Şarl Mişelin susqunluğu pozması

post-img

Vasitəçilikdə israr və Ermənistana xəbərdarlıq

Deyəsən, Avropa İttifaqı Şurasının prezi­denti Şarl Mişel Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçi olduğunu yada salıb. Hər halda onun susqunlu­ğu pozmasını, ilk baxışdan, məhz belə qiymətləndirmək mümkündür. Ancaq cənab Mişel susqunluğunu bir qədər fərqli formada pozub. “Azadlıq” radiosunun Brüsseldəki mənbəyinə inansaq, o, “Dağlıq Qarabağ hakimiyyəti” nümayəndələrini Azərbaycanla mümkün qədər tez dialoqa başlamağa çağırıb. 

Əlbəttə, Mişelin “Dağlıq Qarabağ hakimiyyəti” kimi ifadələrdən istifadə edib-etmədiyini, bu ifadənin “Azadlıq” radiosunun öz məhsulunun olub-olma­dığını söyləmək çətindir. Onun “Bakı–Xankəndi dialoqu” formulunu dilinə gə­tirib-gətirmədiyini demək də, həmçinin. Ş.Mişel məsələyə bu tərzdə yanaşıbsa, deməli, səhv edib...

Ancaq düşünək ki, Aİ Şurası Preziden­ti səhvə yol verməz. Ən azından ona görə ki, özünün vasitəçiliyi ilə keçirilmiş gö­rüşlərin, bütövlükdə təşəbbüskarı olduğu platformanın, hələlik Azərbaycan–Ermə­nistan nizamlaması baxımından ən uğurlu sayıldığını yaddan çıxarmaz. Bu şəxsin qısa müddətdə erməni lobbi və diaspor təşkilatlarının təsirinə düşüb mövqeyini dəyişəcəyinə dair ehtimal da azdır. Çünki Avropanın, eləcə də Aİ-nin, belə demək mümkünsə, klassik ermənipərətləri var. Sahə kifayət qədər ciddi monopoliyadadır. 

Digər tərəfdən, ermənipərəstlik baxı­mından Ş.Mişelə ehtiyacın duyulmadığı fikrindəyik. Ən əsası isə cənab Mişelin sadəcə ağıllı adam olduğunu qənaətimiz var. Axı, ağıllı adam Azərbaycan Prezi­denti İlham Əliyev kimi liderin ona inam və etimadını, vasitəçilik missiyasına verdiyi dəyərini hansısa avantüraya dəyişməz. O zaman düşünək, görək, Aİ Şurasının Pre­zidenti səssizliyi nə üçün pozub? 

***

Əlbəttə, Ş.Mişel barədə eyhamlı söz açmağımız heç də təsadüfi deyil. Əvvəla, yuxarıda qeyd etdiyimiz fikirlər var və hə­min fikirlərin deyiliş tərzini şübhələndirdik. İkincisi, “Azadlıq” radiosundakı mənbə iddia edir ki, Aİ Şurasının prezidenti Azər­baycanı Beynəlxalq Cinayət Məhkəməsi­nin qərarına sayğı göstərməyə, Laçın yo­lunu açmağa çağırıb. 

Hər halda, Azərbaycan – Ermənistan şərti sərhəddinin, yəni Həkəri çayı üzə­rindəki nəzarət-buraxılış məntəqəsinin açıqlığı, oradan hər gün dinc ermənilərin keçdiyi cənab Mişelə agah olmamış de­yil. Çox güman ki, o, hər gün sərhəddən keçənlərin mövcudluğunu bildiyi halda, məntəqənin bağlı qaldığı barədə bar-bar bağıran sarsaq siyasi qövmün varlığından da xəbərdardır. O zaman nəyə görə er­məniləri müdafiə edənlərin cərgəsinə qo­şulsun ki? Nə üçün avantüristlərin axmaq ritorikasını təkrarlasın?

Bütün bunları əsas götürərək və Aİ Şu­rası prezidentinin ağıllı adam olduğunu dü­şünərək, onun həmçinin Azərbaycan tərə­finin digər marşrutlar, o cümlədən Ağdam vasitəsilə humanitar yardım göstərməyə hazır olduğunu vurğulamasının üzərində dayanaq. Üzərində dayanmaq istədiyimiz növbəti məqam Mişelin “Brüsselin Bakı ilə İrəvan arasında danışıqlardakı tərəfsiz və dürüst vasitəçi olmaqda davam etdiyini” bildirməsidir.

***

Birinci məqam. Aİ Şurasının prezidenti Ağdam vasitəsilə Qarabağ ermənilərinə humanitar yardım məsələsini Azərbaycan və Ermənistan liderlərinin danışıqlar gün­dəliyinə gətirən şəxsdir. Yada salaq ki, o, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında iyulun 15-də Brüsseldə keçirilmiş görüşdən sonra mətbuata bəya­natında bu barədə söz açmışdı. Həmin vaxt erməni ictimai rəyi Mişelin bildirdiklə­rini, bir növ, süngü ilə qarşılamışdı. Elə indi də Ermənistan rəhbərliyi, habelə Qara­bağdakı separatçı rejim Ağdam–Xankən­di yolunun açılmasına maneçilik törədir. Onların isterikasına rəng qatan xaricdəki ermənipərəstlər isə bildirirlər ki, bu yol La­çın yoluna alternativ kimi qiymətləndirilə bilməz. Ancaq Mişelin hazırkı açıqlaması onu göstərir ki, Azərbaycan tərəfinin irəli sürdüyü məsələ Aİ-nin gündəmindədir. 

İkinci məqam. Əlbəttə, Ş.Mişel, həmçi­nin digər vasitəçilər Ermənistanın avqus­tun 16-da BMT-nin Təhlükəsizlik Şurasının iclasına daşıdığı Qarabağda humanitar böhran şousuna reaksiya verməmişdilər. Bildirməmişdilər ki, bu şou onların gün­dəliyinə ziddir. Deməmişdilər ki, İrəvan belə hərəkətlərlə danışıqlar prosesinə əks mövqe ortaya qoyur, yeni reallıqlar forma­laşdırmağa cəhd göstərir. 

Ancaq bunları vurğulayacaq ən birinci şəxs məhz Ş.Mişeldir. Çünki onun missi­yası sülhə aparan ən uğurlu təşəbbüsdür. Axı, Ermənistanın konstruktivliyə meyilli­liyi Aİ platformasında nəzərə çarpıb. Baş nazir N.Paşinyanın Qarabağ da daxil ol­maqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirməsi, həmin platforma çərçivəsindəki səylərin nəticəsi kimi qiy­mətləndirilib. Birdən-birə BMT tribunasına çıxarılan məsələ isə Ş.Mişelin əməyinə aşkar hörmətsizlikdən başqa bir şey deyil­di. Cənab Mişel susmaqla o hörmətsizliyi cavabsız qoydu. Eləcə də digər vasitəçilə­rin susqunluğunu mövcud kontekstdən dəyərləndirmək üçün əsaslar var. Çünki susmaq həm də razılıq əlamətidir... 

Onu da vurğulayaq ki, həm Ş.Mişel, həm də ABŞ və Rusiya sakit qalaraq er­məni avantürizminin növbəti “seansının” baş tutmasına razılıq vermiş oldular. Əs­lində, buna tam mənada razılıq demək doğru sayılmaz. Onlar, sadəcə, Ermənis­tana şans yaratdılar ki, sonuncu gülləsi­ni atsın. Əgər bu güllə hədəfə dəysəydi, yəni, BMT Təhlükəsizlik Şurası qətnamə çıxarsaydı, o zaman, şübhəsiz ki, ona istinad edəcəkdilər. Necə ki, indi Ş.Mişel Beynəlxalq Cinayət Məhkəməsinin qərarı­na istinaddan, daha doğrusu, qərara əməl olunmasından danışır. 

***

Haşiyə çıxaq ki, BCM-in qərarı mü­bahisəyə açıqdır. Çünki konkret deyil və Azərbaycanla Ermənistan arasında konk­ret sərhəd xətti olacaqsa (olmalıdır – red.), o zaman həmin qərarın əhəmiyyəti tama­milə itir. Digər yandan isə BCM, faktiki olaraq, sözügedən qərarına zidd addım atıb. Qurum Ermənistanın Azərbaycanın Laçın–Xankəndi yolunda qurduğu postun ləğvi məqsədilə qaldırdığı iddianı rədd edib. Hazırda sərhəd məntəqəsinin fəaliy­yəti Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənir və erməni sakinlər müvafiq qaydada ondan istifadə imkanındadırlar. Yəni, tərəfsiz vasitəçi olduğunu bildirən Ş.Mişelin buna diqqət yetirməsi, durumu nəzərə alması mütləqdir. Ən azı ona görə ki, erməni avantüristlər bunu əllərində bay­rağa çevirirlər və sonra Aİ Şurasının prezi­denti özünün də bildirdiyi kimi, dürüst ol­maq istəsə, həmin başıpozuqlar məsələyə riyakarlıq adı qoyacaqlar. Fikrimizcə, cənab Mişel heç nədən, yumşaq desək, tənqid hədəfinə çevrilmək istəməz... 

***

Bəli, rəsmi İrəvanın BMT müstəvisində çıxardığı oyun nəticə vermədi və hazırda Ş.Mişelin açıqlaması Azərbaycan–Ermə­nistan danışıqlar prosesinin qaldığı yer­dən davamına çağırışdır. Bakı, şübhəsiz, çağırışa müsbət yanaşır. BMT-dəki ermə­ni şousunu susqunluqla qarşılamaq Aİ-nin vasitəçilik missiyasının səmimiliyinə inamı azaltsa da, ölkəmiz həm belə prinsipsiz yanaşmaları çox görüb öyrəncəli olduğun­dan, həm də ümumən Cənubi Qafqazda ədalətli sülhün formalaşmasına can atdı­ğından, dövlətimizin Mişelin təşəbbüsünü nəzərə alacağını söyləyə bilərik. Bəs Er­mənistan? 

Rəsmi İrəvanın təmsilçiləri, demək olar, hər gün anti-Azərbaycan çağırışlar səsləndirməklə, ölkəmizin nüfuzuna xələl gətirməyə hesablanmış “gedişlərə” baş vurmaqla, Aİ-nin, yenidən start götürmə­sinə ümidlərin yarandığı, sülh missiyası­na tam etinasız münasibət bəslədiklərini göstərirlər. Yəni, Ermənistandakı hazırkı ovqat Azərbaycanla danışıqlar perspekti­vini doğurmur. Əksinə, belə təəssürat ya­ranır ki, İrəvanın BMT-də atdığı sonuncu güllənin boşa çıxması, erməni ictimai rə­yini qəzəbləndirib və vəziyyətdən yeganə çıxış yolu üçüncü müharibədir...

***

Nəhayət, Ş.Mişelin əvvəldə diqqətə çatdırdığımız fikrindən söz açaq. Söhbət Bakı–Xankəndi dialoqu kimi sırınan və Aİ Şurası prezidentinin dilindən səsləndi­yi iddia edilən məsələdən gedir. Bununla bağlı fikirlərimizi yuxarıda diqqətə çatdır­dıq. Əlavə olaraq, eyni zamanda, cənab Mişelin dialoq dedikdə Qarabağın erməni icmasının nümayəndələri ilə Azərbayca­nın təmsilşilərinin görüşünü nəzərdə tut­duğuna inanaraq bildirək ki, Ermənistan və Qarabağdakı separatçı rejim ölkəmizin xoşməramlı təkliflərini geri çevirmək üzrə “püxtələşib”. Bu iki kəsim BMT TŞ-dəki müzakirədən əvvəl toplantının xeyirlərinə yekunlaşacağı fikrinə qapılıb, Yevlaxda planlaşdırılmış təması pozdular. İndi isə bəyan edirlər ki, Bərdə görüşünə razı de­yillər. 

Belə olan təqdirdə cənab Mişel də, deyəsən. “güllələrini” havaya atana birinə çevrilir. Halbuki, Ermənistanın Aİ Şurası­nın Prezidentinin çağırışına həssas ya­naşması lazımdır. Çünki Mişel dialoqdan söz açarkən, prosesin mümkün qədər tez reallaşmasının zəruriliyini bildirib. Hesab edirik ki, sırf “mümkün qədər tez” ifadəsi yalnız çağırış deyil, eyni zamanda, İrəvan, ümumilikdə, erməni avantürizmi üçün xə­bərdarlıqdır. Axı, Azərbaycanın səbrinin tükənməyə doğru getdiyi beynəlxalq icti­maiyyətə çox yaxşı məlumdur. 

***

Sonda bildirək ki, hər bir halda Aİ Şu­rasının prezidenti Ş.Mişelin susqunluğu pozması müsbət haldır. Bu, onu göstərir ki, qurum özünün vasitəçilik missiyasında israrlıdır. Digər tərəfdən, Ş.Mişelin açıqla­ması təşkilatın mümkün vasitəçilik rəqabə­tini əlindən buraxmadığının da təsdiqidir. 

Onu da nəzərə alaq ki, Aİ-nin vasitəçi­lik baxımından bəlli gündəliyi var. Həmin gündəliyə əsasən, Azərbaycan və Ermə­nistan liderləri sentyabrda görüşməlidirlər. Onu da nəzərə alaq ki, sentyabr görüşü­nün baş tutması Aİ-nin iki Cənubi Qafqaz ölkəsi arasındakı münasibətlərin normal­laşmasına yönələn səylərinin məntiqi və ədalətli yekununa doğru irəliləməsi baxı­mından son dərəcə önəmlidir.

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət