“Buzları əritməyə” yönəlik 2 gün

post-img

Ukrayna münaqişəsi başlanandan ABŞ və Çin arasında soyumaqda olan diplomatik münasibətlərin normallaşacağına ümidlər vəd edən görüş baş tutdu. Məhz Ukraynada xüsusi hərbi əməliyyatlara baş vuran Rusiyaya fərqli münasibətləri səbəbindən iki supergücün mövqeyində yumşalmaya doğru atılacaq addımları Qərbdə olduğu kimi, Şərqdə də gözləyənlər az deyildi. Deyəsən, qarşılıqlı anlaşmaya yönəlik cəhdlər fayda verməyə, ikitərəfli münasibətlərdə yaranan buzlar əriməyə başlayır. İki ölkənin rəsmiləri iki gün ərzində keçirilən danışıqlardan ciddi qərarların qəbulunu gözləməsələr də, təmasların əsas məqsədinin iki ölkə arasındakı “yüksək hərarətli siyasi münasibətlərin” yumşaldılması və sabitliyin bərpası olduğunu qeyd ediblər.

ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Hua Cunying ABŞ rəsmilərinin səfərin­dən məmnun olduqlarını və bu səfərin İn­doneziyada keçirilən G20 Sammitində bir araya gələn ABŞ Prezidenti Co Bayden və Çinin dövlət başçısı Si Cinpin tərəfin­dən razılaşdırıldığını bildirib. Çin diplo­matının sözlərindən bu nəticə hasil olur ki, A.Blinkenin bu səfərini iki supergüc arasında münasibətləri yaxşılaşdırmaq istiqamətində razılaşmanın ilk addımı saymaq olar. 

* * *

Əslində, A.Blinkenin Pekinə səfə­ri cari ilin fevral ayına planlaşdırılmışdı və bu barədə rəsmi açıqlama da veril­mişdi. Amma Çinə aid olduğu deyilən casus şarının Birləşmiş Ştatların hava məkanına daxil olmasından sonra səfər təxirə salınmışdı. Pekinə ikigünlük səfə­ri çərçivəsində A.Blinken öncə Çinin xarici işlər naziri Qin Qanq, daha sonra Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyası ofisinin direktoru Vanq Yi ilə görüşüb. İyunun 19-da günün ikinci yarısında ÇXR Sədri Si Cinpin ABŞ Dövlət katibinin baş­çılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Zamanın dəyişdiyini, dünyaya yeni Çin-Amerika münasibətlərinin lazım ol­duğunu yüksək qonağın diqqətinə çat­dıran Si Cinpin bəşəriyyətin gələcək perspektivlərinin və taleyinin Pekin və Vaşinqtonun bir-biri ilə uzlaşmasının düzgün yolunu tapmalarından asılı oldu­ğunu vurğulayıb. Çin lideri hər iki ölkə­nin qarşılıqlı tərəqqisi və birgə çiçəklən­məsi naminə planetin geniş ərazisinin kifayət etdiyini söyləyərək, çinlilərin də amerikalılar kimi fərdi ləyaqət hissinə, özünə, öz gücünə söykənən özünəina­ma malik olduqlarını və hamının yaxşı yaşamağa haqqı çatdığını qeyd edib: “İki ölkənin ümumi maraqlarına xüsusi əhəmiyət vermək vacibdir. Tərəflərdən birinin əldə etdiyi uğurlar digər tərəf üçün təhdid deyil, əksinə, yaxşı şansdır. Cənab Dövlət katibi, ümid edirəm ki, bu səfərinizin sayəsində siz Çin və Amerika arasında münasibətlərin sabitləşməsinə daha müsbət töhfənizi verəcəksiniz”. 

Birləşmiş Ştatların Çinlə münasibət­lərinə daim məsuliyyətlə yanaşdığını bəyan edən Antoni Blinken bu səfərin prezident Co Baydenin təşəbbüsü ilə baş tutduğunu Si Cinpinin diqqətinə çat­dırıb: “Cənab Prezident məndən Pekinə getməyimi xahiş elədi. Çünki o hesab edir ki, ABŞ və Çinin üzərində bizim mü­nasibətlərimizin idarə olunmasına görə öhdəlik və məsuliyyət var. Bu, həm Bir­ləşmiş Ştatların və Çinin, həm də bütün dünyanın marağındadır. İki gün ərzində bizim xarici işlər naziri Qin Qanq, xarici əlaqələr komissiyası ofisinin direktoru Vanq Yi ilə səmərəli görüşlərimiz oldu. Biz ikitərəfli və qlobal məsələlərin geniş dairəsini müzakirə etdik. Sizinlə bundan sonrakı fəaliyyətimizi müzakirə etmək imkanını isə yüksək qiymətləndirirəm”. Yüksək səviyyəli Pekin dialoqu ilə bağ­lı Çin və ABŞ mediasının şərhlərinə əsasən deyə bilərik ki, bu görüş ilin sonu­na qədər iki supergüc liderləri arasında sammitin keçirilməsinə yaxşı təməl rolu­nu oynaya bilər. 

P.S. ABŞ-dan Çinə sonuncu diploma­tik səfər 2018-ci ildə keçmiş dövlət katibi Mayk Pompeo tərəfindən olub.

 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət