Xankəndi ilə dialoqu “torpedolayan” kimdir?

post-img

İrəvan üçtərəfli bəyanatın bəndlərini öz arşını ilə ölçür

Belə məlum olur ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla böynuna götürdüyü öhdəliklərin böyük qismini yerinə yetirməkdən boyun qaçıran Ermənistan ha­kimiyyəti Bakının xoşməramlı, humanist davranışından sui-istifadə etmək yolunu tutub. Əgər belə olmasaydı, İrəvanın ayağı bu dərəcədə yer almaz, özündə Azərbaycana qarşı xüsusi şərtlər irəli sürmək cəsarətini tapmazdı. Hayastan baş naziri Nikol Paşinyanın hökumətin iclasında dilə gətirdiyi bəyanat xarakterli açıqlamalarına da məhz bu nöqte­yi-nəzərdən yanaşmaq daha düzgün olar. Məğlub ölkənin “komandanı” “daxili bazara” hesablandığı şübhə doğurmayan belə açıqlamaları ilə, az qala, Azərbaycana müharibə elan edirmiş kimi davranır. 

Paşinyan deyir ki, “Bakı ən müxtəlif üsullarla Stepanakertlə (Xankəndi – red.) dialoqu “torpedolayır” və hər şeyə görə məsuliyyəti Dağlıq Qarabağın (?) üzərinə atmağa çalışır”. Dağlıq Qarabağ (?) ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələlər Bakı–Stepanakert (Xankəndi) dialoqu vasitəsilə, beynəlxalq mexanizm (?) çərçivəsində həll olunmalıdır. Bu məsələdə Ermənistan Respublikasının mövqe­yi dəyişməz qalır”. O, üçtərəfli Bəyanatın 7-ci bəndinin yerinə yetirilməsinin vacibi­yindən də danışıb.

“Yeddi”dən əvvəl “dörd” gəlir

Paşinyanınm son vaxtlar tez-tez mü­raciət etdiyi 10 noyabr Bəyanatının 7-ci bəndinə nəzər yetirək. Orada yazılıb: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf ra­yonlara BMT-nin Qaçqınlar üzrə Ali Ko­missarlığının ofisinin nəzarəti altında geri qayıdır”. Bəs məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara qayıtması üçün hansı şərtlər yaradılmalıdır? Onların əvvəlki ya­şayış yerlərinə dönmələrindən ötrü zəruri şərait kim tərəfindən təşkil edilməlidir? Baş nazir bundan bəhs etməyi, nədənsə, unudur. Axı buna qədər həmin bəyana­tın 4-cü bəndi yerinə yetirilməlidir. Əgər Paşinyan, doğrudan da, bu bənddə ya­zılanları unudubsa, onda yadına salaq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdiri­lir”. Yəni, iki il doqquz ay bundan əvvəl Rusiya sülhməramlı hərbi kontingenti Qarabağa ayaq basdığı zaman Ermə­nistan silahlı qüvvələrinin tör-töküntüsü Azərbaycan torpağını tərk etməli idi. Bu məsələnin indiyədək reallaşmamasında İrəvan qədər Moskvanın da məsuliyyət daşıdığını qeyd etməliyik. 

Nikol Paşinyanın hökumətin icla­sındakı məsuliyyətsiz bəyanatına Bey­nəlxalq Münasibətlərin Təhlili Mərkə­zinin rəhbəri, politoloq Fərid Şəfiyevin şərhi də maraqlı oldu: “Adı çəkilən üç­tərəfli bəyanat restoran menyusu deyil ki, orada ürəyin istədiyini seçib götürəsən. Sənəddə göstərilən bütün maddələr icra olunmalıdır. Biz görürük ki, misal üçün, Zəngəzur dəhlizi ilə bağlı doqquzuncu bənd yerinə yetirilməyib. Bundan sa­vayı, Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin Azərbaycan ərazisindən dərhal çıxarılması nəzərdə tutulan dör­düncü bənd hələ də qulaqardına vuru­lur. Xankəndi – Bakı dialoquna gəldikdə isə onu əngəlləyən Ermənistanın özü və onun Fransa kimi havadarlarıdır”.

İrəvanın faktiki olaraq yalnız Bakının təzyiqi altında müəyyən addımları atma­ğa məcbur olduğuna diqqəti yönəldən politoloq bu mənada Azırbaycanın ərazi bütövlüyünün tanınmasını misal çəkdi: “Hazırda İrəvan üçüncü ölkələrin, kə­nar qüvvələrin, beynəlxalq təşkilatların vasitəsilə Qarabağ erməniləri məsələsi­ni gündəmdə saxlamağa çalışır. Aydın məsələdir ki, onlar sülh danışıqlarının bundan sonrakı raundlarında da deyə­cəklər ki, bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma oradakı Qa­rabağ erməniləri ayrılmaq istəyirlər, çün­ki soyqırımına məruz qala bilərlər. Belə bir kampaniya artıq başlayıb. Laçın yolu üzərində sərhəd postunu yaratmağımız danışıqların dinamikasını tamamilə də­yişdirdi. Bəli, ermənilər düşünürdülər ki, Laçın yolu daim açıq qalacaq və rahat şəkildə Qarabağa silah-sursat, mina, qa­çaqmal daşıyacaqlar. Bakı Laçın postunu yaratmaqla bu təxribatın qarşısını aldı. İndi onlar yenidən bu yolu ələ keçirmək üçün Azərbaycana hər cür təzyiq göstə­rirlər. Düzdür, İrəvan tərəfdarları ilə BMT Təhlükəsizlik Şurasında özünə sərfəli sənəd qəbul etdirməkdən ötrü üç dəfə cəhd edib və yenidən buna gedirlər. He­sab edirəm ki, əgər Təhlükəsizlik Şurası onların istəyinə uyğun hər-hansı sənədə səs verərsə, bu halda Azərbaycan, ümu­miyyətlə, sülh danışıqlarında iştirakını dayandıra bilər”. 

Bakının sözü qəti, mövqeyi dəyişməzdir 

Beləliklə, həm İrəvandakı, həm də Xankəndidəki separatçılar kənar dəstək­çilərinin fitvası ilə Bakıya “meydan oxu­mağa” başlayıblar. Onları buna kimlərin və hansı məqsədlə təhrik etdiklərini Ba­kıda yaxşı bilirlər. Sadəcə bir şeyi unut­mamalarını məsləhət görərdik ki, Azər­baycan özünün suveren ərazisində istədiyini etmək hüququna malikdir. Və bu zaman kiminləsə məsləhətləşməyə ehtiyac duymur. Ortada Qərbin vasitəçili­yi ilə Azərbaycan-Ermənistan münasibət­lərinin normallaşması, sülh danışıqlarının davam etdirilməsi istiqamətində səy və təşəbbüslərin zəiflədiyi mənzərəsi möv­cuddur. Bu yöndə ikitərəfli dialoqun İspa­niyada planlaşdırılan növbəti raunduna təxminən iki ay vaxt qalıb. Ermənistan iq­tidarının o vaxta qədər danışıqlarda “söz sahibi” olmaqdan ötrü hər cür vasitəyə əl atacağı şübhəsizdir. 

Elə Azərbaycanın diplomatik müstə­vidə mövqelərinin möhkəmlənməsinə mane olmağa çalışan Xankəndidəki terrorçu rejimin sülh prosesini pozmaq üçün müxtəlif hərbi və siyasi təxribatlara əl atacağı da gözləniləndir. Son günlər Azərbaycan Ordusunun Qarabağdakı hərbi mövqelərinin tez-tez atəşə tutulma­sı hayların dediyimiz niyyətində xəbər ve­rir. Əslində, Qarabağda, bütövlükdə, böl­gədə sabitliyin pozulmasında katalizator rolunu oynayan xarici dairələrdir. Onları narahat edən məqamlardan biri ABŞ-ın və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində sülh sazişini imzalamaq üçün Ermənistan hökumətinə təzyiq göstərməsi faktıdır. Bu situasiya isə sülhyaratma prosesin­dən kənarlaşdırılan Rusiya, Fransa kimi dövlətləri qətiyyən qane eləmir. Məhz bu kontekstdə Qarabağ iqtisadi rayonumuz­da müvəqqəti yerləşdirilmiş rus sülhmə­ramlılarının gözü qarşısında Xankəndi­dəki separatçıların törətdiyi təxribatların arxasında Kremlin və rəsmi Parisin da­yandığını əminliklə söyləyə bilərik.

“Ermənistana vaxt verilməlidir”

Xankəndidəki qondarma rejimin ba­şında duranların bir qismi Bakı ilə dia­loqun əleyhinədir. O da məlumdur ki, dünyanın müxtəlif ölkələrindəki erməni diasporu Qarabağda yaşayan ermənilə­rin Azərbaycana reinteqrasiyasını istə­mir. Əvvəl Ruben Vardanyan Qarabağa Rusiyanın emissarı kimi göndərilmişdi, indi İrəvanın elçisi Samvel Babayan Xankəndidədir və Azərbaycanla dialoq təklif edir. Yaranmış mövcud durumun həm Qarabağdakı separatçılar arasın­da ziddiyyətlə, həm də Bakının Qara­bağdakı erməni vətəndaşlarla dialoq təşəbbüsləri ilə bağlayan İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı deyir ki, son vaxtlar Qa­rabağda separatçılar tərəfindən törədilən təxribatlar sülh prosesinin reallaşmasına mane olmaq məqsədini daşıyır: “Bu sə­bəbdən Bakının xüsusi əməliyyatla bağlı planı gündəmə gətirilməlidir. İrəvan kimi bəzi dairələr də Qarabağın erməni sakin­lərinin hüquq və təhlükəsizliyinin təminatı üçün beynəlxalq mexanizmlərin tətbiqini, həmçinin Laçın–Xankəndi yolunun açıl­masını təklif edirlər. Daxildə isə “Qara­bağı müdafiə komitəsi” adlı separatçı qurum yerli erməniləri gələcəkdə silah­landırıb Azərbaycana qarşı müqavimət təşkil etməyi irəli sürür. Hesab edirəm ki, erməni silahlılarının Qarabağdan çıxarıl­ması tələbi bütün kəskinliyi ilə qoyulmalı və konkret tədbirlərin həyata keçirilməsi baş verməlidir. Bu tədbirlərin zəmini artıq Brüsseldə qoyulub. 

Brüssel sülh danışıqlarında əsas mövzulardan biri məhz silahlı birləşmələ­rin Qarabağdan çıxarılması olub. Güman edirəm ki, Azərbaycan bununla bağlı Er­mənistana vaxt verməlidir. Əgər verilən müddət ərzində qarşı tərəf tələbi yerinə yetirməsə, Azərbaycan antiterror əməliy­yatı keçirə bilər. Bu ehtimalla bağlı Qa­rabağdakı ermənilər arasında gərginlik var”. 

Q.Çaxmaqlının sözlərinə görə, Qa­rabağda müşahidə edilən gərginliyin fo­nunda sülh prosesini irəli aparmaq çətin olacaq: “Çünki İrəvan ən müxtəlif istan­siyalarda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyi məsələsini qaldırır. Azərbaycan da rəsmən bəyan edib ki, öz vətəndaş­ları kimi, onların hüquq və təhlükəsiz­liyini təmin edəcək. Fəqət son olaylar onu göstərir ki, Ermənistanın özü sülhə yaxınlaşmaq fikrində deyil. Əksinə, sülh prosesinə zərbə vurmaq üçün fürsət arayır. “Humanitar böhran”, “blokada” hay-küyünü qaldıran Ermənistan bu­nunla sülh prosesinə problem yaratmaq məqsədini güdür. Separatçılar Xankəndi­nin mərkəzində aksiyalar keçirməklə ha­disələri 1988-1989-cu illərdəki vəziyyətə gətirmək istəyirlər. Ona görə də gərginlik hələ bir müddət davam edə bilər”.

“Dəfnə yarpağı”na çevrilənlər

Bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyan Qərbin Ba­kının qondarma rejimin “demontajı” ilə bağlı təklif-tələbini dəstəkləməsi daş­nak-separatçı quldur çetesinin canına qorxu salıb. Xankəndidəki xunta rejimini gözləyən qaçılmaz de-folt İrəvanı da cid­di narahat etməyə başlayır. Düzdür, Qa­rabağda yaranmış gərginlik Ermənistan hakimiyyətinə sülh sazişindən yayınmaq, vaxtı uzatmaq üçün manevr imkanları yaradır. Belə situasiyada İrəvan indi açıq dialoqdan qaçmağa, “xalçaaltı savaşa” üstünlük verməyə çalışacaq. Bu, onlar­dan ötrü strateji əhəmiyyət kəsb edən məqamdır. Axı Ermənistan hökumətinin başında duranlar yaxşı bilirlər ki, Qara­bağ məsələsinin Bakının istəyinə və bey­nəlxalq hüquqa, nəhayət, ədalətə uyğun həlli onların hakimiyyəti üçün risk yarat­mağa qadirdir. 

Deyəsən, haylar şüursuz müqavimə­tin, siyasi korafəhmliyin fəsadı olan ina­dkarlığın heç bir fayda verməyəcəyini anlamağa başlayıblar. Bunun bariz nü­munəsi kimi separatçı-kriminal rejimdə qruplaşmalararası didişməni, bir-birinə hücum çəkmələrini göstərmək olar. İndi onlar nəinki beynəlxalq qurumlar tərə­findən, hətta bu günədək güvəndikləri İrəvan tərəfindən saya alınmadıqlarını, işlənmiş əşya kimi zibil qutusuna atıldıq­larını dərk edirlər. Bəs rusla, fransızla, di­gərləri ilə şübhəli biznesə girişəndə, çirkli pulların yuyulması ilə məşğul olanda bil­mirdilər ki, su boğaza çatanda “şərikləri” onların başından basacaqlar? İrəvandakı isteblişment, eləcə də, Qərbdə və okea­nın o tayındakı diaspor-lobbi təşkilatları isə öz siyasi bizneslərində sizdən dəfnə yarpağı kimi istifadə ediblər. İndi də onu həzmə yaramayan məhsul kimi çıxarıb atırlar. Bəs siz özünüzə başqa hansı aqi­bəti hesablamışdınız?

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət