Liddellin 103 il əvvəlki məqaləsi: erməni avantürizmi və təkrarlanan tarix

post-img

Britaniyalı müəllif keçmişə ibrət işığı salır

 

Əslində 103 il əvvəl – 8 may 1920-ci ildə müəllifi Şotland Liddell olan və Britaniya həftəliyi “The Graphic”də dərc edilmiş “Ermənilər müsəlmanlara qarşı” sərlövhəli məqalədəki faktların tariximizin bir parçası olduğunu bilirik. 

Ancaq məqaləni dəyərli edən xarici müəllifin bildiklərini qələmə almasıdır. Özü də bu müəllif avropalıdır. Yazını aktual edən daha bir məqam isə ona tarixin təkrarlanması prizmasından yanaşa bilməyimizdir. 

Bəli, xalqımızın yaşadığı faciəli tarixin kiçik epizodundan söz açan britaniyalı müəllif, əslində müasir dövrümüz üçün də aktual olan məsələlərə işıq salır. Nəzərə alaq ki, 1920-ci ildə nələr olmuşdusa, XX əsrin sonlarına doğru da həmin proseslər yenidən yaşandı. Yəni, erməni millətçiliyi “aktivləşdi”. Sonrası isə məlumdur: Qarabağda təxribatlar, azərbaycanlılara qarşı basqınlar, qarətlər, quldurluqlar, nəhayət otuz ilə qədər davam etmiş işğal. 

“Ermənilər müsəlmanlara qarşı” məqaləsindən söz açacağıq, bu, öz yerində. Ancaq erməni avatürizminin təşkilatlanma tarixinə azacıq diqqət yetirək. Nəzərə alaq ki, 1920-ci ildə ermənilərin müsəlmanların başlarına açdıqları oyun daha əvvəl yaşanmışların təkrarı idi. Deyəsən, tarixin özü də amansızdır. Faciələri təkrarlamaqdan zövq alır. Bəlkə bizi ondan nəticə çıxarmadığımıza görə cəzalandırır. Deməli, nəticə çıxamalıyıq ki, cəzalanmayaq. Və deməli, hazırda Ermənistanla münasibətlər fonunda azacıq yumşaqlığa yol vermək haqqımız yoxdur. Yeri gəlmişkən, müəllif Liddell həm də o yumşaqlıqdan, yaxud sadəlövhlükdən söz açır. Bizə bir xalq olaraq baha başa gələn sadəlövhlükdən. 

Bu yerdə Prezident İlham Əliyevin 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı nitqindən bir hissəni xatırlayaq: “Bütün bu illər ərzində demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu qınamışam. Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi”. 

Bəli, əslində Liddellin yazdıqlarına diqqət yetirəndə də Prezident İlham Əliyevin illər sonra söylədikləri yada düşür. Ona görə dövlətimizin başçısının fikirlərini diqqətə çatdırmağı zəruri saydıq. Yeri gəlmişkən, ölkəmizin lideri oxşar məzmunlu çıxışını 44 günlük müharibədən əvvəl də etmişdi. Məsələn, cənab İlham Əliyev 2012-ci ildə Sumqayıta səfəri zamanı bildirmişdi ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb: “Bu tarixi sənəddir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi”.

Bəli, dediyimiz kimi, erməni avantürizminin təşkilatlanma tarixindən söz açaq. O tarixdən ki, Liddellin təsvir etdiklərinə hazırlığın rüşeymləri kimi nəzərdən keçirilə bilər. Beləliklə, XIX əsrin sonlarına doğru Şərqi Anadoluda cərəyan edən erməni terroru günlərində Rusiyanın Van, Ərzurum və Bitlisdəki konsulu olmuş general Mayevski mərkəzə hazırlayıb göndərdiyi hesabatında yazırdı ki, Osmanlı dövlətində ermənilərin, guya zülm və soyqırıma məruz qaldıqlarını Avropaya göstərmək zərurəti var idi. Mayevski xüsusi vurğulayır: “Proqram bu şəkildə idi: ancaq qan tökmək lazımdır ki, ermənilər sərbəstilik əldə etsinlər. Qan tökün ki, Avropa sizi himayə etsin”. 

Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı axarına, İrəvanın qaldırdığı hay-şivən ritorikasına diqqət yetirəndə, Mayevskinin bir əsrdən də artıq müddətdə yazdıqları yada düşür. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Yenə də haylar min oyundan çıxırlar ki, dünya onların avantürasına qol-qanad versin. Mayevski onu da xatırlayır ki, XIX əsrin sonlarına doğru Qərbin geniş dəstək verdiyi “erməni məsələsi” qəfildən yarımçıq qaldı. Ona görə ki, Osmanlını parçalamaq üçün “yunan məsələsi”nə üstünlük verildi. Nəticədə erməni terrorçuları taleyin ümidinə buraxıldılar. 

Bunadək isə Mayevskinin “Bitlis və Van Vilayətləri Statistikada” adlı hesabatı var idi. O, həmin sənəddə erməni daşnak və hnçak dəstələrinin regionda müsəlman türklərə qarşı qırğınlarını təsvir edirdi. Bildirirdi ki, ermənilər tərəfindən türklərə qarşı həyata keçirilən qətliamların səbəbkarı, əvvəl erməni inqilabçıları-daşnaklar, sonra onları qoruyan və təşviq edən bəzi xarici dövlətlərdir. 

Bəli, Qərb Osmanlıya qarşı Şərq məsələsinin davamını erməni deyil, yunan məsələsində görməyə başlayanda tale erməni millətçilərinə qarşı amansız oldu. Buna ilahi qanunauyğunluq da demək mümkündür. Çünki onların həmin illərdə Şərqi Anadoluda törətdikləri qətllərin, soyğunların, hədsizliklərin cavabı verilməli idi və verildi də. Hər halda Osmanlının öz təbəəsi olan qövmün oyunbazlığını, satqınlığını bağışlayacaq humanizmi ola bilməzdi. Bir sözlə, Şərqi Anadoludakı erməni terroru dalğasının qarşısı qətiyyətlə alındı. 

Lakin tarixin sonrakı dövrlərinə, daha dəqiq desək, XX əsrin əvvəllərindəki zaman kəsiyinə diqqət yetirəndə görürük ki, erməni avantürizmi yenə də “iş başında” olub. Məsələn, Qarsda Rus Milli Şurasının üzvü olmuş A.Semyonov yazır: “205 min müsəlmandan yalnız sərhəd zolağında qalanlardır ki, o da 50 mindən çox deyildir. Ermənilər qan və göz yaşları hesabına böyük Ermənistan yaradır”.

Tiflisdə rus dilində çıxan “Kaspi” qəzetinin 8 aprel 1915-ci il tarixli sayında dərc edilmiş yazıda jurnalist Türkiyənin Ərdahan mahalında törədilən qırğınları təsvir edirdi. Tiflisdə rus dilində dərc edilmiş illik “Qafqaz təqvim”ində isə bildirilirdi: “Türklərin 1914-cü ilin sonu və 1915-ci il ərzində məskun olduqları yaşayış məntəqələrində əhali qalmadığından, Ərdahan dairəsində 1915-ci ildə, Oltu dairəsində isə 1915-ci və 1916-cı illərdə siyahıyaalma keçirmək mümkün olmamışdı. Ümumiyyətlə, 1914-1915-ci illərdə Qars vilayətində 150 minə yaxın türk qətlə yetirilmişdir”. 

Gələk, bilavasitə Britaniya nəşrinin “Ermənilər müsəlmanlara qarşı” sərlövhəli məqaləsinə. Vurğuladığımız kimi, bu məqalə XX əsrin sonlarına doğru erməni təcavüzünün təkrarlanma mahiyyətini sübuta yetirmək baxımından əhəmiyyət daşımaqdadır. Məqalənin digər vacib tərəflərini də əvvəldə diqqətə çatdırdıq və həmin təcavüzün 1920-ci ilədək olan xronologiyasından bir-iki faktoloji fraqmenti təqdim etdik. 

Şotland Liddell erməni saxtakarlığı fonunda Qarabağın tarixi və coğrafi sərvətləri barədə söz açır. O, erməni ideoloqların bölgənin siyasi cəhətdən Azərbaycanda deyil, Ermənistanda olması barədə uydurmalarının əsassızlığını sübuta yetirir. Bildirir ki, ermənilərin həmin dövrdə Qarabağın əhalisi haqqında verdiyi rəqəmlər həqiqətə uyğun deyildi. Məsələn, Tiqran Nazaryan adlı erməni siyasi avantürizmi o vaxt iddia edibmiş ki, Qarabağda 198 min erməni, 80 min tatar var. Halbuki bölgənin müsəlman əhalisinin sayı 415 min olub. 

Liddell 1920-ci ildə qələmə aldığı məqaləsində, sanki xatirələrini yada saldığımız Mayevskinin fikirlərini təkrarlayır. O bildirir ki, erməni millətçiləri günahsız müsəlman kəndlilərini soyqırıma məruz qoydular. Bunun üçün xüsusi təbliğat vasitələrindən istifadə olundu. Britaniyalı müəllifin məqaləsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında 1919-cu ildə Tiflisdə əldə olunmuş razılıqdan da söz açılıb. Bu sözaçma isə faktiki olaraq Azərbaycanın Zəngəzuru Ermənistana güzəştə getməsinin növbəti sübutudur. 

Ancaq Liddell erməni avantürizminin xislətinə xas daha bir məqama toxunaraq bildirir ki, Azərbaycan qüvvələrinin Zəngəzurdan geri çəkilməsindən çox keçməmiş, erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə hücuma keçdilər və 40-dan çox yaşayış məntəqəsini yerlə-yeksan etdilər. Müəllif o zamankı respublikamızın məsələyə münasibətindən bəhs edərkən, yazır ki, Azərbaycan hökuməti hadisələrin belə gedişatını çox böyük üzüntü ilə qarşıladı... 

Bəli, Azərbaycan və Ermənistan arasında sülh prosesi zamanı İrəvanın yol verdiyi spekulyasiyalar fonunda tarixdə baş verənlərə nəzər salınması aktualdır. Dediyimiz kimi, eyni dalğa, eyni koordinat. Elə erməni avantürizmini dəstəkləyən qüvvələr də dəyişməyiblər. Qarşımızda isə tarixin acı reallıqlarını dəyişdirmək şansı yaranıb. Bunun üçünsə qətiyyətli və prinsipial olmalıyıq. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi də elə budur.

 

Əvəz CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 

Siyasət