər an aktiv fazaya daxil olması mümkündür. Loru dildə desək, xəstə cəmiyyətin Qarabağ damarına basmaq olmaz. Paşinyanın komandası buna görə ehtiyatlıdır.
Bəli, Nikolun iqtidarı seçkiyə Qarabağ ritorikasını aktiv saxlayaraq getmək yolunu tutur. Buna görə mövcud müstəvidə spekulyasiyalara baş vurur. Yeri gəlmişkən, onu da deyək ki, Nikol 2021-ci ilin növbədənkənar parlament seçkiləri zamanı da eyni “ritorikanı” əsas götürmüşdü. Hətta, seçkiqabağı platformasına Hadrutu və Şuşanı geri qaytarmaqla bağlı sərsəm müddəalar da daxil etmişdi.
***
Bilavasitə A.Koçaryanın “Troya atı” məntiqinə söykənərək, onun ünvanladığı və cavabından xəbərdar olduğu sualların üzərində dayanaq – “Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılmazdır. Bəs qalan yeddi nəfər kimlərdir? Qarabağın seçilmiş prezidentini istefaya məcbur edən keçmiş və ya indiki məmurlar kimlərdir?” Əlbəttə, ehtimallar olsa da, qalan yeddi nəfərin kim olduğuna dair dəqiq fikir bildirmək çətindir. Ancaq Vardanyanın kim olduğu bəllidir. O, Rusiyadakı siyasi dairələrin adamıdır. Paşinyanın hakimiyyətini devirmək istəyənlərin adamı. Deməli, 1999-cu ilin parlament terrorunu əbəs yerə xatırlamamışıq.
Qeyd edək ki, 2005-ci ilin aprelində Rusiya məxfi xidmətinin keçmiş agenti Aleksandr Litvinenko ölkəmizin “Realniy Azerbaijan” qəzetinə müsahibəsində ölkəsinin Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsini Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq məqsədilə Ermənistan parlamentində terror aktı təşkil etməkdə ittiham etmişdi. Əlbəttə, ittihamını təsdiqləyəcək dəlil yox idi. Buna görə Litvinenkonun söylədikləri çoxsaylı kənar təkziblərin nəticəsində havada qaldı. O zamankı prezident Robert Koçaryanın milli təhlükəsizlik üzrə müşaviri Qarnik İsaqulyan isə keçmiş agenti “xəstə” adlandırdı.
27 oktyabr 2012-ci ildə, yəni məlum qətliamın 13 ilinin tamam olduğu gün fransız əsilli erməni siyasi mühacir və keçmiş keşiş Arsruni Avetisysan Ermənistanın “A1plus” telekanalına müsahibə verərək, Rusiyanın gizli xidmətlərinin hadisənin arxasında dayandığını iddia etdi. O, 2013-cü ildə eyni agentliyə verdiyi daha bir müsahibədə Ermənistan parlamentindəki terror aktının ölkənin müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan və o zaman milli təhlükəsizlik naziri olmuş (sonradan prezident -red.) Serj Sarkisyan tərəfindən törədildiyini bildirdi. Həmçinin, S.Sarkisyanın və R.Koçaryanın “neo-bolşevik cinayət klanı”nın hakimiyyətə gətirilməsinə Rusiyanın xüsusi xidmət orqanlarının da kömək göstərdiyini vurğuladı.
Sonda belə nəticəyə gəlmək mümkündür ki, hazırda 1999-cu ildə “Qarabağ klanı”nı təmsil edən Koçaryan-Sarkisyan tandeminin yerini Rusiyanın adamı olan Ruben Vardanyan və Andranik Koçaryanın adını çəkmədiyi qalan yeddi nəfər tutub. Elə bu səbəbdən yazımızın əvvəlində Ermənistanda tarixin təkrarlana biləcəyini vurğuladıq. Onu da diqqətə çatdırdıq ki, hakim “Vətəndaş sazişi” partiyasının deputatının söylədikləri həmin təkrarlanmanın qarşısını almaq üçün, bir növ, müqavimət hissi aşılayır. Görünür, İrəvan meriyasına seçkilər yaxınlaşdıqca, bu sayaq açıqlamaların sayı artacaq. Çünki Qarabağ müstəvisində Azərbaycanla olan ziddiyyətlərin get-gedə Ermənistana daha real bir formada sıçraması perspektivi görünməkdədir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”