Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin Minsk toplantısında əsas mövzu koalisiya əməkdaşlığı məsələləri olub. Bu barədə məlumat verən KTMT-nın mətbuat katibi Vladimir Zaynetdinov onu da bildirib ki, toplantı iştirakçıları KTMT-yə üzv ölkələrin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışları və təhdidləri, eləcə də böhrana cavab sisteminin daha da təkmilləşdirilməsi inkanları ilə bağlı məsələləri müzakirə ediblər.
V.Zaynetdinovun sözlərinə görə, KTMT-nin Minsk toplantısında kollektiv təhlükəsizlik sisteminin silahlı qüvvələr və vasitələrinin komandanlıq-nəzarət orqanlarının, birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıq, digər məsələlərlə bağlı sənədlər nəzərdən keçirilib.
Məlumatda o da qeyd olunur ki, Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə keçən iclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və koalisiyanın Birləşmiş Qərargah rəisi Anatoli Sidorov iştirak ediblər. Koalisiyaya üzv ölkələrin müdafiə nazirləri Şurasının Minsk toplantısında Ermənistanı təşkilatın Birləşmiş Qərargahındakı nümayəndəsi Artak Tonoyan təmsil edib.
Minskdə KTMT-yə üzv ölkələrin müdafiə nazirləri Şurasının iclasında çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan tərəfinin KTMT çərçivəsində keçirilən operativ və hərbi hazırlıq üzrə birgə tədbirlərdə iştirakının vacibliyini bildirib.
“Ermənistan təşkilatımızın üzvüdür, bizim müttəfiqimizdir. Biz öz tərəfimizdən Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlıyıq və bundan ötrü mümkün olan hər şeyi edirik. Bu zaman Ermənistanın KTMT çərçivəsində birgə operativ və hərbi hazırlıq üzrə tədbirlərində iştirakının vacibliyini xüsusi qeyd etmək istərdim”, – deyə Şoyqu vurğulayıb. Çıxışında Сənubi Qafqazdakı mövcud vəziyyətə, Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesinə toxunan S.Şoyqu hazırda bölgədə təhlükəsizliyin Rusiya sülhməramlıları tərəfindən təmin edildiyini, həmçinin Qərbin duruma müdaxilə və regionda iştirakını artırmaq cəhdlərinə də toxunub: “Qərbin məqsədi bölgədə sülhə və uzunmüddətli sabitliyə nail olmaq deyil, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaqdır”.
Yeri gəlmişkən, məlumata bir zəruri əlavəni etməyi lazım bilirik. Bir müddət bundan əvvəl rəsmi İrəvan KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edəcəyi, hətta bu qurumdam çıxacağı barədə açıqlama yaymışdı. Bununla bağlı Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini Dmitri Novikov Ermənistan rəhbərliyinin diqqətinə “bəzi incə məqamları”, konkret fakt və sübutları çatdırmışdı. O, hərbi koalisiyadan çıxmağın Ermənistanın maraqlarına heç də cavab vermədiyini bildirmiş, Paşinyan hökumətinə belə bir qərarı qəbul etməzdən öncə ölkəsinin mənafeyi barədə ciddi düşünməyi tövsiyə etmişdi.
Düzdür, açıqlamasında Moskvanın Ermənistana edə biləcəyi təzyiqləri barədə bir söz deməsə də, D.Novikovun yuxarıdakı sözlərini Kremlin Nikol Paşinyana ciddi ismarıc-xəbərdarlığı kimi dəyərləndirmək lazımdır. Aydın məsələdir ki, Dumanın komitə sədrinni müavini KTMT üzvlüyündən çıxmağın Ermənistan dövlətinin maraqlarına cavab vermədiyini söyləməklə, həm də bunun müqabilində Rusiyanın İrəvana qarşı atacağı adekvat addımlarını nəzərdə tuturdu. Yəqin KTMT-nın Minsk toplantısında iştirak etməklə Ermənitan iqtidarı buraxdığı yanlışlığın üstünü örtməyi düşünüb.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”