(əvvəli
https://xalqqazeti.az/sosial-heyat/131774-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/128056-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/131345-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/siyaset/131524-heyder-eliyev-dersleri)
https://xalqqazeti.az/sosial-heyat/131874-heyder-eliyev-dersleri
“Rusiyanın böyük bir təyyarəsini Bakıda saxladıq”
Ulu öndərin bütün dövlətlərlə bərabərhüquqlu siyasət aparmaq bacarığı artıq dünyanın siyasi elitasının diqqətini cəlb edirdi. ABŞ-a səfəri zamanı nüfuzlu konqresmenlərin bir qrupu ilə görüşdə o, buna necə nail olduğunu belə izah etmişdi.
Heydər Əliyev: İran Azərbaycanın cənubunda olan böyük qonşumuzdur. Bilirsiniz ki, İranda təxminən 30 milyon azərbaycanlı yaşayır. Onların əksəriyyəti İranın şimal hissəsində, yəni Azərbaycan Respublikasına həmsərhəd hissədə yaşayır. Ona görə İranla insani əlaqələrimiz çox genişdir. Biz çalışırıq ki, İranla çox yaxşı münasibətlərimiz olsun. Amma Amerika Birləşmiş Ştatları ilə dostluğumuz, əməkdaşlığımız, İsrail ilə geniş müsbət əlaqələrimiz İranı çox narahat edir. Biz öz müstəqil siyasətimizi aparırıq. Bizim müstəqil siyasətimiz şimalda olan Rusiyanın da xoşuna gəlmir. Xüsusən Amerikanın, Qərbin neft şirkətlərinin Xəzər dənizinə gəlməsi Rusiyada böyük etirazlar doğurur. Regionda biz Rusiyanın, İranın və Ermənistanın sıx əməkdaşlığını müşahidə edirik. Biz nüvə silahının yayılmasının əleyhinəyik. Yuqoslaviya, Balkan böhranı başlayan zaman biz Rusiyanın böyük bir təyyarəsini Bakıda saxladıq. O təyyarə Balkanlara gedirdi və içində MİQ təyyarələri var idi. Biz əllidən artıq Rusiya vətəndaşını orada saxladıq, təyyarəni həbs etdik və nəzərdə tutulmuş aksiyanın qarşısını aldıq. Şübhəsiz ki, sonra təyyarəni Rusiyaya verdik, təslim etdik. Ancaq MİQ təyyarələrini Qazaxıstana qaytardıq. Çünki onlar Qazaxıstana məxsus idi. Mən bu barədə prezident Nazarbayevlə telefonla danışdım. Onlar bəyan etdilər ki, təyyarələri başqa yerə göndərməyəcəklər. Biz bu cəsarətli, qətiyyətli addımları atmaqla özümüzə qarşı yeni etirazlar doğurduq. Amma, eyni zamanda, biz müstəqil dövlətimizin müstəqil siyasətini ardıcıl surətdə həyata keçiririk. Düşünmürük ki, bu, bizə zərər gətirəcək, ya gətirməyəcək.
“Burada da böyük bir səhv buraxılıbdır”
Hələ Sovetlər dövründə Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsində tanınması üçün tarixi xidmətlər göstərmişdir. Müstəqilliyin ilk illərində dilimizin necə adlandırılması geniş diskussiyaya, mübahisələrə səbəb olmuşdu. Əvvəlki iqtidarın dövründə bəzən səthi, bəzən subyektiv münasibət bildirildiyi bu məsələyə ulu öndər millilik baxımından həssas yanaşmağın çox vacib olduğunu vurğulamışdı.
– 1977–78-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycanın Dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, mən həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur. Mən indi sizin vaxtınızı alıb bunların hamısını geniş danışmağa ehtiyac duymuram. Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq. Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fikirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın Dövlət dili Azərbaycan dilidir. Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda gərək onda biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Sizin bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz bunu yaza bilərsiniz. Ancaq siz nə üçün bizə mane olursunuz? Mübahisəmiz çox gərgin oldu. Hər halda biz bunu etdik.
***
Milli Məclisdə Azərbaycanın dövlət dili məsələsi müzakirə olunarkən Məclis üzvlərindən biri deyib ki, gəlin yazaq "Azərbaycanın Dövlət dili Azərbaycan türk dilidir", başqa birisi deyib ki, niyə belə yazırıq. Yazaq ki, "türk dilidir". Mübahisə gedibdir – mən bütün stenoqrama baxmışam. Kim necə çıxış edibsə, hamısı məlumdur. Mən, sadəcə olaraq, demək istəyirəm, indi buna heç ehtiyac da yoxdur, bunun indi əhəmiyyəti yoxdur. Bəlkə kimsə bununla maraqlanır, amma mən hesab edirəm ki, o qədər də maraqlı deyil. Bəli, mübahisə gedibdir. Bir qismi buna etiraz edibdir, bir qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki, yazaq "bizim dilimiz türk dilidir". Məsələ Milli Məclisdə səsə qoyularkən həmin iclasda Milli Məclisin 50 üzvündən 39-u iştirak edibdir. Onların 26-sı dilimizin türk dili kimi qəbul olunmasına səs verib, 7-si, ya 8-i əleyhinə səs verib, qalanları isə bitərəf olubdur. Beləliklə də, dövlət dilimizin adı dəyişilibdir. Hər bir şey etmək olar, əgər doğrudan da, o, həqiqətə və bizim məqsədlərimizə uyğundursa. Ancaq belə məsuliyyətli işləri çox ağıllı, bacarıqlı, eyni zamanda, xalqın iradəsinə əsaslanaraq görmək lazımdır. 1978-ci ildə qəbul olunmuş Konstitusiya ümumxalq müzakirəsindən keçibdir. Deyilə bilər ki, o vaxt sovet dövrü idi, müzakirələr formal keçirdi. Bəli, bu sözü demək olar. Ancaq müzakirələr olubdur. O konstitusiya dərc edilibdir, onun barəsində xalqın məlumatı olubdur. Nəhayət, Ali Sovetin sessiyasında həmin konstitusiya yekdilliklə qəbul edilibdir. İndi bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır. Həmin səhv ondan ibarətdir ki, əgər Milli Məclis, doğrudan da, belə bir qərar qəbul etməli olsaydı, həmin qərar qanuna, konstitusiyaya görə Milli Məclis üzvlərinin üçdə ikisi tərəfindən səs verildiyi halda qəbul olunmalı idi. Yəni, Konstitusiya qanunu sadə səsçoxluğu ilə yox, üçdəiki səsçoxluğu ilə qəbul olunmalıdır. Milli Məclisdə bu təklif səslərin üçdəikisini toplaya bilməyib. 50 deputatdan 26-sı, yəni sadə səsçoxluğu ilə, bir səs üstünlüyünə görə qəbul olunubdur. Burada da Konstitusiya qanunu pozularaq, volyuntarizm, özbaşınalıq edilərək, belə bir qanunun qəbul olunduğu hesab edilmişdir. Təəssüflər olsun ki, bu işi Milli Məclisin o vaxtkı sədri İsa Qəmbərov və o qrupa məxsus olan deputatlar ediblər. O dövrdə Azərbaycanın prezidenti olan Elçibəy də bu qanunu imzalayıbdır. Mən yenə deyirəm, bu qanunun məna və nəticəsini kənara qoyaraq, sadəcə, qanunvericilik nöqteyi-nəzərindən, dövlət məsuliyyəti nöqteyi-nəzərindən bu mühüm məsələyə nə qədər məsuliyyətsiz yanaşdıqlarını qeyd etmək istəyirəm.
***
Son vaxtlar, deyəsən, bu layihə dərc olunandan sonra hansısa bir müxalifət qəzetində oxudum ki, "bizim dilimizi vaxtilə Stalin və Mikoyan dəyişiblər, dilimizi Azərbaycan dili onlar adlandırıblar, indi də onların yolu ilə getmək istəyirik". Mən dünən onlara dedim ki, bilirsiniz, bax bunu yazan adamlar – əgər siz bu müzakirədən qaçmısınızsa və hesab edirsinizsə ki, bu, ajiotaj yaradacaq, hesab edirsinizsə elə bu yazılan qəbul olunmalıdır – üç ildən sonra, beş ildən sonra, xüsusən də Heydər Əliyev dünyadan gedəndən sonra götürüb yazacaqlar ki, "Heydər Əliyev Stalin və Mikoyanla birlikdə bizi bu yola gətirdi, yoxsa biz başqa yolla gedəcəydik". Mən bu tarixi məsuliyyətdən qorxmuram. Ancaq mən də araşdırıram. İstəyirəm ki, həqiqəti aydınlaşdıraq. Ona görə də xahiş edirəm ki, mənim bu çıxışımı vəziyyəti aydınlaşdırmaq niyyəti ilə qəbul edəsiniz. Mən bu barədə heç bir fikir söyləmirəm və heç söyləməyəcəyəm də. Mən bu fikri sizin sərəncamınıza verəcəyəm.
“Müəllim tutun, dili öyrənin”
Hakimiyyətinin ilk illərindən Heydər Əliyev hər kəsin, xüsusilə vəzifəli şəxslərin Azərbaycan dilini mükəmməl öyrənmələri barədə tapşırıq və tövsiyələrini verirdi:
– Keçmişdə ümumi işimiz belə olubdur ki, vəzifəli şəxslərin çoxu rus dilində təhsil alıb, işlərini rus dilində aparıblar. Mən bunların heç birisini günah hesab etmirəm. Keçid dövründə də insanlar müəyyən qədər bu keçid prosesində yaşayırlar, bu da təbiidir, ancaq nə qədər, neçə il lazımdır ki, vəzifəli şəxslərimiz dövlət dilimizi öyrənsinlər və biz müzakirələri də bu dildə aparaq? Birini rus dilində dinləyib ona Azərbaycan dilində cavab vermək və yaxud onunla müzakirə aparmaq mənim üçün çətin deyil. Amma, bu, hər adam üçün də asan deyil. Yenə də deyirəm, əgər keçmişdə bəziləri buna ehtiyac duymayıblarsa, amma indi bu ehtiyac var axı! Oturun, müəllim tutun, bu dili öyrənin. Axı nə qədər olar, məgər elə dünyadan bu dili bilməyə-bilməyə çıxıb gedəcəksiniz? Axı belə şey olmaz. Mən yenə də deyirəm, keçmişdə, Xalq Cəbhəsinin vaxtında bəzi insanları günahlandırırdılar ki, nə bilim, rus dilində danışmaq olmaz, düş aşağıya – mən bu şeylərin əleyhinəyəm. Mən buraya gələndən – iki il yarımdır ki, bir yerdə işləyirik hesab edirəm, – insanlara sərbəstlik vermək lazımdır. Mən də bu şəraiti yaradıram ki, kim öz fikrini hansı dildə izah edə bilirsə, etsin. Ancaq heç kəs bunu daimi bir proses kimi qəbul etməsin. Bu keçid dövrümüzün müəyyən bir elementidir. Ancaq keçid dövrünü əgər iqtisadiyyatda qısaltmaq istəyiriksə, dili mənimsəməkdə daha da qısaltmaq lazımdır. Ona görə də, mən indiyədək bunu deməmişəm, ancaq bu gün mütləq deməliyəm: dövlət dilini yaxşı bilməyən adamlar məşğul olsunlar, müəllim tutsunlar, kitab oxusunlar, başqa yollarla dövlət dilini öyrənsinlər. Mən demirəm bu gün, sabah, bir aya, iki aya, amma qısa bir müddətdə bizim hamımız bütün müzakirələri dövlət dilində aparmalıyıq. Məsələn, ordumuzda da vəziyyət belədir. Çünki keçmişdə Sovet Ordusunda olan terminlərin və s. əksəriyyəti dilimizə o qədər də çevrilməyib. Amma mən müdafiə nazirinə də göstəriş vermişəm ki, artıq vaxt keçib, təhsili də, ordunun idarəsini də, başqa şeyləri də tədricən dövlət dilimizə, Azərbaycan dilinə çevirmək lazımdır.
“Yaxşı, daha ağını çıxarmayın”
Ümummilli lider dəfələrlə sovet ideologiyasına uyğun olmayan fikirlər söyləyən, əsərlər yazan ziyalılarımızı Moskvanın qəzəbindən və təqibindən xilas etmişdi. Bu barədə ulu öndər demişdir:
– Mənim xatirimdədir, 1970-ci ildə Leninin 100 illiyi qeyd olunurdu. Azərbaycanda da biz Nəriman Nərimanovun 100 illiyini hazırlayırdıq. Çünki onlar eyni ildə – Lenin də, Nərimanov da 1870-ci ildə anadan olub. O vaxt Moskvadan gəlirdilər və mənə deyirdilər ki, bəs burada millətçilik var, burada antisovet var, burada filan var. Hər dəfə baxırdım və onlara izah edirdim. Bir dəfə Moskvadan nümayəndə gəldi ki, belə şey olarmı “Qobustan” jurnalında yazılıbdır ki, Nərimanov Lenindən də böyük adamdır. Dedim, a kişi, belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin baxım. Gətirdilər baxdım. “Qobustan” jurnalında yazıçı İsa Hüseynovun Nəriman Nərimanov haqqında bir yazısı getmişdi. Orada yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil, Lenindən də üstün bir adamdır. Mən dedim, bilirsiniz nə var, indi bu yazıçıdır, yazıbdır, sərbəst adamdır. Bu, o demək deyil ki, bizim də fikrimiz belədir. Bizim fikrimiz belə deyil. Mən birtəhər bu məsələni sovuşdurdum. Amma sonra bunlara dedim ki, yaxşı, daha ağını çıxarmayın da.
Faiq SADIQOV,
Əməkdar jurnalist