Türkiyəli alimlər Geologiya və Geofizika İnstitutunda

post-img

İstanbul Texniki Universitetinin Mədən Yataqları fakültəsinin Neft və Təbii Qaz bölməsinin professoru Ömər İnanç Türeyen, Mədən Yataqları və Geokimya fakültəsi Mineraloji-Petroqrafik bölməsinin professoru Emin Çiftçi, Mühəndislik fakültəsinin professoru Erol Kam və digər qonaqlar Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda olublar.

İnstitutun baş direktoru, akademik Akif Əlizadə Elm və Təhsil Nazirliyinin dəvətilə Bakıya gəlmiş alimləri elm müəssisəsi, burada aparılan tədqiqatlar, Azərbaycan elminə mühüm töhfələr vermiş alimlər, institutda gənc alimlərin yetişməsi prosesi, elmi nəşrlər, perspektivlər və s. haqqında məlumat verib. Baş direktor, həmçinin, qonaqları maraqlandıran sualları cavablandırıb. Görüşdə birgə fəaliyyətin mümkünlüyü barədə də müzakirələr aparılıb.

Sonra qonaqlar institutun laboratoriyalarında elmi tədqiqat işləri, müasir avadanlıq və cihazların iş prinsipi ilə yaxından tanış olublar. Müvafiq şöbə rəhbərləri həmkarlarını aparılan işlər haqqında  məlumatlandıraraq onları maraqlandıran sualları cavablandırıblar.

Türkiyəli qonaqlar sonra institutun Geoloji-Mineraloji Muzeyində olublar və xatirə şəkli çəkdiriblər.

 

Anar ƏLİ,

“Xalq qəzeti”

Siyasət