Azərbaycan–Türkiyə: qardaşlıq fəlsəfəsində müştərək güc və yeni hədəflər

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərindəki qalibiyyətindən sonra ilk dövlət səfərini Azərbaycana reallaşdırması dostluq və qardaşlıq əlaqələrimizin yüksək inkişafının göstəricisi olmaqla yanaşı, həm də Ankaranın strateji hədəflərindəki Azərbaycan amilinin bütün dünyaya yüksək səslə bəyan edilməsidir. Digər tərəfdən, cənab Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdikləri fikirlər yaşadığımız coğrafiyanın gələcək düzəni ilə bağlı yetkin təsəvvür formalaşdırmaq baxımından son dərəcə vacibdir. 

Əlbəttə, Türkiyə və Azərbaycan dünya miqyaslı enerji layihələrində müştərək hərəkət xətti və milli maraq­ların uzlaşdırılmasına yönələn qarşı­lıqlı fəaliyyət həyata keçirməkdədirlər. Dövlətlərimiz bu nöqteyi-nəzərdən dünyaya nümunədir. Nümunəvilik qar­daşlığımızın və dostluğumuzun qarşı­sında yeni üfüqlər və imkanlar açır. Bu birgə hərəkət trayektoriyasını müəy­yənləşdirən isə ortaq gücümüzdür. 

Gücümüz niyyətlərimizin gerçək­ləşdirilməsi əzminə söykənmiş son dərəcə böyük, qarşısında duruş gə­tirilməsi mümkün olmayan, eyni za­manda, hazırkı beynəlxalq münasi­bətlər düzənini şərtləndirən reallıqdır. Bu reallığı birlikdə, necə deyərlər, alın tərimiz və zəhmətimizlə, gərgin əməyimizlə, usanmaz enerjimizlə ya­ratmışıq. Azərbaycan və Türkiyə Pre­zidentlərinin istər təkbətək, istər geniş tərkibdə keçirdikləri görüşlər, istərsə də mətbuata birgə bəyanatlarında açıqla­dıqları məqamlar da bunu söyləməyə əsas verir. Qətiyyətlə deyə bilərik ki, Ərdoğanın Bakı səfəri gücümüzün təntənə anları kimi tarixə düşdü. Bu möhtəşəmliyə şahidliyimizdən sevinir, qürur və fəxarət hissi keçiririk. 

Azərbaycan Prezidenti cənab Ərdoğana 44 günlük müharibə zamanı Türkiyənin göstərdiyi mənəvi və siya­si dəstəyə görə bir daha təşəkkürünü bildirdi. Əslində dövlətimizin başçısı türkiyəli həmkarı ilə hər görüşündə özünün təşəkkür ritorikasına sadiqliyi ilə seçilməkdədir. Bu, sıradan məsələ deyil. Onsuz da ölkələrimiz arasında­kı mövcud bağ bir-birinə qarşılıqsız dəstəyi rəhbər tutacaq mənəvi olimp statusundadır. Nəzərə alaq ki, qarşı­lıqsız dəstək təkcə yaşadığımız döv­rün xarakterik mənzərəsini vurğulayan amil deyil. Tarixən də Azərbaycan və Anadolu türkləri özlərini bir-birlərinə bir köynək yaxın hiss ediblər. Hər zaman yardımlaşıblar, pis və yaxşı günlərdə həmdəm olublar. 

Hazırda Prezident İlham Əliyevin müharibə mövzulu təşəkkür məntiqi isə əslində daha çox gücün təntənəsinin vurğulanmasıdır. Bu vurğulanma dün­yaya mesajdır. Ümumən, Ərdoğanın Bakı səfəri həmin mesajın ən müxtəlif istiqamətlərdə bir daha çatdırılması, Türkiyə və Azərbaycanın milli maraq və mənafelərinin dönməzliyinin ayrı-ayrı təzahürlərinin əminliklə bəyan edilməsi baxımından müstəsna hadisədir. 

***

Bəli, Türkiyə və Azərbaycan qar­daşlığı müştərək gücün, qətiyyətin və iradənin qarşısında dirəniş və duruş gətirilməsinin mümkünsüzlüyünün geniş və məzmunlu ifadəsini tapdığı, dünyanın axarına təsir göstərə bilən müasir regional faktordur. Gücün, haqqın və ədalətin təntənəsinin bariz nümunəsi olan İkinci Qarabağ müha­ribəsindən sonra gözlərimiz önündə dayanan ilk hadisə isə Şuşa Bəyan­naməsinin imzalanmasıdır. Buna görə də Prezident İlham Əliyev həmin sənə­din ərsəyə gəlməsindən iki il ötdüyünü xüsusu vurğuladı. Onun xatırlatması birliyimizi, böyüklüyümüzü və həmrəy­liyimizi gözü götürməyənlərə, regionda çeşidli fitnə-fəsadlar törədib Azərbay­canın gücü hesabına formalaşmış yeni siyasi düzənə, reallıqlara qarşı təhdid yaratmaq niyyətinə düşənlərə tutarlı cavabdır. 

Türkiyə Vətən müharibəsi ta baş­layandan bitənədək Azərbaycanın ya­nında oldu. Lakin müharibədən sonrakı siyasi dramatizmə, xüsusən də ölkəmi­zin Ermənistanla münasibətlərinin, elə­cə də sülh danışıqları müstəvisindəki olayların ayrı-ayrı məqamlarına diqqət yetirəndə görürük ki, Ankara yaşanmış proseslərdə bilavasitə iştirakçı kimi təmsil olunmadı. O, hazırda Bakı–İrə­van tənzimlənməsinin Qərb, Rusiya for­matlarının müxtəlif məzmun çalarların­dan uzaq təsir bağışlamaqdadır. Amma ilk baxışdan nəzərə çarpan budur. 

Birincisi, artıq dünyada hər kəs, o cümlədən, Ermənistan və havadarları, Cənubi Qafqaza maraq göstərən bö­yük güclər yaxşı anlayırlar ki, Azərbay­can elə Türkiyə deməkdir, Türkiyə isə Azərbaycan. Deməli, Ankaranın qeyd etdiyimiz müstəvidəki bilavasitə işti­rakçılığına bir o qədər ehtiyac yoxdur. Həm də ona görə ki, Türkiyənin qar­daşlığı ölkəmizin maraq və mənafelə­rinin fundamentallıq təbiətinin təminat paktıdır. Yəqin elə buna görədir ki, An­kara Azərbaycan–Ermənistan münasi­bətlərinin hazırkı tənzimləmə vektorun­da birbaşa görünməsə də, ölkəmizə qarşı çıxan qüvvələrin ictimai rəyi Bakı ilə gərginliklər fonunda istər-istəməz Türkiyəni yada salır, şüuraltı şəkildə ölkənin bu və ya digər məqama reak­siyasını hesablayırlar. Daha doğrusu, hesablamaq, hesablaşmaq məcburiy­yətindədirlər. Qətiyyətlə söyləyə bilə­rik ki, 44 günlük müharibə dönəmində olduğu kimi, ondan sonra da pozucu, destruktiv qüvvələrin Azərbaycana mü­nasibətdə böyük ölçüdə “qırmızı xətlə­ri” keçməyə cəsarət göstərməməsinin səbəbi məhz Türkiyədir. 

***

Prezident İlham Əliyev cənab Ərdoğanla mətbuata birgə bəyana­tında Şuşa Bəyannaməsinə toxuna­raq bildirdi ki, bu sənədlə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bütün dünya onu da yaxşı bilir ki, hər iki ölkə uzun illərdir müttəfiqlər kimi fəaliyyət göstərirlər. “...ancaq Şuşa Bə­yannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ mühari­bəsinə son nöqtəni qoymuşdur”.

Bəli, Şuşa Qarabağın tacı olmaqla yanaşı, eyni zamanda Azərbaycanın haqq davasının rəmzidir. Dünyanın böyük gücü kimi Türkiyənin hazırda diplomatik müstəvidə gedən bu dava­dakı ağırlıq payının mənəvi nöqtəsi də bu müqəddəs şəhərimizdir. Belə nəti­cəyə gəlirik ki, Ankaranın Azərbaycan–Ermənistan münasibətləri kontekstin­dəki ayrı-ayrı maraqlı tərəflərin ortaya qoyduqları manevr xəttini izləyərək, həmçinin öz ağırlığını və sanbalını qoruyaraq nümayiş etdirdiyi sükutu, məhz Şuşa müstəvisində pozması və açıq mesaj səsləndirməsi adi məsələ sayılmamalıdır. 

Gəlin, cənab Ərdoğanın Prezident İlham Əliyevlə geniş tərkibdəki gö­rüşdə bu mövzuda nələri bildirdiyinə nəzər salaq: “Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt aç­mağa hazırıq. Hakan bəy (Türkiyənin Xarici İşlər naziri Hakan Fidan nəzər­də tutulur - red), bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilər­sə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır”.

Ankaranın ali təmsilçisi Ermənista­na və havadarlarına xəbərdarlıq edir– Azərbaycana yanaşmada hər hansı yolverilməz davranış onu hərəkətə gə­tirəcəkdir. Bu mənada, Prezident İlham Əliyevin Türkiyənin və Azərbaycanın bundan sonra da xarici siyasət sahə­sində vahid mövqedən çıxış edəcəyini vurğulaması, əslində cənab Ərdoğanın mənəvi anlam daşıyan fikrini bir növ tamamlamaqdadır. Nəzərə alaq ki, İran Ermənistanın Azərbaycana yaxın böl­gəsində – Qafanda açdığı konsulluqla, İrəvana hər an hərbi məzmun qazana biləcək siyasi dəstəyini ortaya qoymuş­du. Deməli, Şuşada Türkiyə Konsullu­ğu hərbi müttəfiqliyimizin təsdiqi olan Şuşa Bəyannaməsinin həm mənəvi, həm də siyasi qalası kimi meydanda olacaqdır. 

***

Azərbaycan Prezidentinin bildirdiyi kimi, “Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlə­dən, bölgənin inkişafı, sabitliyi və təh­lükəsizliyi nöqteyi-nəzərindən Türkiyə–Azərbaycan birliyi amili çox önəmlidir”. Elə isə Ərdoğanın bu fikirlərinə də diqqət yetirək. “Bir millət, iki dövlət” dü­şüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolu­muza davam edəcəyik. Şuşa Bəyan­naməsinin müddəalarını da, inşallah, bundan sonra da uğurla həyata keçir­məyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik”.

Bəli, qərarlılıq və güzəştsizlik. 44 günlük müharibə zamanı Türkiyə Pre­zidenti bu vacib xüsusiyyətləri sərt formada ifadə etmişdi. Onun savaşa digər güclərin qoşula bilməsi ehtima­lını önləmək üçün “atamızın oğlu olsa belə, yol vermərik” şəklində səsləndir­diyi bəyanatını xatırlayaraq və yuxa­rıda diqqətə çatdırdığımız iqtibasını nəzərə alaraq deyə bilərik ki, Ankara güzəştsizlik xəttini davam etdirir. Bu isə o deməkdir ki, onun müharibədən sonrakı zaman kəsiyində Azərbaycan–Ermənistan münasibətlərinin tənzim­lənməsi fonunda yaşadığımız Cənubi Qafqaz regionunda baş verən proses­lərə münasibətdə zahirən susqunluq təsiri bağışlayan yanaşmasına hakim kəsilən yalnız səbr və təmkindir. Bir daha vurğulayaq ki, bu keyfiyyətlər müasir Türkiyənin böyüklüyünü və əzəmətini təsdiqləməkdədir. 

Onu da nəzərə alaq ki, ötən müd­dətdə kiçik qardaş kimi Azərbaycan da regional siyasət meydanında həm də Ankaranın maraq və mənafelərinin ifa­dəçisi kimi olub, bu siyasətə qloballıq qazandırmağı bacarıb. Diqqət yetirək, dövlətimizin başçısı mətbuata bəyana­tında regional inkişaf və təhlükəsizlik baxımından Türkiyə amilinin rolunu qabardır. Deməli, Azərbaycanın regio­nal hədəfləri, eyni zamanda Türkiyənin hədəfləridir və ya əksinə. 

***

Bir daha güc amilinə qayıdaq. Hə­dəfləri reallaşdırmaq gücdən asılıdır. Cənab İlham Əliyev gücün həlledici­liyi üzərində dayanır. Buna görə pre­zidentlər Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Qərargahının açılışını edirlər. Bu yerdə dövlətimizin başçısının vurğuladığı bir məqamın üzərində dayanmaq şərtdir: “Bugün­kü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönə­mində görmüşdük və aparılan müza­kirələr, danışıqlar heç bir nəticəyə gə­tirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıra­caq”.

Azərbaycan və Türkiyə regionda gücün hədəfinin inkişaf və tərəqqi ol­duğunu bəyan edir və onlar bu birgə si­yasət dəst-xəttinə sadiqliklərini göstə­rirlər. Bir halda ki, beynəlxalq hüquq işləmir, haqqın və ədalətin bərpası alə­ti rolunda çıxış edən də məhz gücdür. Deməli, Prezident İlham Əliyev yuxa­rıda diqqətə çatdırdığımız fikri ilə həm də onu vurğulayır ki, 30 illik işğala son qoyan əzm və iradə bundan sonra da müştərək Türkiyə və Azərbaycan gücü kimi özünün diktə mahiyyəti ilə davamlı olacaq, habelə getdikcə daha çox rasi­onallıq qazanacaqdır. 

Diktəmiz bütövlükdə region xalq­larının maraq və mənafelərinin təmi­natı naminədir. Prezidentlərin gələcək rifah üçün Zəngəzur dəhlizinə önəm vermələri isə müstəsna əhəmiyyət daşımaqdadır. Cənab İlham Əliyevin bildirdiyi kimi: “Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müs­bət təsir göstərəcək”.

Bəli, Zəngəzur dəhlizi qlobal nəq­liyyat habı kimi mütləq açılacaq. Nəinki Azərbaycan və Türkiyə vətəndaşla­rının, bütövlükdə region xalqlarının daha da inkişafına və tərəqqisinə yönələn nəhənglik qazanacaqdır. Bu nəhəngliyin qarantı iki qardaş ölkədir. Azərbaycan üçün bu dəhliz 30 il ərzin­də uğradığı haqsızlığın təzminatıdırsa, Türkiyəyə gəldikdə, o, özünün qlobal miqyasda oynadığı rolun mükafatını almalıdır. Əlbəttə, başlıca məsələ or­taq Turan xətti və Zəngəzur dəhlizi ilə ümumən Türk dünyasının bir-birinə qovuşması məfkurəsinin reallığa çev­rilməsidir. 

Əsas məqam xəyalların gerçək­ləşməsidir. O xəyallar ki, Türk dünya­sının böyük mütəfəkkirlərinin, ideya adamlarının baxışlarından süzülüb bu günümüzədək gəlib çıxmaqda, mənə­vi-siyasi məzmun qazanaraq müasir­ləşməkdədir. Əminik ki, hazırda ulu öndərlər – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ruhları şaddır. Böyük fikir dühaları, Turan sevdalıları – Əli bəy Hüseynzadənin, Ziya Göyalpın, Yusif Akçuranın, Ömər Faiq Nemanza­dənin, Yusif Nihal Atsızın və başqaları­nın ruhları da həmçinin.

*** 

Nəzərə alaq ki, Türk dünyasının çiçəklənməsi böyük coğrafiyada yaşa­yan insanların dinc və əmin-amanlıq mühitində ömür sürmələri ümumən bəşəriyyətə ədalət töhfəsidir. Bu gün Azərbaycan və Türkiyə qlobal bey­nəlxalq arenada nümayiş etdirdikləri böyük əzmlə bu töhfəni özlərinin ya­şam və varlıq düsturuna çevirməkdə, ümumbəşəri zənginlik epopeyasına imza atmaqdadırlar. Ona görə də cə­nab Ərdoğan Bakıdakı çıxışında yaşa­mın, varlığın və dinamik inkişafın yeni yolu sayılan Zəngəzur dəhlizindən söz açaraq vurğulayır: “Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyi­miz Zəngəzur dəhlizi məsələsini, in­şallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər av­tomobil yolu, istərsə dəmir yolu ilə bağ­lı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılma­sı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək”.

Türkiyə Prezidenti özünün dolğun mesajlı, kifayət qədər konkret məzmun daşıyan Bakı manifestində yolun mə­dəniyyət hadisəsi olduğuna dair fikirləri ilə, öz yolunu özü açmanın Azərbay­can nümunəsinə müstəsna dəyər ver­di. Hesab edirik ki, qardaş ölkə liderinin təəssüb və rəğbət dolu bu dəyəri ortaq tariximizdə özünə mütləq vətəndaşlıq hüququ qazanacaq müstəsna qədir­bilənlik nümunəsidir. İyirmi il əvvəlki Bakını və bugünkü Qarabağı düşündü­yünü deyən cənab Ərdoğanın irəli sür­düyü baxışlar ölkəmizin keçdiyi yolun məşəqqətlərini və məhrumiyyətlərini anladır, o yolu hamarlaşdırmaq üçün göstərdiyimiz dirənişi və müqaviməti gözlərimiz önündə canlandırır: “Bax, öz göbəyinizi özünüz kəssəniz, addım atarsınız. Sağ olsun, İlham qardaşım bunu bacardı. Millət olaraq bunu ba­cardınız və indi də bu səviyyəyə gəl­diniz”. 

Türkiyə liderinin Azərbaycanın öz hədəflərinə qətiyyətlə, uğura dərin inam hissi bəsləməklə çatdığını Zən­gəzur dəhlizi müstəvisində vurğulama­sı, ölkəmizin belə bir böyük nəqliyyat dəhlizinə haqqının çatdığının dünyaya uca səslə bəyan edilməsi idi. Qardaş Türkiyə hər zamankı kimi haqqın tərə­findədir. Onu da xüsusi vurğulayaq ki, Ərdoğanlı müasir Türkiyə, eyni zaman­da, Azərbaycan və azərbaycanlıların timsalında, türk-müsəlman toplumu­nun haqqının müdafiəsi kimi müqəd­dəs missiyası ilə bütövlükdə tarixi türk dövlətçiliyi mirasının – Osmanlı ruhu­nun və rəşadətinin şərəfli daşıyıcısı qismində çıxış etməkdədir. 

***

Nə mutlu türküm deyənə. Türkiyə dövlətinin əsas prinsiplərindən biri, təhsil sahəsində istiqamətverici ideoloji ifadə sayılan bu deyimi xatırlatmağımız heç də təsadüf sayılmamalıdır. Çünki Rəcəb Tayyib Ərdoğan Bakı səfəri za­manı bildirdi: “Əziz qardaşım İlham Əli­yevə və azərbaycanlı qardaşlarımıza göstərdikləri bu qonaqpərvərliyə görə də şəxsən öz adımdan və heyətim adından çox təşəkkür edirəm. Hazırda atdığımız və atacağımız addımlardan biri də Türkiyə–Azərbaycan Universite­ti məsələsidir. Bu məsələ ilə əlaqədar Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni bu gün nəzərdən ke­çiriblər. Qanuni prosedurun vacibliyi­ni isə İlham qardaşım ifadə etdi. Bu məsələni də tez bir zamanda həyata keçirərək, İnşallah, Türkiyə ilə Azər­baycan arasında belə bir universitetin qurulmasına nail olacağıq”.

Dahi Nizami deyirdi ki, qüvvət elm­dədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Deməli, Tür­kiyə–Azərbaycan Universiteti ideyası­nın reallaşması ilə Azərbaycan və Tür­kiyənin ortaq gücü, qüvvəsi və qüdrəti özünün elmi fundamentallıq məqamına da yetişəcəkdir. Buna görə də əminliklə deyə bilərik ki, ölkələrimiz böyüyərək, həm gələcəklə bağlı paradiqmaları dəyişdirəcək, həm də yeni şanlı yollar müəyyənləşdirəcəkdir. Türkiyə–Azər­baycan qardaşlığı “Bir millət, iki dövlət” anlayışı ilə gələcəyə doğru şərəflə ad­dımlayacaqdır. 

 

Əvəz CAHANGİROĞLU,
“Xalq qəzeti”

Siyasət