Ermənistanın ekoloji terroru davam edir

post-img

Dünən Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabatın təqdimat mərasimi keçirilib. Sənəddə Ermənistan ərazisində istismar olunan mədənlərin transsərhəd çaylar vasitəsilə Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin ekologiyasına ziyan vurması barədə ətraflı məlumat əksini tapıb.

Hesabatı “Environmental Protection First” QHT koali­siyası Azərbaycan Respubli­kasının Kosmik Agentliyinin dəstəyi ilə hazırlayıb. Təqdi­matda dövlət qurumlarının, beynəlxalq təşkilatların və sə­firliklərin, QHT və media qu­rumlarının təmsilçiləri iştirak ediblər. 

Hesabatı təqdim edən “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birli­yinin sədri Amin Məmmədov Qafan, Voskedzor, Arcut, Yuxarı Vardanidzor, Meqha­sar, Azatek, Armanis, Qara­berd, Meqradzor, Hankasar, Şamlux, Sotk, Amulsar, Aqa­rak, Tequt, Qaracan, Ayged­zor, Liçk, Mqart, Sofi Binay, Dastakert, Razdan, Tuxma­nuk, Mərcan və Liçqvay-Tey mədənlərindən çıxarılan po­limetalın, qızılın, gümüşün, molibdenin, sinkin ətraf mü­hitə ciddi zərər vurduğunu, ekoloji fəsadlar yaratdığını diqqətə çatdırıb. 

Digər çıxış edənlər də bildiriblər ki, Ermənistan əra­zisindəki hasilat mədənlərinin kosmik monitorinqinin nəti­cələri bu yataqların ölkəmiz üçün çox zərərli olduğunu göstərir. Ermənistanın mə­dən sənayesində davam edən fəaliyyət region ölkələ­rinin ekoloji durumuna təsir­siz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ət­raf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Bu mədənlərdə ətrafa yayılan tozlar və emal prose­sində istifadə olunan kimyəvi maddələr həm hava yolu ilə, həm də su ilə respublikamı­zın ekologiyası üçün böyük təhlükə yaradır. 

Qeyd olunub ki, Ermənis­tan “Espoo” konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan mədən fəaliyyəti barədə məsləhətləşməli və bir çox hallarda Azərbayca­nın razılığını almalıdır. Yalnız bundan sonra hansısa fəaliy­yəti həyata keçirməlidir. 

“Xalq qəzeti”

Siyasət