Türkiyədə seçkilər: 28 maya 2 gün qalır

post-img

Avropa və Asiya qitələrinin qovuşduğu əlverişli coğrafi məkanda yerləşən Türkiyə dünyanın siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri sayılır. Son 20 ildə qardaş ölkə böyük inkişaf və tərəqqi yolu keçib. Rəsmi Ankaranın qlobal səviyyədə gücü və nüfuzu çox artıb. Bu gün Türkiyənin mövqeyi ilə dünyanın ən böyük gücləri belə hesablaşır. 

İyirmi-otuz il əvvəl isə belə deyildi. Hər halda Türkiyə siyasi və hərbi cəhətdən indiki qədər qüdrətli deyildi. Mayın 14-də bu ölkədə keçirilən ümumi seçkilər onun nüfuzunun daha da yüksəlməsinə səbəb oldu. Qərb, eləcə də bütün dünya gördü ki, Türkiyə yüksək seçki mədəniyyətinə malik olan sivil, demokratik bir dövlətdir. 

14 may seçkilərində parlamentin yeni tərkibi seçilsə də, dövlətin ali postunun gələcək sahibinin adını müəyyən etmək mümkün olmayıb. Çünki prezidentliyə id­diaçı dörd namizəddən heç biri mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi, “50 plyus bir səs” toplaya bilməyib. 

Türkiyədə prezident seçkilərinin mayın 28-nə təyin olunmuş ikinci turunda hansı siyasi blokun liderinin qalib gəlməsindən çox şey asılıdır. Ona görə ki, bir-biri ilə kəskin rəqabət aparan “Cümhur İttifaqı” ilə “Millət İttifaqı”nın ölkənin gələcək inki­şafı ilə bağlı proqramlarında ciddi fərqlər var. Belə ki, Rəcəb Tayyib Ərdoğanın li­deri olduğu birinci blok Türkiyəni daha çox müstəqil siyasət həyata keçirən qüdrətli dövlət olaraq görmək istəyirsə, ana müxa­lifətin rəhbəri Kamal Kılıçdaroğlunun baş­çılıq etdiyi ikinci blok ölkənin gələcəyini daha çox Qərb institutları birgə sıx əmək­daşlıqda təsəvvür edir.

Seçkiilərin nəticələri həm Türkiyənin özündə, həm də onun yaxın-uzaq çevrə­sində ictimai-siyasi proseslərin istiqamə­tini dəyişə bilər. Türkiyənin taleyini dü­şünən, buna məsul olan insanlar bunun fərqindədir və onlar hadisələrin dövlətin milli maraqlarına uyğun inkişafını təmin etməyə çalışırlar.

Türkiyə dövlətinin başçısı R.T.Ərdo­ğan dünən Sivas şəhərinə gələrək bura­dakı Cümhuriyyət Meydanında yüz min­dən çox tərəfdarı qarşısında çıxış edib. AKP lideri seçicilərə müraciət edərək deyib ki, o, bu vaxta qədər Sivasda belə coşqu dolu, möhtəşəm tədbirin şahidi ol­mayıb. Prezident həmçinin əmin olduğunu bildirib ki, sivaslılar bazar günü də “sandıq başına” keçərək eyni həvəs və şövqlə səs verəcəklər. 

Qeyd edək ki, 14 may seçkilərində Sivasdan seçilən beş millət vəkilindən dördü məhz “Cümhur İttifaqı”nın namizəd­ləridir. Sivaslılar prezidentliyə namizədlər arasında da R.T.Ərdoğana daha çox “oy” (səs-müəllif) veriblər. AKP lideri şəxsinə göstərilən bu diqqət və qayğıya görə Si­vas sakinlərinə dərin təşəkkürünü bildirib, eyni zamanda qeyd edib ki, bazar günü seçkilərdə fəal iştirak etmək çox önəmlidir.

R.T.Ərdoğan Sivasdakı nitqində vur­ğulayıb ki, o, aprelin 26-da Ankara–Sivas yüksək sürətli dəmir yolu xəttinin açılış mərasimində şəxsən iştirak etməyi plan­laşdırsa da, həmin ərəfədə sağlıq duru­munda yaşanan problemlər səbəbindən tədbirə qatıla bilməyib. Dövlət başçısının təbriklərini sivaslılara həmin gün vitse-pre­ident Fuat Oktay çatdırıb. 

Dövlət başçısı çıxışında əhaliyə xoş bir müjdə də verib. Belə ki, hökumətin qə­rarı ilə Ankara-Sivas yüksək sürət qatarı bir ay müddətində sərnişinlərə ödənişsiz xidmət göstərəcək. Yeri gəlmişkən, bun­dan sonra sivaslılar yüksək sürət qatarı ilə Ankaraya 2 saata, İstanbula isə 6 saata çata biləcəklər. 

Qeyd edək ki, ümumi uzunluğu 405 kilometr olan Ankara–Sivas dəmir yolu Yerkoy stansiyasından Kayseriyə qədər uzadılacaq. Ayrıca bir xətt isə Ərzincana, Ərzuruma və Qarsa qədər inşa ediləcək. Sonda isə adıçəkilən dəmir yollu xətləri Bakı–Tbilisi dəmir yolu xəttinə birləşdirilə­cək. 

Bir sözlə, yaxın gələcəkdə Londondan çıxan sərnişin dəmir yolu ilə Türkiyə üzə­rindən Pekinə qədər gedə biləcək. R.T.Ər­doğan vurğulayıb ki, Dəmir İpək Yolu ad­landırılan bu xətt bölgəyə rifah və sabitlik gətirəcək. 

Dövlət başçısı CHP lideri Kamal Kılıç­daroğlunun Azərbaycanı bu marşrutdan kənarda qoymaq niyyətini kəskin tənqid edib. Bildirib ki, Qarabağı, Zəngəzur dəh­lizini “unudan” müxalifətçi siyasətçidən fərqli olaraq, iqtidar Azərbaycanla bağlı öz qardaşlıq missiyasını bundan sonra uğur­la davam etdirəcək.

Sivasdakı çıxışı zamanı R.T.Ərdoğan seçkilərin ilk turunda prezidentliyə na­mizəd olmuş Sinan Oğana 28 mayda AKP liderini dəstəkləməklə bağlı qərarına görə bir daha təşəkkür edib. Qeyd edib ki, sa­yın S.Oğan iqtidarın terrorizmlə mübarizə, türk dünyasını gücləndirmək istiqamətlə­rində, eləcə də əhalinin rifahının yüksəl­məsi naminə gördüyü uğurlu işləri yaxşı bilir. 

Qarşıdakı bazar günü keçiriləcək pre­zident seçkilərinin ölkənin tarixi inkişaf və tərəqqisində “yeni qapılar açacağı­nı” bildirən R.T.Ərdoğan böyük əminliklə Türkiyənin bundan sonra da möhtəşəm zəfərlərə doğru uğurla yol gedəcəyini vur­ğulayıb. 

Sonra isə “Türkiyə Əsri”nin həyata ke­çirilməsi naminə yorulmadan çalışacağını vəd edən dövlət başçısı “millətimiz bizə daha beş il də yönətimə icazə versə, çox işlər görəcəyik” deyib. Qarşıya qoyulan yüksək vəzifələr, seçki proqramı bənd-bənd izah və şərh olunub. Beləliklə, Tür­kiyədə təhsildən sağlamlığa, nəqliyyatdan enerjiyə, sənayedən aqrar sektora, tu­rizmdən idmana qədər hər sahədə önəmli addımlar atılacaq. 

Bu arada sosial şəbəkələrdə İraqın şimalındakı Kəndil dağlarında gizlənən PKK quldur dəstələrinin başçısı CHP li­deri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmək üçün tərəfdarlarına göstəriş verdiyini əks etdirən sensasiyalı video yayılıb. K.Kılıçdaroğlu, öz növbəsində, bunun həqiqətə uyğun olmadığı ilə bağlı bəyanatla çıxış edib. 

Bu günlər ərzində CHP lideri də se­çicilərlə vaxtaşırı görüşlər keçirir, onları mayın 28-də fəallıq nümayiş etdirməyə çağırır. Yeri gəlmişkən, “altılı masa”nın üzvləri birinci mərhələdə olduğu kimi, ikin­ci turda da K.Kılıçdaroğlunu dəslədiklərini bəyan ediblər. 

ATA İttifaqının tərkibində olan Zəfər Partiyasının rəhbəri Ümid Özdağ seç­kilərin ikinci turunda K.Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib. Bir sözlə, bu gün Türkiyədə siyasi qüvvələr nisbəti, kimin kimin yanında olduğu artıq bəlldir. Lakin seçkilərdə son və həlledici sözü, əlbəttə, seçicilər deyəcəklər. 

Bəli, Türkiyə tarixinin ən möhtəşəm və taleyüklü seçimlərindən bizi cəmi iki gün ayırır. Əminik ki, müdrik türk xalqı mayın 14-də olduğu kimi, iki gündən sonra, ma­yın 28-də də bir daha yüksək seçici fəal­lığı nümayiş etdirərək ən layiqli namizədə səs verəcək. Xeyirlisi olsun, əziz və doğ­ma Türkiyəm! 

 

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

Siyasət