Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizdə səfərdə olan xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Haccə Lhəbibi və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyin­dən “XQ”yə bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Haccə Lhəbib ara­sında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin işti­rakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Belçika arasında ikitərəfli və çoxtərəfli format­larda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir müba­diləsi aparılıb. Bölgəmizdə yeni real­lıqlar kontekstində Belçika ilə iqtisadi, mədəni, ticarət, alternativ enerji, yük­sək texnologiyalar, tibb və əczaçılıq və s. istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları ol­duğu bildirilib.

Müzakirələr zamanı, Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın ərazilərinin işğalına, 9 şəhər və 300-dən yuxarı kəndin dağıdılmasına, etnik təmizləmə siyasətinə diqqət yönəldilib.

Postmünaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azər­baycan tərəfindən Ermənistan ilə mü­nasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açıl­ması, eləcə də sərhədlərin delimitasiya­sı istiqamətində göstərilən səylər barə­də qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sər­gilədiyini, hərbi-siyasi təxribatlar törət­diyini, öhdəliklərindən boyun qaçırdı­ğını, üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib.

Görüşdə nazir Ceyhun Bayramov tərəfindən Azərbaycan tərəfinin təşəb­büskarı olduğu sülh gündəliyi, bu çərçi­vədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermə­nistanın ziddiyyətli və təxribatçı mövqe­yi haqqında müqabil tərəfə məlumat verilib.

Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, La­çın-Xankəndi yolu ətrafında yalan iddi­alar yayması qeyd olunub. Laçın yolun­dan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərə­findən təklif olunduğu xatırlanıb.

Nazir Ceyhun Bayramov, eyni za­manda, bölgədə onilliklər boyu Azər­baycana qarşı aparılan işğalçılıq siyasətinə bəzi dövlətlərin göz yumma­sının, habelə postmünaqişə dövründə Azərbaycana qarşı aparılan qarayax­ma kampaniyasının siyasi manipulyasi­yadan başqa bir şey olmadığını diqqətə çatdırıb. Bütün bunlarla əlaqədar, böl­gədə Avropa İttifaqı missiyası kimi bey­nəlxalq təşəbbüslərin Ermənistan tərə­findən sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi vurğulanıb.

Azərbaycanın hər zaman sülh və təhlükəsizlik şəraitində, ölkəmizin ərazi bütövlüyü çərçivəsində birgə yaşayışın, inkişaf və rifahın tərəfdarı olduğu və bu istiqamətdə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Daha sonra keçirilmiş mətbuat bri­finqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlə­rin suallarını cavablandırıblar.

“Xalq qəzeti”

Siyasət