Koçaryan–Sarkisyan cütlüyünün təşəbbüsü iflasa uğrayır

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 23-də Azərbaycanın 86,6 min kvadratkilometrdə ərazi bütövlüyünü tanıdığını, bura Qarabağın da daxil olduğunu bəyan etməsindən sonra onun əleyhinə böyük “cəbhə” formalaşıb. Bu “cəbhə”yə əsasən ölkənin keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın başçılıq etdikləri müxalifət düşərgəsi, daha doğrusu, Qarabağ klanı, onların hakimiyyətdə olduğu dövrdə vəzifədə işləmiş Vardan Oskanyan, habelə 2018-2019-cu illərdə Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru olmuş, hazırda parlamentdəki “Şərəfim var” fraksiyasının liderlərindən olan Artur Vanetsyan... kimi şəxslər daxildir.

Bu qaragüruha daxil olanlar son za­manlar daha da fəallaşıb və yeni təşəb­büsə başlayıblar. Söhbət Ermənistanda Qarabağla bağlı referendum keçirilməsi tələbi ilə ictimai təşəbbüs irəli sürülmə­sindən və bu məqsədlə imzatoplama kampaniyasının başlamasından gedir. “Azad Artsax – referendum” qanunveri­cilik təşəbbüsünün üzvləri Ermənistan Respublikası adından Qarabağın “öz müqəddəratını təyinetmə hüququ”ndan imtinaya cəhd edən istənilən hökumətin Ermənistanın konstitusiya quruluşuna qarşı çıxdığını vurğulayıblar. Təşəbbü­sün müəllifləri Qarabağdan imtinanın kriminallaşdırılması prosesini başlatdıq­larını və vətəndaşların dəstəyinə ehti­yac duyduqlarını bildiriblər. Başqa sözlə desək, “Hayakve” qanunvericilik təşəb­büsü Ermənistan Respublikası adından Qarabağın başqa dövlətin bir hissəsi kimi tanınmasına (?) yönəlmiş istənilən hərəkəti cinayət saymağı təklif edir.

Konstitusiya hüququ üzrə mütəxəssis Aram Orbelyan təşəbbüslə bağlı deyib ki, Ermənistan konstitusiyasında səsvermə hüququna malik ən azı əlli min vətənda­şın vətəndaş təşəbbüsü kimi parlamentə qanun layihəsi təklif etmək hüququ təsbit olunub: “Söhbət qanunvericilik prosesi­nin öhdəlik hissəsi kimi vətəndaş təşəb­büsündən gedir. Yəni, əgər 50 min Ermə­nistan vətəndaşının imzasının toplandığı təsdiqlənən kimi o, qanun layihəsi kimi qəbul olunması üçün parlamentin gün­dəliyinə daxil ediləcək”. O, əlavə edib ki, Ermənistan vətəndaşları bununla ölkə ta­rixində ilk dəfə qanun layihəsinin müəllifi olacaqlar: “Biz bu qərara baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması barə­də bəyanatından sonra gəlmişik. Əsas məqsədimiz beynəlxalq strukturlara çat­dırmaqdır ki, vətəndaşlar baş nazirin mövqeyinə qarşıdırlar və onun dediyinin əksinə olaraq, Qarabağı, anklavları Azər­baycana vermək istəmirlər”.

Qeyd edək ki, imzaların toplanması Ermənistanın bütün inzibati rayonlarında aparılır. İmza toplanılması üçün 60 gün (iyunun 21-dən avqutsun 19-dək) vaxt müəyyən olunub. Ancaq tələb olunan 50 min imzanın toplanılması indiyədək mümkün olmayıb. Təşəbbüsün icraçıla­rı onu “vətəndaş təşəbbüsü” adı altında gizlətsələr də, onun arxasında dayanan əsas qüvvə keçmiş prezident Serj Sar­kisyanın rəhbəri olduğu Respublika Par­tiyasıdır. Ona bu prosesdə Robert Ko­çaryanın qurub yaratdığı, lakin rəhbərliyi Seyran Ohanyanın etdiyi parlamentdəki “Hayastan” fraksiyası dəstək verir.

***

Sadə ermənilər isə müxalifətin bu təşəbbüsünə qarşıdırlar. “Araratnyus”un jurnalistləri İrə­van sakinlərinin bu mövzuya münasibə­tini öyrənməyə çalışaraq, onlardan imza­toplamada iştirak edib-etməyəcəklərini soruşublar. Çoxu yekdilliklə “yox!” cava­bını verib. Bu cavablar Ermənistan əhali­sinin radikal-revanşist kəsimi təşkil edən şəxslərə münasibətini üzə çıxarmaq baxımından əhəmiyyət daşıyır. İrəvan sakinlərindən biri deyib: “Əlbəttə, yox. Ona görə ki, müxalifəti ciddi qəbul et­mirəm. Onların hərəkətləri sadəcə, gülüş doğurur. Siz deyirsiniz ki, onlar Qarabağı xilas etmək istəyirlər? Qoy, ora getsinlər və xilas etsinlər”. Digər bir erməni isə bil­dirib: “Onlar utanmazdırlar, başa düşür­sünüz, utanmaz. Mən nəyə görə onların kələk klubunda iştirak etməliyəm?! Mə­gər normal və ağıllı insan buna gedərmi? Bu biveclərin başqa işi-gücü yoxdur. Ona görə də bu cür çirkin işlərlə məşğuldurlar. Siz deyirsiniz ki, onlar Qarabağı xilas et­mək istəyirlər... Qoy, onlar özlərini xilas etsinlər. Qarabağ bəhanəsi ilə hakimiy­yətə gəlməyə cəhd etmək bəsdir. Ermə­nistanın bütün bəlalarında məhz keçmiş hakimiyyətlər təqsirkardır. Amma onlar öz cinayətlərini Paşinyanın üstünə yük­ləyiblər. Onlar çirkin yollarla hakimiyyətə gələ biləcəklərinə ümid etməməlidirlər. Bu, heç zaman baş verməyəcək”.

Digər bir İrəvan sakini isə deyib: “Bu, müxalifətin ölkəyə xəyanətidir. Mə­gər Qarabağın Azərbaycanın tərkibində olub-olmayacağını “Hayakve” müəyyən edəcək?! Onların heç nəyi həll etmədi­yi dəqiqdir. Niyə bu insanlar Qarabağ haqqında əvvəllər düşünmürdülər? Onlar öz zamanlarında (iqtidarda olanda-S.H.) ancaq ölkəni qarət etməklə və oğurluqla məşğul idilər. İndi bu metodla Qarabağı xilas etmək istəyirlər?! Bu, yalandır”.

***

Qarabağ ətrafında yaranmış du­ruma sadə ermənilər kimi po­litoloqlar, ictimai-siyasi şəxslər də öz münasibətlərini bildirirlər. Nəinki N.Paşinyana yaxın olanlar, hətta müstəqil şəxslər də müxalifətin bu təşəbbüsünün iflasa uğrayacağını vurğulayırlar. Polito­loq Robert Gevondyan deyib ki, “Hayak­ve” təşəbbüsünün arxasında parlament müxalifəti dayanıb və onlar bununla daxili problemi həll etməyə çalışırlar: “Bu təşəbbüs üçün yetərli imzalar toplanılsa belə, “Hayakve” parlamentdə iflasa uğ­rayacaq. Onu da qeyd etməliyəm ki, ha­zırda Qarabağda daxili siyasi mübarizə gedir. Bu da məhz onların özünə ziyan vurur”.

Parlamentdəki “Vətəndaş razılaşma­sı” fraksiyasının deputatı Akop Aslanyan isə “24nyus.am”a müsahibəsində de­yib: “Mən bir dəfə demişəm, yenə təkrar edəcəm. Qarabağ 70 il ərzində Azərbay­canın tərkibində olub. Bütün bu illər ər­zində insanlar orada sakit yaşayıblar və heç kim onları narahat etməyib. Bəs bu gün nə baş verib? Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan da öz vaxtlarında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıblar. Keç­miş hakimiyyətlər hər zaman Azərbay­cana söz veriblər ki, onların torpaqlarını qaytaracaqlar. Bəs niyə qaytarmayıblar? Biz müharibəni bu gün uduzmamışıq. Biz 1994-cü ildən məğlub olmağa başlamı­şıq. Uzun illər keçmiş hakimiyyətlər döv­lətçiliyimizi, ordumuzu, iqtisadiyyatımızı, təhsili məhv ediblər. Onlar ölkəni tama­milə qarət ediblər, acınacaqlı quberniya­ya çeviriblər. Bu gün Arayik Arutyunyan oturaq aksiya keçirir. Bu necə olur? Qoy, əvvəlcə istefa versin, sonra bu cür işlərlə məşğul olsun. O, bununla heç nəyə nail ola bilməyəcək. Heç bir ölkə onu Qara­bağ məsələsində dəstəkləməyəcək”.

A.Aslanyan daha sonra deyib ki, son illərdə Ermənistanı bir milyona yaxın in­san tərk edib: “Bu, olduqca böyük rəqəm­dir. İnsanlarda qorxu əmələ gəlib. Onlar yeni müharibədən ehtiyat edirlər. Çoxları uşaqlarının hərbi əməliyyatların qurbanı olmasını istəmirlər. Onlar müharibədə məğlub olmuş ölkədə yaşamağı ar bilir­lər. Ona görə də buradan qaçırlar”.

Erməni politoloq Armine Adibekyan isə Paşinyanın əleyhinə olan fikirlər söy­ləyib: “Siz soruşursunuz ki, bütün ölkə Qarabağın Azərbaycanın tərkibində olmasına razıdırmı? Mən kinayə ilə de­yirəm ki, hə, əlbəttə! Nikol Paşinyan bu məsələdə heç nəyi həll etmir. O, prosesin subyekti deyil və etiraz etmək hüququnu itirib. Ona hər şeyi diktə etmək olar və o, onları icra edəcək. Böyük oyun gedir. Bu oyunda Ermənistanın maraqları qur­ban verilir. Paşinyan və onun komandası bunlara görə cavabdehdir. Yeni müharibə başlaya bilər və biz buna hazır olmalıyıq. Bizim vəzifəmiz ordunu gücləndirmək və sərhədləri möhkəmləndirmək olmalıdır. Ancaq bundan əvvəl Paşinyanı və onun komandasını ciddi cəzalandırmaq lazım­dır”.

***

Ermənistanda olduğu kimi Azər­baycanın Qarabağ iqtisadi rayo­nunda yaşayan haylar arasında da qovğa yaşanır. Bu istiqamətdə sonun­cu hadisə separatçıların “parlamentinin sədri” Artur Tovmasyanın “istefa” verə­cəyini açıqlaması olub. “Nyus.am” saytı bildirib ki, Tovmasyan “istefa”sını iyulun 27-də “parlamentin” “növbədənkənar sessiyasında” elan edəcək. “Sessiya” baş separatçı Arayik Arutyunyanın təşəb­büsü ilə çağrılıb. “İstefa”nın səbəbi Tov­masyanın səhhəti ilə əlaqələndirilsə də, onun son proseslər fonunda baş verməsi diqqətdən yayınmır. Görünür, Tovmasyan vəziyyətin həlledici qərarlar qəbul etmək tələb etdiyini düşünərək, məsuliyyətdən yayınmağa çalışır. O da bildirilir ki, artıq bu “vəzifə”nin kimə təklif olunacağı barə­də qərar qəbul edilib.

İyulun 26-da A.Arutyunyanın, guya, keçirdiyi oturaq aksiyanı dayandırdığı açıqlanıb. O, bu barədə “Facebook” sə­hifəsində məlumat verib. Əlavə edib ki, aksiya nəticəsində müəyyən nəticələr (?) əldə etdiyinə inanır.

Separatçıların “dövlət naziri” Qurgen Nersisyan isə Rusiyanın yanaşmasını dö­zülməz adlandırıb. Nersisyan sosial şə­bəkə hesabında yazıb: “Rusiyanın daim bəhanələr gətirmək və fəlakətli vəziyyətin (?) substantiv həllini təmin etməmək ya­naşması dözülməz hala gəlir. Ermənistan hakimiyyəti bəyan edib və bəyan etmək­də davam edir ki, beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu zə­ruridir. “Artsax xalqı” da başa düşür ki, dialoq danışmaq, müzakirə aparmaq, hüquqlarımızı qorumaq, regionda sülhün bərqərar olmasına töhfə vermək üçün lazımdır. Amma Rusiya xarici işlər nazi­rinin dünənki bəyanatından belə məlum olur ki, Ermənistan dialoq zamanı müza­kirə olunacaq məsələlərin spektrini artıq müəyyən edib, yaxud İrəvan Azərbay­canın təklif etdiyi müzakirə mövzusu ilə razılaşıb”.

Göründüyü kimi, separatçılar, guya, artıq hər zaman onları dəstəkləyən Ru­siyadan da narazı olduqları barədə gözə kül üfürürlər. Onlar mövcud gərginliyin başa çatmasının yeganə yolunun Azər­baycana iqtisadi və sosial reinteqrasiya­dan keçdiyini nə qədər tez anlasalar, bir o qədər yaxşı olar.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Ermənistanda müxalifətdə olan partiyaların təşəbbüsü ilə imzatop­lama kampaniyasının keçirilməsi, yaxud digər tədbirlər heç bir effekt verməyəcək. Onlar bununla həm özlərini, həm də erməni cəmiyyətini aldadırlar. Çünki buna bənzər təd­birlər əvvəllər də baş tutub. Heç bir səmərəsi olmayıb. Keçmişdə haki­miyyətdə olanlar isə hər zaman ol­duğu kimi yenə də öz mənafelərini düşünürlər. Onların erməni xalqına zərrə qədər də faydası dəyməyib. İndi bu yolla gündəmə gəlmək istəyir­lər. Ancaq unudurlar ki, onların döv­ranı keçib. Dövlət başçımızın dediyi kimi, “Miatsum” kitabı, separatizmin kitabı bağlanıb. Müstəqillik xülyası statusun dalınca gedib. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmi­şik. Qarabağ ermənilərinin dünyaya haray-həşir salmağının heç bir mə­nası yoxdur. Yeganə yol Azərbaycan qanunlarına tabe olmaq, ölkəmizin normal vətəndaşlarına çevrilməkdir. Yalnız bu halda onların bütün çətin­likləri öz həllini tapacaq.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət