Dəfələrlə bildirmişik ki, dünyanın müxtəlif qüvvələri ermənipərəst mövqe tutanda, Ermənistan hakimiyyəti reallıqlardan uzaqlaşır və illüziyalara qapılır. Nəticədə destruktiv mövqe tutur ki, bu da elə sülh təşəbbüslərinə ziyan vurur.
Nəzərə alsaq ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesindən kənardır, Parisin erməni avantürizminə impuls verməsini, müəyyən mənada başa düşmək mümkündür. Bəs, Rusiya? Axı ölkə mövcud nizamlamada yer alır və çalışır ki, aktivlik göstərsin. Buna nə dərəcədə nail olur, onu deyə bilmərik. Fakt budur ki, Kremlin cəhdləri var.
Ancaq onu da görürük ki, hazırda Moskva, necə deyərlər, öz oturduğu budağı kəsməklə məşğuldur. Yəni, o da Fransa kimi, Ermənistan hakimiyyətinin ocağına odun qoymaq yolunu tutur. O Ermənistanın ki, Rusiyanın tənzimləmə missiyasını heçə endirmək üçün dəridən-qabıqdan çıxdığı aşkardır. Konkret olaraq desək, erməni ocağına odun qoyan isə Rusiyanın Xarici İşlər Nazirliyidir, XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovadır. Xanım sözçü bir neçə gün əvvəl bildirib ki, bəs, Azərbaycan tərəfinin Laçın dəhlizinə girişi bağlaması, guya Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının müddəalarının pozulmasıdır.
Əlbəttə, Zaxarovanın qeyri-obyektiv fikirlərlə gündəmə və qınağa tuş gəlməsi ilk dəfə deyil ki, baş verir. Belə ermənipərəst düşüncələrdən sonra təşəkkür əvəzi Ermənistanın Rusiyanı qınamaq üçün təzə nələrisə tapması da çox olub. Yəni, son dövrlər İrəvanda heç kəs Mosk-vanın rəsmi təmsilçilərinə ermənipərəstliyə görə medal verməyib. Deməli, xanım Zaxarovanın, belə demək mümkünsə, siyasi şirinliyinə ehtiyac yoxdur.
Ancaq onun vəziyyəti düzgün qiymətləndirməsi şərtdir. Yuxarıda vurğuladığımız məqama görə. Həm də o səbəbdən ki, erməni dəyirmanına su tökən açıqlamalar, sonradan Rusiyanın da maraqlı olduğu Cənubi Qafqaz regionunda yeni reallıqlar formalaşdırmaq cəhdlərini doğurur ki, bir qayda olaraq, bu siyasi düzən düşüncəsində Rusiya üçün yerin nəzərdə tutulmadığı faktdır. Ermənistan hakimiyyəti Rusiya rəsmilərinin onlara ötürdükləri pası dəyərləndirmək yerinə, bunun yaratdığı üstünlüyü Qərb platformasına daşımaqla məşğuldur.
Daha bir məqam isə Zaxarovanın Laçın yolundakı şərti sərhəddə nəzarət- buraxılış məntəqəsinin bağlanmasını zəruriləşdirən cəhətləri saya salmamasıdır. Axı məntəqə Azərbaycan əsgəri ilə yanaşı, həm də rus sülhməramlı kontingentinin hərbçilərinin atəşə tutulmasına görə qapadılıb. Bakının mövqeyi qətidir: “Baş vermiş insident üzrə təqsirkar müəyyənləşdirilməyənədək, sərhəd bağlı qalacaqdır.” Burada haqsız heç nə yoxdur. Ancaq biz gördük ki, İrəvan insident səbəbindən Moskvanı haqsız çıxartmaq istədi. Rusiyanın Ermənistandakı səfiri XİN-ə çağırıldı və ona rəsmi etiraz bildirildi.
Bəli, indiki durumda Zaxarova tam haqsızdır. Birincisi, Rusiyanın məlum sərhəd hadisəsini araşdırmaq niyyətindən bəhs etmir, birtəfəli mövqe tutur. İkincisi isə həmin üçtərəfli bəyanata məhəl qoymayanın, böyük hesabla Ermənistan olduğuna diqqət yetirmir. Hər halda atəş qarşı tərəfdən açılmışdı...
Digər tərəfdən, Rusiya XİN-in rəsmisi deyə bilərdi ki, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğu Kremlin üstündə əsdiyi üçtərəfli bəyanata ziddir. Necə də desin? Axı Rusiya sülhməramlıları həmin dəstələrə silah-sursat daşınması prosesini müşayiət ediblər. Yəqin, indi bunun qarşısı kəsildiyindən, Zaxarova Bakını pozuculuqda ittiham edir. Başqa nə düşünək?
Hərçənd, onu da düşünə bilərik ki, Rusiya əlindən çıxardığı Ermənistana yenə də yarınmaq istəyir və buna görə də Zaxarovanın timsalında İrəvanın illüziyasına qol-qanad vermək yolunu tutur. Axı Moskvanın erməni sevdası bitib-tükənməzdir. Kreml dairələri onlardan uzaqlaşan “Ermənistan qatarı”nın yenidən geri dönəcəyini səbirsizliklə gözləyəcək qədər miskin və aciz duruma düşməkdən zövq alırlar. Çox güman ki, xatirələrdə yaşamağı xoşlayırlar...
Sonda onu da bildirək ki, Laçın yolu boyunca hərəkəti tamamilə açmağa çağıran M.Zaxarova, həmçinin tərəfləri üçtərəfli sazişlərə ən yüksək səviyyədə ciddi əməl etməyə, Laçın yolunda təhlükəsizliyin təminatında təmkini qorumağa və məsuliyyətli olmağa çağırıb. Göründüyü kimi, xanım XİN sözçüsü açıqlamasında Rusiyanın hər iki ölkə arasında, guya, paritet saxlamaq taktikasına sadiq qaldığını da göstərmək istəyir. Onun sözucu da olsa, Azərbaycana və Ermənistana birlikdə səslənməsi bunun göstəricisidir. Əlbəttə, bu, heç bir halda erməni təəssübkeşliyini pərdələyə bilməz.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”