Qatilə azadlıq, dumanda yolunu azana 20 il cəza

post-img

Ermənistan məhkəməsi 2003-cü il təvəllüdlü əsir hərbçimiz Axundov Hüseyn Əhliman oğlunu 20 il həbs cəzasına məhkum edib. Rəsmi İrəvan əsir hərbçimiz üzərində qurduğu qondarma məhkəmə zamanı Hüseyn Axundovu Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirib. 

Xatırladaq ki, bir müddət öncə Hüseyn Axundov 2004-cü il təvəllüdlü Bəbirov Aq­şin Qabil oğlu ilə birlikdə dumanlı hava şə­raitində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində yolu azmış və məhdud görmə sə­bəbindən qarşı tərəfə keçmişdi. Həmin vaxt həbs edilən hərbçilərimiz “Ermənistanın döv­lət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunsa da, bir müddət sonra Hüseyn Axundova qarşı yeni – tamamilə absurd bir ittiham irəli sü­rüldü. O, erməni gözətçisini qətlə yetirməkdə ittiham edildi ki, məqsəd hərbçimizin uzun­müddətli həbsi üçün hüquqi zəmin yaratmaq, habelə Azərbaycan əsgərinin beynəlxalq are­nada qatil obrazını formalaşdırmaq idi. 

Ermənistan beynəlxalq konvensiyaları saymır

Ermənistan məhkəməsinin əsir hərbçimiz Hüseyn Axundovu heç bir əsas olmadan 20 illik həbsə məhkum etməsi, rəsmi İrəvanın əsgərimizə qarşı sərgilədiyi növbəti vəhşilik nümunəsi oldu. Qeyd edək ki, hər iki hərb­çimiz əsir alınan zaman amansız işgəncələrə, ağır fiziki zorakılığa məruz qalmışdır. Əsgər Hüseyn Axundovun qanunsuz saxlanılması­na hüquqi bəraət qazandırmağa çalışan ermə­nilər onu heç bir əsas olmadan qətldə ittiham edir ki, bu da beynəlxalq konvensiyaların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Av­ropa Konvensiyasının 3-cü maddəsində ay­dın şəkildə göstərilir ki, kimsəni işgəncəyə, qeyri-insani rəftara məruz qoymaq olmaz. Hansı ki, Ermənistanın hər iki əsir hərbçi­mizə münasibətdə beynəlxalq hüququn bu tələbini kobud şəkildə pozdugunu əks etdirən foto-video faktlar mövcuddur. 

Konvensiyanın 6-cı maddəsində bildiri­lir ki, ədalətli məhkəmə araşdırması hüququ­na malikdir və kimisə bu hüquqdan məhrum etmək yolverilməzdir. Halbuki, əsgər Hüseyn Axundovun üzərində qurulan qurama məh­kəmə prosesi ilə “ədalətli məhkəmə” ifadəsi arasında hansısa uyğunluq tapmaq mümkün deyil. 

Konvensiyanın 14-cü maddəsində vurğu­lanır ki, “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxış­lar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı-seç­kilik olmadan təmin olunmalıdır”. Halbuki, Ermənistanın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının da bu maddəsini kobud şə­kildə pozması, sırf etnik-milli amillər səbəbi ilə azərbaycanlı əsirlərin hüquqlarına qəsd etməsi göz önündədir. 

Əsir əsgərimiz üzərində oyuncaq məh­kəmə prosesinin qurulması və heç bir fakta söykənmədən onun 20 il müddətinə azadlıq­dan məhrum edilməsi Cenevrə Konvensiyası ilə də ziddiyyət təşkil edir. 

Dünya ictimaiyyətini aldatmaq cəhdi...

Ermənistanın əsir Hüseyn Axundovu uzun müddətə azadlıqdan məhrum etməsi, insan hüquqlarının pozulması ilə yanaşı, həm də beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Rəsmi İrəvan qondarma məhkəmə prosesi ilə göstərməyə çalışır ki, guya, əsir hərbçimiz Ermənistan ərazisinə məqsədli şəkildə– di­versiya törətmək niyyəti ilə daxil olub və bu əsnada da erməni gözətçisini qətlə yetirib. 

Dumanlı havada yolu azan hərbçimizi qatil kimi qələmə vermək Azərbaycan əsgə­rinin vəhşi, mülki şəxslərə belə aman ver­məyən qorxunc obrazını formalaşdırmağa hesablanıb. Məqsəd həm də Ermənistanın həyata keçirdiyi sərhəd təxribatlarına görə bütün məsuliyyəti Azərbaycanın üzərinə qoymaqdan, təmas xəttindəki gərginliklərin ölkəmizdən qaynaqlandığı fikrini beynəlxalq ictimaiyyətə sırımaqdır. 

Unutmaq olmaz ki, Ermənistan bey­nəlxalq ictimaiyyətin aldadılması, yalanın həqiqət kimi təqdim olunmasında zəngin təc­rübəyə malikdir və bu təcrübədən günümüz­də də gen-bol istifadə etməkdədir. 

Seymur ƏLİYEV

Siyasət